Prezident qayğısının növbəti nümunəsi

Prezident qayğısının növbəti nümunəsi

Prezident İlham Əliyevin inkişaf strategiyasının əsas göstəricilərindən biri də vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsidir. Dövlət başçısının martın 28-də açılışında iştirak etdiyi Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin yaradılması bir daha göstərdi ki, vətəndaşlara keyfiyyətli xidmət sahəsində işlər davamlı şəkildə aparılır.
Cəmiyyətin tərəqqisi ilə yanaşı, sosial həmrəyliyini təmin edən əsas şərtlərdən biri vətəndaşı düşündürən problemlərin vaxtında həll edilməsi, hər bir insanın dövlət strukturlarına olan müraciətlərinə çevik və ədalətli münasibətin ortaya qoyulmasıdır. Ələlxüsus söhbət sosial dövlətdən, sosial cəmiyyətdən gedirsə, burada vətəndaşı narahat edən məsələlərə daha diqqətlə yanaşılması olduqca vacibdir. Çünki məhz bu kimi məsələlərin kökündə insanların dövlət orqanlarına inamının və etimadının formalaşması dayanır.
Bütün bunlar ilk gündən Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdir. Dövlət başçısının idarəçilik fəaliyyətində diqqəti çəkən üstün məqamlardan biri onun hər zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev regionlara səfər proqramlarında vətəndaşlarla görüşlərə xüsusi yer ayırır, onları hər zaman dinləyir. Son dərəcə səmimiyyət fonunda keçən bu görüşlər cənab Prezidentin vətəndaşların qayğılarına və problemlərinə həssas münasibətini nümayiş etdirir. Bu da onu göstərir ki, İlham Əliyev üçün insan amili bütün məqsədlərin fövqündə dayanır.
Hələ illər öncə “Bizim siyasətimiz şüar, boş-boş vədlər, reallığı əks etdirməyən bəyanatlar deyildir. Bizim siyasətimiz konkret işlərdir. Hər bir insanın qayğısına diqqət yetirmək, hər bir insanın, hər bir rayonun problemini çalışıb həll etməkdir” deyən dövlət başçısı bütün fəaliyyəti boyu daim bu prinsiplərə sadiq olduğunu təsdiqləyib. Elə buna görə də Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin simasında özlərinin ən yaxın hamisini, güvənc yerini görür və bununla da fəxr edirlər.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev vətəndaşların ərizə, şikayət və təkliflərinə qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddətlər ərzində və obyektiv baxılmasını, onların haqlı tələblərinin təmini sayəsində zəruri tədbirlərin görülməsini bütün dövlət orqanları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən edib.
Dövlət başçısının vəzifəyə təyin etdiyi bütün dövlət məmurları qarşısında da qoyduğu əsas vəzifələrdən və tələblərdən biri vətəndaşlara layiqli, dürüst və şəffaf xidmət göstərməkdir. Təbii ki, hər bir dövlət məmuru vətəndaşların müraciətlərinə baxılması sahəsində də öz məsuliyyətini dərk etməli, səlahiyyətlərini vicdanla yerinə yetirməlidir.
Prezident İlham Əliyevin vətəndaşlara hər zaman layiqli xidmətin göstərilməsi barədə təşəbbüslərindən irəli gələrək Azərbaycanda hökumət-vətəndaş münasibətlərində daha çevik mexanizmlərin tətbiqi istiqamətində addımların atılması həmişə diqqət mərkəzində olub. İndiyədək “ASAN xidmət” mərkəzlərinin və digər innovativ mexanizmlərin formalaşdırılması ilə vətəndaşlar onlara göstərilən keyfiyyətli xidmət nümunələrinin şahidinə çevriliblər.
Təbii ki, dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların qəbul edilməsini və müraciətlərinə baxılmasını təmin etməlidirlər. Bütün bunlar Azərbaycanın qanunvericiliyi ilə yüksək səviyyədə təsbit olunub. Azərbaycan Konstitusiyasının 57-ci maddəsinə əsasən vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək hüququ var. O cümlədən hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Bu sahədə ən gözəl nümunəni isə Azərbaycan Prezidentinin Administrasiyası yaradır. Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətləri hər zaman diqqətlə araşdırılır, qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər görülür.
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin yaradılması isə vətəndaş müraciətlərinə baxılmasını yeni keyfiyyət mərhələsinə yüksəldir. Mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər. Burada fəaliyyət göstərəcək könüllülər də bu prosesdə vətəndaşlara yardımçı olacaqlar.
Mərkəzdə tətbiq olunan yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır. Burada ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi var.
Vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılan mərkəzdə bütün bu vəzifələrin yerinə yetirilməsi üçün hər cür şərait mövcuddur.
Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, problemlərinin vaxtında həll edilməsi ölkəmizin inkişafına, cəmiyyətimizin rifahına xidmət edən əsas tələblərdən biridir. Bu baxımdan innovativ yeniliklərin tətbiq olunduğu Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Müraciətlərə baxılmasının yeni keyfiyyət mərhələsinə yüksəldilməsi isə həm də vətəndaşlara ali qayğının növbəti nümunəsidir.

Abıyev Əhəd Mikayıl oğlu,
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı
Mədəniyyət