Paşinyan Türkiyə ilə əlaqələr qurmağa məcburdur - Başqa yolu YOXDUR!

Paşinyan Türkiyə ilə əlaqələr qurmağa məcburdur - Başqa yolu YOXDUR!

“Erməni xalqı div yuxusuna gedib. Nikol Paşinyan haradasa məsuliyyət hiss edərək öz xalqını oyatmağa çalışır. Demək istəyir ki, bu cür davam etməkdən və məsələyə revanşist yanaşlardan gələcək üçün yaxşı nəticə gözləməyə dəyməz. Erməni xalqı Türkiyə ilə münasibətlərə hazır olmalıdır və buna ehtiyacları var. Paşinyan bunu deməyə çalışır”.

Bunu Reyting.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün hökumətin iclasında Türkiyə ilə münasibətlər qurmağa hazır olmaları barədə verdiyi açıqlamanı şərh edərkən professor Rüstəm Məmmədov deyib.

Rüstəm Məmmədov əmindir ki, Nikol Paşinyan bunu yalnız söz xatirinə demir, bunun ardınca müəyyən fəaliyyətə başlayacaq: “Söhbət ondan gedir ki, Paşinyan hökuməti bu prosesi sürətlə aparmaq istəyir, amma erməni xalqının şovinizmindən ehtiyat edirlər”.

Professor xatırladıb ki, Paşinyan daha geniş nəticələr əldə etmək üçün Türkiyə ilə danışıqlar aparmağa hazır olduğunu bildirib. Bu, onu göstərir ki, erməni hökuməti reallığı dərk etməyə başlayıb: “Hesab edirlər ki, bunun üçün ilk növbədə erməni xalqını ayıltmaq, ona başa salmaq lazımdır ki, düşmənçilik Ermənistana yaxşı mənada heç bir fayda gətirməyəcək”.

R. Məmmədov əlavə edib ki, erməni xalqının Türkiyə və Azərbaycanla münasibətlərə böyük ehtiyacı var: “Paşinyan əslində bunu sübut etəyə çalışır. Eyni zamanda anlatmaq istəyir ki, Türkiyəyə qarşı düşmən mövqedə durmaq Ermənistana müsbət heç nə vermir. Əksinə, sərhədlərin açılması, əlaqələrin qurulması bu ölkəyə qazanc gətirə bilər. Bu mənada əminəm ki, Paşinyan Türkiyə ilə əlaqələrin qurulması üçün addımlar atacaq. O, buna məhkumdur”.

Professor burada Rusiyanın da xüsusi rola malik olduğunu güman edir. Onun fikrincə, əslində Rusiya bu üç ölkəni barışdırmaq istəyir: “Rusiya buna gedəcək. Ruslar maraqlıdır ki, onun cənub hissəsində sabitlik olsun.

Birincisi, bölgədə sabitliyin olması və Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin qurulması ermənilərin Rusiyaya köçünün qarşısını alan faktordur. Çünki bu, Rusiya üçün demoqrafik problemlər yaradır.

İkincisi, Rusiya başa düşür ki, yollar açılsa, Rusiya iqtisadiyyatı böyüyəcək. Üstəlik, Ermənistan da bundan müəyyən dvidentlər götürə biləcək. Həm də anlayır ki, bu işə öncədən boyun olub və onu sona çatdırmalıdır”.
Mədəniyyət