Koronavirus pandemiyasının başladığı andan Prezident İlham Əliyevin infeksiya ilə səmərəli mübarizənin təmin olunması üçün beynəlxalq platformaların yaradılması təşəbbüsü ilə çıxış etməsi dünyada böyük rəğbətlə qarşılanmışdır. Xüsusilə də Azərbaycan liderinin təşəbbüsü ilə ilk dəfə koronavirusa qarşı mübarizə istiqamətində beynəlxalq səylərin səfərbər olunması dünya birliyində müsbət reaksiya doğurmuşdur. Bu il mayın 4-də keçirilən Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü zamanı BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsü ilə çıxış etməsinin dünya dövlətləri tərəfindən dəstəklənməsi bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin bu təşəbbüslə çıxış etməsi qlobal həmrəyliyə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın beynəlxalq ictimaiyyətin məsuliyyətli və bəşəri dəyərlərinin fəal müdafiəçisi kimi statusunu da gücləndirəcək.
Siyasi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan, həm də dünya dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətləri formalaşdırmaq, o cümlədən, beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələri yaratmaq istiqamətində mühüm addımlar atması ilə fərqlənir. Xüsusilə də fərqli sivilizasiyalar, mədəniyyətlər, dinlər arasında anlaşma, həmrəylik yaradılması istiqamətində nümunəvi fəaliyyət nümayiş etdirən ölkəmiz koronavirus infeksiyasının pandemiya elan edilməsindən sonra dünyada yaranan qlobal problemin həllinə kömək etmək üçün qlobal təşəbbüslərlə də çıxış edir. Bu mənada, Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifinin 130-dan çox ölkə tərəfindən dəstəklənməsi xüsusi qeyd olunmalıdır.
Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü çox məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət doğurur, qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirməsi müxtəlif beynəlxalq platformalarda alqışlanır. Təsadüfi deyil ki, Azərbaycan COVID-19-la mübarizə məqsədilə indiyədək qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım göstərmişdir.
Şübhəsiz, COVID-19 infeksiyasının yaratdığı pandemiya reallığı ilə əvvəllər heç bir ölkə qarşılaşmamışdır. Buna görə də, pandemiya indi dünya üçün ümumi bəla və ciddi imtahan sayılır. Hazırda bu vəziyyət bütün bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalmaqdadır. Bütün ölkələrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, vəziyyət hələ də mürəkkəb olaraq qalmaqda davam edir. Mütəxəssislər də belə düşünürlər ki, COVID-19 infeksiyası, sadəcə, pandemiya deyil, həm də bəşəriyyətə qarşı başlanmış bir müharibədir. Belə bir vəziyyətdə də dünyanın görünməyən təhlükəli düşmənə qarşı vahid cəhbədə səmərəli mübarizə aparması üçün həmrəylik göstərməsinə böyük ehtiyac var. Məhz bu reallığı həmişə doğru qiymətləndirən Prezident İlham Əliyevin digər təşəbbüsləri ilə yanaşı, qlobal həmrəylik nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdür və bu təklifin 130-dan çox dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiya ilə mübarizəyə həsr edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, daha sonra mayın 4-də Qoşulmama Hərəkatının təmas qrupunun videokonfrans formatında keçirilən zirvə görüşlərinin nəticələri də sübut etdi ki, Azərbaycanın koronavirusla mübarizədə dünyanı bir araya gətirmək təşəbbüsləri konkret nəticə verir.
Hazırda bütün dünyanın COVID-19 pandemiyasına qarşı, sözün əsl mənasında, vuruşduğu bir zamanda bu qlobal təhlükə ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi məqsəd kimi ön plana çıxır. Bu məqsədə nail olunmasında Azərbaycanın xüsusi fəallıq göstərməsi hamıya məlumdur, ölkə başçısının təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində koronavirus pandemiyası ilə mübarizə mövzusunda yüksək səviyyəli onlayn zirvə görüşləri keçirmiş və bu qlobal bəla ilə mübarizədə, həm də onun təsirlərinin azaldılmasında dövlətlərarası əməkdaşlığın, koordonasiyanın və həmrəyliyin rolu və əhəmiyyəti müzakirə olunmuşdur. Bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması isə dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcəyi şübhə doğurmur. Bundan başqa, belə bir fikir də irəli sürülür ki, Baş Assambleyanın xüsusi sessiyası koronavirus pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə imkan yaradacaq.
Xüsusilə qeyd etmək vacibdir ki, Prezident İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizənin ayrılıqda deyil, birlikdə mümkün olduğunu vurğulayır. Hamı da anlayır ki, hazırda pandemiya ilə mübarizədə birgə əməkdaşlıqdan başqa yol da yoxdur. Buna görə də, Azərbaycan lideri belə bir tarixi təşəbbüslə çıxış etdi.
Qeyd etmək yerinə düşər ki, BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar da BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Xatırladaq ki, BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir. Təklif Nyu-Yorkda QH-a 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılmışdır. Bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlanmışdır. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni, iyunun 27-dək təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdi. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə) təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Həmin müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışdır ki, bunu da Azərbaycanın belə mötəbər təşkilat daxilində böyük diplomatik uğuru kimi qiymətləndirmək olar.
Təbii ki, bu təşəbbüsün yüksək dəstək qazanması Azərbaycana və Prezident İlham Əliyevə olan beynəlxalq inam və etimaddan qaynaqlanır. Heç kimə sirr deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı məsuliyyətli tərəfdaş kimi qiymətləndirirlər. Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir və dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Belə dəstəyin göstərilməsi həm də onunla bağlıdır ki, dünya indiki halda səylərin birləşdirilməsinin, birgə addımların atılmasının, təcrübə mübadiləsi aparılmasının fonunda həmrəylik sərgilənməsinin bəşəri bəlanın neytrallaşdırılmasında önəmli olduğunu anlayır. Bu mənada, ölkə başçısının dediyi kimi, koronavirus pandemiyası bəşəri təhlükə olduğu üçün qlobal cavab tələb edir. Ən əsası, Prezident İlham Əliyevin bu təşəbbüsünün beynəlxalq dəstək alması həm də onu göstərir ki, ölkə başçısı Qoşulmama Hərəkatının sədri kimi qlobal səviyyədə özünün liderlik missiyasını müvəffəqiyyətlə həyata keçirir.
Bir sözlə, Prezident İlham Əliyevin bəşəriyyət üçün əhəmiyyətli olan təşəbbüsünün dəstəklənməsi dünyanı çənginə almış COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olmaqla yanaşı, Azərbaycanın dünya birliyinin məsuliyyətli və bəşəri problemlərin həllində çevik davranan ölkə olduğunu da təsdiqləyir. Bu təşəbbüsə Ermənistanın qarşı çıxması da heç bir əngələ səbəb olmadı. Əksinə, bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, işğalçı Ermənistan bu təşəbbüsə qarşı çıxış etməklə özünü rüsvay etdi.
Güloğlan Səfərov,
Nizami rayon Mənzil Sanitar təmizliyinin rəisi