Sumqayıt şəhər 18-ci mikrorayon ev 24-ün sakinlərinin problemi var.
Xeberle.com-un məlumatına görə, söhbət binalarının arxa tərəfində quraşdırılan qarajlardan söhbət gedir.
Belə ki, binanın bir qrup sakini bildirir ki, ərazidə quraşdırılan qarajların ətrafı zibillik yuvasına, natəmizlik mənbəyinə çevrilib.
Bina sakini Gülnarə Zamanova deyir ki, ötən ilin sentyabr ayının 26-da Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcovun qəbulunda olub. İcra başçısı Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Babək Hüseynova problemin həll olunması ilə bağlı tapşırıq da verib: "Buraya zibil atılır, tualet əvəzi istifadə olunur. Biədəb hərəkətlərin pəncərəmin qarşısında baş verir. Dəfələrlə keçmiş icra nümayəndəsinə müraciət eləmişik. Bu adamla bacarmırıq, öhdəsindən gələ bilmirik deyir, kimə istəyirsiniz müraciət edin. Biz də icra başçısı ilə görüşdük və problemi nəzərinə çatdırdıq. Babək Hüseynova tapşırıq verilsə də bu günə kimi icra olunmur. Babək Hüseynov isə bizə dedi ki, mən onu eləməyəcəm, hara istəyirsiniz müraciət edin. Bu yaxınlarda qarajlardan birinin sahibi əraziyə gəlib bizimlə çox kobud şəkildə rəftar etdi. Dedi ki, kimə istəyirsiniz şikayət edin, qaraj buradan götürülməyəcək".
Digər şikayətçi Mina Hançarova da binanın arxasında olan qarajların onları narahat etdiyini bildirib.
Cavanşir Abbasov isə vəziyyəti belə nəql edir: "Yığışırlar burda araq içirlər, iynə vururlar, pis-pis işlərlə məşğul olurlar. Pəncərələrin qabağıdır, hamı görür, bilir. Yiyələrinə də neçə dəfə deyilib. Deyirlər qanunidir. Amma burada qanuni heç nə yoxdur. Hamısı qeyri-qanunidir".
Ərazidə olan qarajların kimə məxsus olduğunu araşdırdıq. Qarajlardan birinin Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsinin keçmiş əməkdaşı Şəmşad Həsənovun, digərinin isə Sumqayıt şəhər Bələdiyyəsinin hüquq şöbəsinin keçmiş müdiri Təmreyxa Babayeva məxsus olduğu məlum oldu. T. Babayev Sumqayıt bələdiyyəsinin keçmiş sədri Əbülfəz Babayevin qardaşıdır.
Sakinlərin problemi ilə bağlı qaraj sahiblərinin mövqeyini öyrənmək istəyimiz isə baş tutmadı. Həmin şəxslər telefon zənglərinə cavab vermədilər.
Məsələ ilə bağlı Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Babək Hüseynovla əlaqə saxladıq. O, isə bildirdi ki, pandemiya dövrü başa çatdıqdan sonra sakinlərin problemləri həll olunacaq və qarajlar həmin ərazidən yığışdırılacaq.
Ümidvarıq ki, sakinlərin problemi tezliklə öz müsbət həllini tapacaq.