PREZİDENT İLHAM ƏLİYEV: BU GÜN AZƏRBAYCAN ORDUSU DÜNYA MİQYASINDA GÜCLÜ ORDULAR SIRASINDADIR

PREZİDENT İLHAM ƏLİYEV: BU GÜN AZƏRBAYCAN ORDUSU DÜNYA MİQYASINDA GÜCLÜ ORDULAR SIRASINDADIR


Azərbaycan Respublikasının Silahlı Qüvvələri növbəti ildönümünü düşmənə vurduğu sarsıdıcı zərbənin təsirindən yaranan qələbə əhval-ruhiyyəsi ilə qarşılayır. Artıq neçə illər idi ki, ordumuzun şəxsi heyəti, bütövlükdə xalqımız hücum əmrinin veriləcəyi anı səbirsizliklə gözləyirdi. Nəhayət, bu imkanı düşmən özü yaratdı. Aprelin 1-dən 2-nə keçən gecə mövqelərimizə həmlə edən erməni işğalçılarının təxribat xarakterli hərəkətlərinə Azərbaycan Ordusu qətiyyətli, güclü əks-hücumla cavab verdi. Nəticədə təcavüzkar layiqli cəzasını aldı, xeyli sayda canlı qüvvə və döyüş texnikasını itirərək arxaya çəkilməyə məcbur oldu. Ərazimizin iki min hektaradək hissəsi işğalçılardan təmizləndi, strateji əhəmiyyətli bir neçə yüksəklik geri alındı... Bəli, bu bir qələbə idi - Azərbaycan Ordusunun gücünü göstərən qələbə! Onun mayasını isə xalqın və dövlətin öz ordusuna olan inam və etimadı təşkil edirdi. Aprel döyüşləri və qazanılan uğur haqda xəbərlər sərhədlərimizi aşıb uzaq-uzaq ölkələrdə geniş rezonans doğurdu. Dövlətimizə, onun başçısına ünvanlanan təbriklər Azərbaycanın haqq işinin beynəlxalq ictimaiyyət tərəfindən necə dəstəkləndiyini açıq- aydın ifadə edirdi.

PREZİDENT İLHAM ƏLİYEV: BU GÜN AZƏRBAYCAN ORDUSU DÜNYA MİQYASINDA GÜCLÜ ORDULAR SIRASINDADIR


...Hər bir dövlətin varlığı, müstəqilliyi, ərazi bütövlüyü, nüfuzu onun silahlı qüvvələri ilə bağlıdır. Bu mənada Azərbaycan Ordusu xalqımızın güvənc yeri, milli qürur mənbəyidir. Yaşı artıq bir əsri haqlamaqda olan ordumuz bugünkü inkişaf mərhələsinə şanlı tarixi, milli ordu quruculuğu ənənələri ilə gəlib çıxmışdır. Azərbaycanda milli ordunun yaradılması zəruriliyi hələ ötən əsrin ikinci onillliyində görkəmli şəxsiyyətləri, qabaqcıl ziyalıları ciddi düşündürürdü. Belə bir faktı qeyd etmək yerinə düşərdi ki, 1917-ci ildə Rusiyada baş vermiş fevral inqilabından sonra bir qrup ziyalı bu məsələ ilə bağlı imperiya rəhbərliyinə müraciət etmişdi. Lakin o vaxtlar müsəlman əhalisini hərbi işlərə yaxın buraxmayan, onları hərbi xidmətə yararsız sayan çar hökuməti belə bir müraciətə rədd cavabı vermişdi.

Lakin 1918-ci il mayın 28-də Azərbaycan xalqının öz istiqlaliyyətini dünyaya bəyan etməsi bu istəyin də gerçəkləşməsinə zəmin yaratdı. Müstəqil dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun yaradılması, bu məqsədlə hərbi kadrların hazırlanması, eləcə də xaricdən gözlənilən təhlükələrin qarşısının alınması əsas məsələ kimi ortaya qoyuldu. Beləliklə, Milli hökumətin 1918-ci il 26 iyun tarixli qərarı ilə ölkədə ilk nizami hərbi hissə - Əlahiddə korpus yaradıldı. Bu qərar müsəlman şərqndə ilk demokratik hökumətin öz silahlı qüvvələrinə malik olması üçün hüquqi əsas verirdi. Cümhuriyyət ordusunun formalaşdırılmasında çar Rusiyası ordusunda təhsil almış, hərbi xidmət keçmiş generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Xosrov bəy Sultanov və başqaları böyük rol oynadılar.

Qısa müddət ərzində çox böyük məhrumiyyətlər hesabına mühüm işlər görüldü, ordu quruculuğu istiqamətində lazımi addımlar atıldı. Əfsuslar olsun ki, müstəqilliyimiz kimi Silahlı Qüvvələrimizin də ömrü çox olmadı. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə əsası qoyulmuş ordu quruculuğu prosesi də dayandı. Lakin ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə mühüm diqqət yetirilmiş, bir sıra mühüm addımlar atılmışdır. Azərbaycan xalqının müdafiəsində məhz milli zabit və əsgərlərin dayanmalı olduğunu yaxşı anlayan müdrik şəxsiyyət yerli kadrların hazırlanması, təhsili, yetişdirilməsi yolunda çox böyük uzaqgörənliklə zəruri işlərin həyata keçirilməsinə nail olmuşdur.

Azərbaycanda müasir dövrün tələblərinə cavab verən ordu quruculuğu prosesinə bir də ötən əsrin sonlarında, xalqımız öz müstəqilliyini bərpa etdikdən sonra start verildi. 1991-ci il oktyabrın 9-da "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması haqqında" Qanun qəbul edilsə də, mövcud hərbi siyasi şərait, hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, Ermənistanın işğalçılıq hərəkətləri, separatizm, daxili hərc-mərclik üzündən bu sahədə aparılan işlər lazımi səmərə vermədi, dövlətimizi, müstəqilliyimizi, torpaqlarımızın müdafiəsini təmin etməyə qadir ordunun yaradılması əslində mümkün olmadı. Bir sözlə, ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, bütövlükdə dövlətçiliyimiz böyük təhlükə qarşısında qaldı.

Belə çətin bir dönəmdə siyasi meydana yenə xalqımızın xilaskarı, görkəmli şəxsiyyət Heydər Əliyev çıxdı. Onun ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaratdı. Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli maraqlarını qorumağa qadir olan nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də düşmənlə atəşkəs barədə razılaşma imzalandı. Atəşkəsin elan edilməsi Azərbaycanın bir dövlət kimi iqtisadi, sosial, siyasi və hərbi baxımdan dirçəlməsi, qüdrətlənməsi, ordusunu dünya standartlarına uyğun formalaşdırması baxımından çox önəmli idi. Məhz ölkədə sabitlik bərqərar edildikdən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin sistemləşdirilməsi başa çatdırıldı, çağırışla bağlı bütün problemlər həll edildi. Mərkəzləşdirilmiş maddi-texniki təminat əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, gənclər arasında hərbi vətənpərvərlik duyğularının gücləndirilməsi istiqamətində işlər görüldü. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi. Ölkədə hərbi kadr hazırlığı və beynəlxalq standartlara cavab verən hərbi təhsil sistemi formalaşdırıldı.

Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bu addım həm də dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq, yarımçıq qalmış milli dövlətçilik ideyalarına sahib çıxmaq məqsədini nümayiş etdirdi. Azərbaycanın müxtəlif xarici ölkələrlə hərbi sahədə əməkdaşlığı, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulması hərbi strukturumuzun beynəlxalq hərbi qurumlarla əlaqələrinin daha da güclənməsi, ölkəmizin bu sahədə təcrübə qazanmasına hesablanmışdı. Əsgərlərimizin Kosovo, İraq, Əfqanıstan kimi münaqişəli və təhlükəli bölgələrdə sülhməramlı qüvvələrin tərkibində xidmət etməsi onların peşəkarlığının əhəmiyyətli dərəcədə artmasına təsir göstərir. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil ocaqlarında oxumaları onların hərtərəfli inkişafında müsbət rol oynayır. Qardaş Türkiyə ilə hərbi sahədə əməkdaşlıq, gənclərimizin Türkiyənin nüfuzlu hərbi məktəblərində təhsil alması da bu qəbildən olan fəaliyyətlərdəndir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. 2003-cü ildə hələ ilk dəfə prezident seçilərkən ölkə başçısı bildirdi ki, "...Azərbaycanın güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminən ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcək".

Sonralar da dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, ordu quruculuğu bizim üçün əsas məsələlərdən biridir. Bu, özünü təcrübədə də göstərir. Ölkəmizin son illərdəki vüsətli inkişafı Silahlı Qüvvələrə ayrılan vəsaitin getdikcə artırılmasına imkan verir. Bunun da nəticəsində maddi-texniki baza möhkəmlənir, şəxsi heyətin döyüş qabiliyyəti daha da yüksəlir, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır.

Son illər Azərbaycanın hərbi sənaye kompleksi bir sıra irimiqyaslı layihələr həyata keçirərək öz imkanlarını əsaslı şəkildə genişləndirib. Hazırda respublikamızda 900 adda hərbi təyinatlı məhsul, o cümlədən çoxsaylı döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edilir. Ölkə rəhbərinin sərəncamı ilə 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti bu sırada mühüm yer tutur. Nazirliyin tabeliyinə verilən müəssisələrdə müxtəlif istehsal sahələri yaradılmış və bu sahələr Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin olunmasına geniş imkanlar açır. 2009-cu ildən başlayaraq, nazirliyin müəssisələrində istehsal olunan məhsullar beynəlxalq müdafiə sənayesi sərgilərində də nümayiş etdirilir. Bu sərgilərdə Azərbaycan istehsalı olan məhsullar böyük maraqla qarşılanır. Prezident İlham Əliyev ordu quruculuğunu dövlətin daim diqqət mərkəzində saxladığı ən zəruri sahələrdən biri olduğunu dəfələrlə bəyan etmişdir: "Hərbi potensialın gücləndirilməsi bizim üçün prioritetdir. Son illərdə bu sahədə böyük uğurlar əldə edilib. Ordumuzun döyüş qabiliyyəti artır. Ən müasir texnika, silah-sursat alınır. Bu gün beynəlxalq müstəvidə Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bu proses davam etdirilir ".

Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də, heç şübhəsiz, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən də cəbhə bölgəsinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.

Növbəti səfərlərdən biri məlum aprel döyüşlərindən sonra Tərtər, Ağdam və Bərdə rayonlarına olmuşdur. Cəbhəyanı kəndlərdə yerli sakinlərlə görüşüb söhbət edən ölkə başçısı daha sonra "N" saylı hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edərək bir daha bildirmişdir: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır... Nizam-intizam, döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Aprel döyüşləri bunu göstərdi. Ruh yüksəkliyi var. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox müsbətdir. Nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Bizim üçün Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən vacib məsələ yoxdur. Bu ən birinci məsələdir. Biz bu məsələni həll etməliyik və edəcəyik".

Rauf Asif oğlu Əliyev,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Mədəniyyət