Suraxanı rayonunun sosial-iqtisadi inkişafı

  • 30.04.2020, 10:45,
  • Gündəm
  • Baxılıb: 322
Suraxanı rayonunun sosial-iqtisadi inkişafı


“Bakının ürəyi” adlandırılan Suraxanı paytaxtın ən iri sənaye və neft rayonlarından biridir. Suraxanı rayonunun yerləşdiyi fiziki-coğrafi şərait, tarixdə ağ neftin çıxdığı yeganə məkan olması barədə məlumatlar burada insanların çox qədim zamanlardan məskunlaşdığından xəbər verir.

Tarixçilərin yazdığına görə, eramızdan əvvəl Misir fironlarının sarayına ağ nefti suiti dərisində məhz Suraxanıdan daşıyıblar. Ərəb coğrafiyaşünası Əl Məsudi 944-cü ildə bu haqda yazırdı ki, dünyada belə neft heç yerdə yoxdur. Maraqlı tarixi faktlardan biri də dünyada ilk ağ neft zavodunun məhz Suraxanıda tikilməsidir.

Suraxanı həm də “Atəşgah” məbədi, “Usta-şagird” türbəsi, “Pircan” ovdanları və s. kimi bir sıra məşhur tarixi abidələrin, eləcə də, orta əsr neft anbarlarının yerləşdiyi rayon kimi məşhurdur. Bu rayonda dövlət tərəfindən qorunan xüsusi əhəmiyyətə malik çoxsaylı tarixi abidələrin mövcudluğu, Şərq mədəniyyətinin qiymətli nümunələrinə rast gəlinməsi Suraxanının qədim tarixə malik olmasını sübut edir.

Doğrudan da, son 15 il ərzində Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində əldə edilən uğurlar Azərbaycanın bütün rayon və şəhərlərində olduğu kimi, Suraxanı rayonunda da aydın şəkildə nəzərə çarpır.

Rayonda ötən ilə nisbətən sənaye məhsulunun istehsalı 145 faiz, əsas kapitala yönəldilən investisiyalar 211 faiz, kənd təsərrüfatı 163 faiz, pərakəndə ticarət dövriyyəsi 224 faiz, orta aylıq əmək haqqı 110 faiz təşkil edib, nəqliyyat xidmətləri 3 dəfə artıb, əhaliyə 222 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 4840 yeni daimi iş yeri açılıb.

Ötən il Suraxanı rayonunda yeni su və kanalizasiya xətlərinin çəkilməsi nəticəsində əhalinin 58 faizi qrafiklə, 38 faizi isə fasiləsiz su ilə təmin olunub. Eyni zamanda, 19,2 kilometr yeni qaz kəməri çəkilib və ya əsaslı təmir olunub, 534 ədəd yeni sayğac quraşdırılıb, 3 ədəd yüksəkgərginlikli elektrik yarımstansiyasının binasında və ətrafında təmir-abadlıq işləri aparılıb, 5 elektrik yarımstansiyasında transformatorlar daha güclüləri ilə əvəzlənib, 1 ədəd yeni KTM, 160 ədəd işıqlandırma dirəyi, 320 ədəd çilçıraq quraşdırılıb, 5360 metr kabel çəkilib və hazırda rayon əhalisinin 100 faizi elektrik enerjisi ilə, 98 faizi isə məişət qazı ilə təmin olunur.

Bu ilin birinci rübü ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 77,2 milyon manat, tikinti-quraşdırma işləri 8,4 milyon manat, nəqliyyat xidmətləri 3,4 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 22,3 milyon manat, kənd təsərrüfatı 1,3 milyon manat, pərakəndə ticarət dövriyyəsi 218,3 milyon manat olmuş, orta aylıq əmək haqqı 576 manat təşkil etmiş, əhaliyə 54,8 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, 1154 yeni daimi iş yeri açılmışdır. Rayonun mənzil-kommunal birlikləri tərəfindən 40-a yaxın çoxmənzilli yaşayış binasının həyətləri abadlaşdırılib.

Suraxanı rayonunda yerləşən qəsəbələrin, yaşayış məntəqələrinin də siması kökündən dəyişməkdədir. Həmin ərazilərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yeni yaşayış binalarının, habelə digər obyektlərin inşa edilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müəyyən tədbirlər görülür. Məsələn, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 34, 36 və Qəzənfər Vəliyev küçəsi, 13 ünvanlarında yerləşən istismara yararsız evlərin yerində çoxmərtəbəli yaşayış binalan tikilir. Qəsəbədə Neftçilər parkında yenidənqurma və əsaslı təmir işləri davam etdirilir və cari ilin ikinci rübündə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. “ATEF Şirkətlər Qrupu”nun yüksək gərginlikli avadanlıqlar zavodunun tikintisi başa çatdırılıb.

Hazırda qəsəbənin Etibar Bəkirli küçəsində 100-ə yaxın fərdi yaşayış evinin altından keçən qəzalı su xəttinin ləğv edilərək daha təhlükəsiz əraziyə köçürülməsi və həmin küçədə 2800 poqonometr yeni su şəbəkələri qurulur.

Qaraçuxur qəsəbəsində yerləşən “S. Steel Company” şirkətinin qarşısındakı dairədən Əmircan qəsəbəsinin Səttar Bəhlulzadə dairəsinədək yolda və Yeni Suraxanı qəsəbəsinin Səttar Bəhlulzadə, Atamoğlan Rzayev və Xanlar Ələkbərov küçələrində “Azərsu” ASC tərəfindən qəzalı vəziyyətdə olan 2 ədəd 400 millimetr diametrli su xətti dəyişdirilib, 6820 metr uzunluğunda müxtəlif diametrli yeni xətlər çəkilərək istifadəyə verilib. Ümumiyyətlə, reallaşdırılan bu və ya digər tədbirlər nəticəsində Əmircan və Yeni Suraxanı qəsəbələrində 8 min nəfərin su təchi¬zatı yaxşılaşdırılıb.

“Bir bələdiyyə - azı bir layihə” proqramı çərçivəsində Bülbülə qəsəbəsində Şəhidlər xiyabanı əsaslı şəkildə yenidən qurulub, 11 şəhidin xatirəsi əbədiləşdirilib. Hövsanda Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılan “1941-1945” abidə kompleksi əsaslı təmir edilib. Qaraçuxur qəsəbəsinin Ə. Mehbalıyev küçəsində “Vətən şəhidləri unudulmur” abidə kompleksində isə yenidənqurma işlərinə başlanılıb. Əmircan qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı binanın üzərindəki xatirə lövhəsinin təntənəli açılışı ilə əlaqədar ətraf sahələr abadlaşdırılıb.

Son illər Suraxanı rayonunda həyata keçirilən sosial-iqtisadi siyasət vətəndaş hüquqlarının etibarlı müdafiəsində mühüm əhəmiyyət kəsb edir. Məmur-vətəndaş münasibətlərinin qanunun tələbinə uyğun şəkildə qurulmasının vacibliyi barədə ölkə Prezidenti İlham Əliyevin verdiyi tapşırıqlara Suraxanı rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları tərəfindən ciddi riayət olunur.

Görülən əməli tədbirlər nəticəsində rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olmuş ərizə və şikayətlərin sayı ötən illərlə müqayisədə kəskin şəkildə azalıb. Məsələn, hesabat dövründə ümumilikdə daxil olmuş 4670 vətəndaş müraciətində qaldırılmış məsələlərdən 1704-ü müsbət, 44-ü qismən həllini tapıb, 2300 müraciətə isə müvafiq izahat verilib. Bu dövr ərzində icra başçısı tərəfindən 574 vətəndaş qəbul edilib, ötən il ərzində 2905 nəfərin iştirakı ilə 51 səyyar görüş-qəbul keçirilib, 574 nəfər vətəndaş qəbul edilib. Qəbullarda səslənən müraciətlərin əksəriyyəti müsbət həll edilib, digər məsəl əl ərlə bağlı aidiyyəti qurumlara müraciətlər göndərilib.

Suraxanıda rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə daim diqqət göstərilib. Ölkə Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilib. 2018-ci ildə rayon üçün həmin proqrama əsasən 1362 yeni iş yeri açılıb, 31-i məcburi köçkün olmaqla 1200 nəfər vətəndaş işə qəbul edilib.

Yol rahatlıq, əmin-amanlıq, sosial-iqtisadi inkişaf deməkdir. “Hər bir xalqın mədəniyyəti yoldan başlayır” deyimində, əslində böyük həqiqət var. Bu mənada qədim mədəniyyət mərkəzi olan Suraxanıda yol tikintisinə, yolların yenilənməsinə və abadlaşmasına xüsusi diqqət yetirilir. Küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 306,3 min kvadratmetr asfalt örtüyü çəkilib, 95 min kvadratmetrdən çox sahədə cari təmir işləri aparılıb. Bundan başqa Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən, uzunluğu 2 kilometr olan avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12 kilometr olan yolun 3 kilometrlik hissəsi yenidən qurulub.

Suraxanılıların sevdiyi ünvan - Heydər Əliyev Mərkəzi Heydər Əliyev Mərkəzi fəaliyyətə başladığı gündən Suraxanıda ən çox ziyarət olunan ünvana çevrilib. Mərkəzə gələn rayon sakinləri, yerli və xarici qonaqlar ulu öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq imkanı qazanırlar, indiyədək Mərkəzin fəaliyyəti ilə 85 minə yaxın yerli və xarici ziyarətçi tanış olub, burada elektron kitabxananın xidmətindən 16 mindən artıq istifadəçi faydalanıb. Mərkəzdə ötən il ərzində 22 ümumrayon tədbiri, ümumilikdə isə 2009-cu ildən bəri 220-dən artıq tədbir keçirilib. Heydər Əliyev Mərkəzi ilə digər ziyarətçilərlə yanaşı, məktəblilər də davamlı tanış olur, onun imkanlarından səmərəli faydalanırlar.

Suraxanı rayonunda idmana maraq son illərdə daha da artıb, rayonda idmana və gənclərin hərtərəfli inkişafına böyük diqqət göstərilir. Bu rayonda müxtəlif səviyyəli yarışların keçirilməsi günümüzdə gözəl ənənəyə çevrilib. Prezident İlham Əliyev tərəfindən idmana göstərilən yüksək qayğının, eləcə də, idmançıların qazandığı uğurların nəticəsidir ki, Suraxanı Azərbaycanda idman rayonu kimi tanınır. Təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, idman bazası Suraxanıda yerləşən Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar liqasının qrup mərhələsinə vəsiqə almaqla ölkəmizin futbol tarixində yeni səhifələr açıb.

2018-ci ilin birinci rübündə rayonda 4210 idmançının qatıldığı 34 idman tədbiri keçirilib. Suraxanı rayon ümumtəhsil məktəblərində idmanı daha da inkişaf etdirmək məqsədi ilə keçirilən yarışlarda ümumilikdə 1713 məktəbli iştirak edib. 78 idmançı beynəlxalq yarışların qalibi, 192 idmançı isə Bakı şəhər və respublika birinciliklərinin qalibləri olub.

Suraxanı ərazisində müxtəlif ünvanlarda məskunlaşan 20 mindən artıq məcburi köçkün ailələrinin problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı verdiyi tapşırıqlara əməl olunur. Məcburi köçkünlərin məskunlaşdığı Hövsan qəsəbəsindəki “Gilavar” uşaq bağçasının və H. Quliyev küçəsi, 22 saylı ünvandakı yataqxananın, Bülbülə qəsəbəsindəki “Azərtuneltikinti’ şirkətinə məxsus yataqxananın dam örtükləri təmir edilib, rayon ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı binalarda 426 ailə fərdi sayğacla təmin olunub, doğma yurd-yuvalarından didərgin düşən insanların bir çox məişət problemləri həll edilib.

11 aprel Prezident seçkilərində növbəti dəfə parlaq qələbə qazanan Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində deyib: “...Son 17 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik”.

Suraxanı sakinləri də son illər ölkəmizdə, eləcə də Suraxanıda sosial-iqtisadi və mədəni sahədə əldə edilən böyük uğurları haqlı olaraq ölkə Prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirirlər. Eyni zamanda hesab edirlər ki, Bakı şəhər ərazisinin əhəmiyyətli bir hissəsini təşkil edən Suraxanı rayonunda sosial və iqtisadi problemlərin həli olunmasında ciddi nailiyyətlərin əldə olunması rayon icra hakimiyyətinin fəaliyyəti ilə bağlıdır. Ona görə də, sabaha böyük inam və ümidlə baxan rayon sakinləri Suraxanıda gedən quruculuq işlərindən ürəkdolusu danışırlar.

Suraxanı rayonunda bu gün baş verən müsbət dəyişikliklər və gələcəkdə həyata keçiriləcək layihələr, görüləcək işlər, atılacaq addımlar onu deməyə əsas verir ki, bu rayonun adı Bakının rayonları arasında daim birincilər sırasında olacaq.

Qəşəm Sultanov
Mədəniyyət