Alimlər xərçəng müalicəsində inqilabi bir irəliləyişə imza atıblar - TƏDQİQAT

  • 14.12.2024, 12:36,
  • Dünya
  • Baxılıb: 2
IMG

Cənubi Çin Universitetinin alimləri nadir torpaq minerallarından yüksək saflığa malik qurğuşun-212 və bismut-212 nuklidlərini əldə edərək, xərçəngin müalicəsində inqilabi irəliləyişə imza atıblar. Tədqiqatçılar bildiriblər ki, bu nuklidlər müxtəlif xərçəng növlərinin, o cümlədən döş, mədəaltı vəzi və prostat xərçənginin müalicəsində “hədəflənmiş alfa radionuklid terapiyası” (TAT) üsulu ilə effektiv şəkildə istifadə oluna bilər.

pressdent.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, alimlər nadir torpaq minerallarından proton və neytronların müəyyən nisbətlərdə birləşməsi ilə nuklidlərin çıxarılması texnologiyasını inkişaf etdiriblər. Onların sözlərinə görə, halogen mühitdə nuklidlərin ayrılmasını təmin edən yeni və qənaətcil üsul işlənib hazırlanıb. Bu proses “silikat dəstəkli anion qatranı”nın istifadəsini ehtiva edir. Alimlər bu metodun ənənəvi qatran texnologiyalarına nisbətən adsorbsiyanı 6 dəfə daha sürətlə təmin etdiyini və qısamüddətli nuklidlərin təcrid olunmasında mühüm üstünlüklər verdiyini vurğulayıblar.

Bundan əlavə, tədqiqat qrupu yalnız qurğuşun-212 və bismut-212 nuklidləri üzərində deyil, həmçinin radium-228, torium-228 və radium-224 nuklidlərinin ayrılması üzərində də iş apardıqlarını bəyan edib. Onların fikrincə, bu üsul Çinin tibbi nuklidlərə tələbatının qarşılanmasında mühüm əhəmiyyət kəsb edir. Bu inkişaf ölkənin tibbi texnologiyalar sahəsində “özünü təminetmə” məqsədinə töhfə verəcək.

Alimlərin nailiyyəti xərçəng müalicəsində yeni üfüqlər açmaqla yanaşı, nadir torpaq minerallarının istifadəsinin tibbi tətbiqlərini genişləndirir. Bu yenilik gələcəkdə daha təsirli və daha əlçatan xərçəng müalicəsi metodlarının tətbiqinə zəmin yarada bilər.

Mədəniyyət