Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

  • 29.03.2022, 12:25,
  • ---
  • Baxılıb: 120
Dostluq, həmrəylik  və yüksək mənəviyyat  bayramı

Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Novruz şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə töhfəsidir.
Novruz bayramı Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır.
Novruzda insanların bolluğa, firavan, əmin-amanlığa, həyata coşqun çağırış istəyi dayandığı kimi, torpağı əkib-becərməyə, onu dirçəltməyə sonsuz məhəbbət də əks edilir. Novruz bayramı inanclarında insanlara qayğı, diqqət, ədalətlilik başlıca yer tutur. Cəmiyyətdə bərabər, rahat yaşam tərzi formalaşdırmağa, xəstələrə, qocalara, kimsəsizlərə əl tutmağa çağırış ifadə olunur. Bu məqsədlə də bayram günlərində min bir nemətlə zəngin xonçalar bəzədilir, xəstələrə, qocalara, kimsəsizlərə, el ağsaqqallarına bu bayram xonçalarında müxtəlif bayram payı, bayram şirniyyatı və başqa Novruz nemətləri göndərilir, ehtiyacı olanlara bayram yardımları aparılır və beləliklə, bütün el-oba tam şəkildə bayram şənliklərinə qatılır.
Novruz bayramında keçirilən kütləvi bayram şənlikləri xalqımızın birlik-bərabərlik və həmrəyliyindən xəbər verir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə hər il Novruz bayramında el şənliklərində iştirak edən ulu öndər Heydər Əliyev xalqımızın milli bayramına böyük önəm vermiş, Novruz bayramının mahiyyətini izah edən dəyərəli fikirlər söyləmişdir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Novruz bayramını xalqın gözəl neməti və dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı adlandırmışdır. Eyni zamanda bildirmişdir ki, böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Ulu Öndər həmçinin hesab edirdi ki, müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz. Ona görə də Novruz xalqımızın hamısını eyni dərəcədə həm sevindirməli, həm həvəsləndirməli, həm də birləşdirməlidir.
Müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.
Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.

Məhluqə Nəbiyeva
Kəlbəcər rayon 94 salyı tam orta məktəbin direktoru
Mədəniyyət