Qüdrətli Azərbaycanın və Böyük Zəfərin müəllifi

  • 22.03.2024, 14:22,
  • Gündəm
  • Baxılıb: 147
Qüdrətli Azərbaycanın və Böyük Zəfərin müəllifi

Azərbaycanın son 20 ildə möhtərəm Prezident İlham Əliyevin müəllifliyi ilə yazılan inkişaf salnaməsi möhtəşəm nailiyyətlərlə, sonsuz zəfərlərlə zəngindir. Bu tarixin hər bir səhifəsi xalqımızın qürur mənbəyidir.
Gözlərimizin önündə Azərbaycan hər gün daha da böyüyür, onun gücü, qüdrəti gündən-günə daha da artır. Azərbaycan öz hədəflərinə doğru inamla və əmin addımlarla irəliləyir. Bu gün müstəqil Azərbaycan dövləti çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır. Şübhə yoxdur ki, Azərbaycanı gələcəkdə də parlaq günlər gözləyir. Hər bir azərbaycanlıda bu əminliyi, bu sarsılmaz inamı yaradan isə möhtərəm Prezident İlham Əliyevdir. Ona görə də biz cənab İlham Əliyevin Azərbaycanda hakimiyyət olimpinin zirvəsinə seçildiyi 2003-cü ilin 15 oktyabr tarixini, onun xalqımızın dövlətçilik tarixində yeri və rolu barədə danışarkən, ölkəmizin müasir, müstəqil inkişaf mərhələsində müstəsna əhəmiyyətə malik, taleyüklü təqvimlərdən biri kimi dəyərləndiririk.
Əlbəttə, 2003-cü ildə Azərbaycan xalqının öz Ümummilli Lideri Heydər Əliyevin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" müraciətinə dəstək verməsinin çox ciddi əsasları vardır. Bu, bir tərəfdən xalqımızın xilaskarının, Ulu Öndərin dövlətimizin gələcəyi naminə işarə etdiyi doğru yola, Onun seçiminə sonsuz etibarın göstəricisi olmuşdursa, eyni dərəcədə də cənab İlham Əliyevin şəxsiyyətinə, bacarığına, dövlət xadimi və lider kimi böyük potensialına olan etimada əsaslanmışdır. Çünki cənab İlham Əliyev prezident vəzifəsinə seçilənədək siyasi karyerasında və dövləti fəaliyyətində kifayət qədər nailiyyətlər əldə etmiş, özünün yüksək təşkilatçılıq və liderlik qabiliyyətini, siyasi və diplomatik səriştəsini təsdiq etmişdir.
O, çalışdığı bütün vəzifələrdə yüksək peşəkarlıq, bacarıq nümayiş etdirmiş, üzərinə götürdüyü məsuliyyətli vəzifələri layiqincə yerinə yetirmişdir. Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşı olaraq, gərgin, təlatümlü vaxtlarda Ümummilli Liderin xilaskarlıq missiyasında layiqli rol almışdır. O, prezident kimi Azərbaycan dövlətinə rəhbərlik etməyə başlayandan sonra isə yeni şəraitdə daha ağır və daha məsuliyyətli missiyanı öz xalqının lideri olaraq həyata keçirməyə başlamış, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu yeni dövrün tələblərinə uyğun olaraq, uğurla həyata keçirərək, həm Ümummilli Liderimizin etimadını, həm də xalqımızın inamını ən yüksək səviyyədə doğrultmuşdur. 2003-cü ildən bu günə qədər Azərbaycanın qazandığı misilsiz nailiyyətlər Heydər Əliyev siyasətinin təntənəsidir.
Biz Azərbaycanın 20 il ərzində əldə etdiyi misilsiz uğurları sadalayarkən milli birlik, sabitlik amillərini mütləq qeyd etməliyik. Çünki hər bir inkişafın əsasında sabitlik dayanır və bu gün bir çox dövlətin və xalqın yaşadığı faciəvi hadisələrdən də göründüyü kimi, sabitliyin olmadığı yerdə inkişafdan, uğurdan söhbət belə gedə bilməz. Ona görə də cənab Prezident İlham Əliyev ilk növbədə əsası Ümummilli Liderimiz tərəfindən qoyulan ölkəmizdə sabitlik və təhlükəsizlik mühitinin qorunmasını və daha da möhkəmlənməsini təmin etmiş, Azərbaycan xalqını milli ideya və məqsədlər ətrafında yumruq kimi birləşdirməyi bacarmışdır. Xalq - iqtidar birliyi, ölkə vətəndaşlarının Prezident İlham Əliyevə sonsuz dəstəyi Azərbaycanın əldə etdiyi misilsiz uğurların çıxış nöqtəsi, möhkəm sütununa çevrilmişdir. Bu sarsılmaz birlik son 20 ildə Azərbaycanda bir neçə dəfə sabitliyi pozmağı hədəfləyən cəhdlərin qarşısına sipər çəkmiş, ölkəmizə qarşı məkrli planların puça çıxmasını şərtləndirmişdir.
Azərbaycanın son 20 illik inkişaf yolunun mühüm göstəricilərindən biri ölkəmizin iqtisadi müstəqilliyini əldə etməsi və onu möhkəmləndirməsidir. Çünki yalnız güclü iqtisadiyyata malik, iqtisadi cəhətdən müstəqil olan dövlətlər digər sahələrdə də müstəqil siyasət həyata keçirə bilərlər. Bu gün Azərbaycanın dünyada öz siyasətini inamla həyata keçirməsi, milli mənafe və maraqların qorunması istiqamətində dönməz qətiyyət nümayiş etdirməsi ölkəmizin güclü iqtisadi dayaqlara malik olması ilə əlaqədardır. Güclü iqtisadi dayaqlar siyasi müstəqilliyə də təkan verir. Prezident İlham Əliyev dünyada cərəyan edən mürəkkəb proseslərin yaratdığı narahatlıqlara baxmayaraq, Azərbaycanın uğurlu və dayanıqlı inkişafını təmin etmişdir.
Prezident İlham Əliyevin dövlət idarəçilik fəlsəfəsində bütün sahələrin inkişafına kompleks yanaşmaq, ən yeni nəsil islahatlar yolu ilə davamlı tərəqqiyə nail olmaq vacib yer tutur. O, dövlət başçısı kimi fəaliyyətə başlayandan sonra Azərbaycan xalqına müraciətində də bu istiqamətdə həyata keçiriləcək genişmiqyaslı tədbirlərin anonsunu vermiş, qısa müddətdə imzalanan dövlət proqramları, fərman və sərəncamlarla yeni iqtisadiyyat quruculuğu prosesinə başlamışdır. Görülən məqsədyönlü tədbirlər nəticəsində sürətli iqtisadi inkişaf, dövlətin maliyyə imkanlarının genişlənməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın neft-qaz amilindən asılılığının əhəmiyyətli dərəcədə azaldılması, iqtisadi şaxələndirmə siyasətinin uğurla həyata keçirilməsi, regionların sürətli sosial-iqtisadi inkişafı təmin olunmuş, Azərbaycan geniş investisiya imkanlarına malik olan donor ölkəyə çevrilmişdir.
Azərbaycanın inkişafını tərənnüm edən vacib tezislərdən biri də ölkəmizdə həyata keçirilən iqtisadi islahatların uğurlu siyasi islahatlarla tamamlanması, vəhdət təşkil etməsidir. Ölkəmizin iqtisadi nailiyyətləri Azərbaycanda siyasi islahatlara da geniş meydan və imkanlar yaratmış, siyasi sistemin təkmilləşdirilməsi, möhkəm əsaslara malik hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsini təmin etmişdir. Bu sahədə reallaşdırılan islahatların məntiqi nəticəsi olaraq, ölkəmizdə siyasi dialoq mühitinin möhkəmləndirilməsi, yeni siyasi konfiqurasiyanın yaranması, demokratik təsisatların fəaliyyətinə geniş imkanların yaradılması, plüralizmin, söz və ifadə azadlığının, insan hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dövlət dəstəyinin gücləndirilməsi Azərbaycanın demokratik inkişafına xidmət etmişdir. Altıncı çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxalif partiyaların nümayəndələri də təmsil olunmuşlar. Hakimiyyətin müxtəlif qolları arasında əməkdaşlıq əlaqələri daha da möhkəmlənmiş, iqtidarla müxalifət arasında müntəzəm dialoq qurulmuşdur. Azərbaycan Milli Məclisi möhtərəm Prezidentin tövsiyələrinə uyğun olaraq, islahatlar kursuna və Azərbaycanda qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə, parlament diplomatiyasının uğurla həyata keçirilməsinə özünəməxsus töhfələr verir.
Prezident İlham Əliyev böyük nüfuza malik, sözünün imzası qədər dəyəri olan siyasətçidir. O, iştirak etdiyi bütün görüş və tədbirlərin ən arzuolunan qonağıdır. Həmkarları, tanınmış siyasətçilər üçün O, ən maraqlı tərəfdaşlardandır. Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycanın dövlət başçısı haqqında söylədiyi bu fikirləri yenidən xatırlayaq: "Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız.
Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada bilmirəm, o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim".
Azərbaycan Prezidentinə beynəlxalq arenada böyük nüfuz qazandıran, onun dünya liderləri sırasında özünəməxsus yer və rolunu təmin edən səbəblər ilk növbədə cənab İlham Əliyevə xas olan yüksək liderlik keyfiyyətləri ilə əlaqədardır. O, dürüst siyasətçidir, etibarlıdır, cəsarətlidir, təşəbbüskardır. Prezident İlham Əliyev hansı platformada varsa, harada təmsil olunursa, orada uğur qazanacağı heç kəsdə şübhə doğurmur. Onun nüfuzu, təşəbbüsləri bir çox qlobal problemin həllində əvəzolunmaz rol oynamışdır. Biz bunu Azərbaycan Prezidentinin beynəlxalq təşkilatlara sədrliyində də aydın müşahidə etmişik. Gəlin bir də nəzərdən keçirək: Azərbaycan BMT Təhlükəsizlik Şurasına formal xarakterli sədrlik etmədi, Prezident İlham Əliyev bu yüksək kürsüdən beynəlxalq münasibətlər sistemində, o cümlədən BMT-nin özündə mövcud olan qüsurları, problemləri açıq və cəsarətlə qınadı, islahatlara çağırış etdi. Yaxud, bu gün Qoşulmama Hərəkatına üzv olan ölkələrin liderləri də etiraf edirlər ki, Azərbaycan və onun rəhbəri bu təşkilata sədrlik etməyə başlayana qədər Qoşulmama Hərəkatı faktiki olaraq hərəkətsiz, qeyri-effektiv bir qurum təsiri bağışlayırdı. Azərbaycan və onun lideri bu təşkilata ikinci həyat bəxş etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təşkilatın institusional inkişafında mühüm rol oynayan hadisələr olmuşdur. Türk dövlətləri arasında birliyin, əməldə həmrəyliyin təmin olunması, müsəlman ölkələri arasında əməkdaşlığın gücləndirilməsi məhz Azərbaycanın və onun liderinin bu təşkilatlarda aktiv fəaliyyətinin nəticələridir.
Azərbaycanın xarici siyasətlə bağlı yanaşmaları kifayət qədər konseptual və uğurludur. Müstəqil, xoşniyyətli, əməkdaşlığı təşviq edən və Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən siyasət ölkəmizin beynəlxalq münasibətlər sisteminin ən fəal aktorlarından biri olmasını şərtləndirmişdir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəhəng layihələr ölkəmizin inkişafını təmin etməklə yanaşı, daha geniş geosiyasi məkanda da sülh və əməkdaşlıq mühitinin güclənməsinə xidmət edir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olan "Cənub qaz dəhlizi" kimi nəhəng layihələr Avrasiya məkanında enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmizin enerji resurslarının xarici bazarlara ixrac coğrafiyası ildən-ilə daha da genişlənir, Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirir. Ona görə də Azərbaycan ən etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi və ən etibarlı tərəfdaş hesab olunur. Avropa ölkələri Azərbaycanla əməkdaşlığa can atır, enerji təhlükəsizliklərini təmin etmək üçün ölkəmizə üz tuturlar və Azərbaycanın təşəbbüsləri Avropa üçün həyati əhəmiyyət kəsb edir. Bu məqamda Macarıstanın Baş naziri Viktor Orbanın bu fikrinə istinad etmək yerinə düşür: "Azərbaycan əsas ölkədir, Azərbaycansız biz enerji müstəqilliyinə malik ola bilmərik".
Azərbaycanın qlobal təşəbbüsləri sadəcə enerji sektoru ilə məhdudlaşmır. Açıq dənizə çıxışı olmayan Azərbaycan bu gün qlobal nəqliyyat habına çevrilir, yolları, kommunikasiyaları birləşdirir. "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması, transmilli layihələrin icrası ilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində aktiv rolu durmadan artır.
Prezident İlham Əliyev Azərbaycanın gələcəyi üçün hər zaman böyük işlər düşünür, möhtəşəm planlar qurur. Bir zaman sonra biz Azərbaycanın gündən-günə dəyişən, inkişaf edən mənzərəsi fonunda cənab Prezidentin düşüncələrinin reallığa çevrildiyinin şahidi oluruq. Bir çox dövlətin, hətta dünyanın böyük xalqlarının əsrlərlə əldə edə bilmədiyi nailiyyətləri Azərbaycanın dövlət başçısı səriştəsi və idarəçilik bacarığı sayəsində bir neçə ilə qazanmaq bacarığı nümayiş etdirir. Bəlkə də illər öncə Azərbaycanın məhdud saylı kosmik ölkələr sırasında yer alacağını söyləsəydik, etiraf edək ki, bu, xəyal kimi görünə bilərdi. Bu gün isə Azərbaycan dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir, dünyanın ən nüfuzlu elm xadimlərini Bakıda bir araya gətirir. Paytaxtımız qlobal gündəmi, trendləri müəyyənləşdirən müasir innovasiyalar məkanı kimi qəbul edilir. Bu, eyni zamanda Azərbaycan dövlətinin rəqabətli insan kapitalı, intellektual cəmiyyət quruculuğu istiqamətində həyata keçirdiyi siyasətin təntənəsidir.
İnsan amili, insan faktoru möhtərəm Prezidentin həyata keçirdiyi siyasətin nüvəsini təşkil edir. Ali kürsüdə fəaliyyətinin ilk anından etibarən "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət sayəsində ölkənin imkanları genişləndikcə sosial müdafiə tədbirlərinin coğrafiyası da durmadan genişlənir, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər dönməz xarakter daşıyır. Dövlətimizin başçısının sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi mütərəqqi qərarlar, sosial-dəstək paketləri bütün əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasına şərait yaratmışdır. Bu dövr ərzində müəyyənləşdirilən strateji kursa uyğun olaraq, respublikamızda maaş və pensiyalar dəfələrlə artmış, sosial müdafiə tədbirləri böyük vüsət almış, sosial infrastruktur quruculuğunun əhatə dairəsi genişləndirilmişdir. Əhalinin həssas və xüsusi qayğıya ehtiyacı olan təbəqələri, şəhid ailələri, müharibə iştirakçıları, müharibədə sağlamlığını itirmiş vətəndaşlarımız ən yüksək dövlət qayğısı ilə əhatə olunmuşlar. Hətta qlobal pandemiya dövründə belə Azərbaycanda sosial tədbirlər nəinki ixtisara salınmış, əksinə, bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişlənmiş, vətəndaşların pandemiyadan daha az zərər görməsi üçün dövlət bütün addımları atmışdır.
Əlbəttə, biz ölkəmizdə həyata keçirilən uğurlu sosial müdafiə tədbirlərindən bəhs edərkən ilk növbədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən çoxşaxəli işləri də qeyd etməliyik. Hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti vətəndaşlara dövlətin diqqəti və qayğısının gücləndirilməsində, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin həyata keçirilməsində mühüm amildir. Mehriban xanım Əliyevanın fəaliyyəti ölkəmizin tərəqqisi, ayrı-ayrı sahələrdə mühüm inkişaf göstəricilərinin əldə olunması baxımından böyük əhəmiyyətə malikdir. Onun sosial və humanitar sahələrdə təşəbbüsləri, gördüyü mühüm işlər ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin miqyasının genişlənməsində əhəmiyyətli rol oynayır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun elm, təhsil, mədəniyyət, səhiyyə sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələr, xüsusi qayğıya ehtiyacı olan insanlara əl tutması Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir və hər zaman dəstəklənir.
Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşən, əlverişli coğrafi mövqeyə malik olan bir ölkədir. Əlbəttə, respublikamızın geosiyasi qələbələri onun uğurlu coğrafi koordinatlara malik olması ilə rabitəli deyil. Azərbaycan öz liderinin uzaqgörən siyasəti sayəsində əlverişli coğrafi mövqeyini üstünlüyə çevirmiş və bu, Azərbaycanın beynəlxalq mövqeyinə əhəmiyyətli təsir göstərmişdir. Bütün siyasi analitiklərin, ekspertlərin birmənalı mövqeyi ondan ibarətdir ki, cənab İlham Əliyev bu gün nəinki öz xalqının qürur mənbəyi olan böyük rəhbərdir, Azərbaycan Prezidenti həm də qlobal miqyaslı şəxsiyyət, dünyanın ən nüfuzlu liderlərindən biridir. Onun iştirak etdiyi tədbirlər, görüşlər, nitq və çıxışları sadəcə Azərbaycan ictimaiyyəti üçün gündəmi təyin etmir. Dövlətimizin başçısının təşəbbüsləri beynəlxalq ictimaiyyətin də ciddi maraq və müzakirələrinə səbəb olur.
Prezident İlham Əliyev qətiyyətli liderdir. O, beynəlxalq münasibətlər sistemində özünə yer etmiş şantajla, təhdidlə dövlətlərin milli siyasətlərinə təsir göstərməyə vərdişkar olan güc mərkəzlərinə qarşı cəsarətli lider nümunəsi ortaya qoyaraq, milli mənafe və maraqları ən üst səviyyədə müdafiə və təmin etməyə qadir olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı "Heç kəs bizimlə diktat dili ilə danışa bilməz!" nidasına paralel olaraq, "Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır", "Azərbaycan maraqları birləşdirən ölkədir" tezislərini irəli sürərək, bizə dost, tərəfdaş kimi müraciət edən hər kəsə qapımızın açıq olduğunu, Azərbaycanı təzyiqlə özlərinin maraqlarına tabe etmək istəyənlərə isə yerlərini göstərir.
Öz milli dəyərlərini qorumaq, onu gələcək nəsillərə ötürmək xüsusilə qloballaşma şəraitində hər bir xalqın qarşısında duran tarixi və taleyüklü vəzifələrdən biridir. Bu, sadəcə xalqların öz tarixi qarşısında mənəvi borcu deyil, eyni zamanda bu günü və gələcək müqəddəratını təyin edən çox mühüm bir missiyadır. Azərbaycan xalqı da qədim və zəngin tarixə, mədəniyyətə, milli-mənəvi dəyərlərə malikdir və əsrlərboyu bu dəyərləri qoruyub inkişaf etdirmişdir. Hətta tarixin müəyyən dövrlərində milli mədəniyyətimizə, mənəvi dəyərlərimizə qarşı repressiv münasibət olsa da, Azərbaycan xalqı böyüklük göstərərək, öz dəyərlərinə, milli mədəniyyətinə sahib çıxmış, onu qorumuş və bu günümüzə qədər yaşatmışdır. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası bu milli dəyərlər üzərində uğurla inkişaf edir. Prezident İlham Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin də böyük hamisidir. Dövlət başçısı hər zaman Azərbaycanın öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurduğunu, ənənəvi dəyərlərin bizim üçün ən böyük sərvət olduğunu bəyan edir. O, hər zaman ölkəmizin gələcəyi olan gənclərin də milli ruhda tərbiyə olunmasının, onların milli-mənəvi dəyərlərə bağlılığının vacibliyini ifadə edir.
Tolerantlıq, multikulturalizm bizim milli-mənəvi, ənənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan eyni zamanda dünyada bu dəyərləri ən fəal təbliğ edən dövlətlərin sırasında öncül yerlərdə dayanır. Qlobal humanitar forumlar, dinlərarası dialoqa xidmət edən mühüm tədbirlər ölkəmizdə keçirilir.
Dövlət başçısı Azərbaycanın çoxkonfessiyalı, çoxmillətli bir ölkə olmasını, dini və etnik müxtəlifliyimizi xalqımızın böyük sərvəti kimi təqdim edərək, ölkəmizin uğurlu inkişafının, sabitliyinin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında tolerantlıq və multikultural dəyərlərin dayandığını bəyan edir. Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdikdən sonra dövlətimizin və xalqımızın davranışlarında bu dəyərlər növbəti dəfə təcəssümünü tapır. Azərbaycan dövləti Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə bağlı öz baxışlarını təqdim etmiş və bəyan etmişdir ki, onların dini, təhsil, mədəni hüquqları beynəlxalq konvensiyalara uyğun olaraq həll ediləcək.
Cənab Prezident İlham Əliyev adını xalqımızın tarixinə parlaq hərflərlə yazdırmış müzəffər sərkərdə, qalib Ali Baş Komandandır. O, Azərbaycan xalqının Vətən və yurd həsrətinə son qoymuş, onun arzularını gerçəkliyə çevirmişdir. Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan hərbçilərinin, Silahlı Qüvvələrimizin şücaəti sayəsində Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı zəfər, torpaqlarımızın işğaldan azad olunması xalqımızın, dövlətimizin çoxəsrlik tarixində ən şərəfli hadisələrdən biri olmuşdur. Bu qələbə sayəsində Azərbaycan tarixi ədaləti bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrini öz gücü, qüdrəti hesabına həyata keçirmişdir. Bu qələbə "Qarabağ Azərbaycandır və nida" deyərək bütün dünyaya Qarabağın əsl sahiblərinin kim olduğunu bəyan edən Ali Baş Komandanın gərgin zəhmətinin, cəsarətinin nəticəsidir. O, Şuşada, Laçında və işğaldan azad olunan digər şəhər və rayonlarımızda üçrəngli bayrağımızı dalğalandıraraq, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirmişdir.
Vətən müharibəsi dövründə Azərbaycan xalqı, o cümlədən beynəlxalq ictimaiyyət möhtərəm Prezident İlham Əliyevin yüksək sərkərdəlik məharəti ilə yanaşı, onun ali diplomatik keyfiyyətlərinin də bir daha şahidi olmuşdur. Azərbaycan Prezidenti müharibə dövründə onlarca xarici media orqanına verdiyi müsahibələrdə baş verənlərin ən müxtəlif nüanslarına işıq tutmuş, regionda yeni geosiyasətin konturlarını diqqətə çatdırmışdır.
Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün Ali Baş Komandanın rəhbərliyi ilə bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri də hərb tariximizin yeni şanlı səhifəsini təşkil etmişdir. Bu tədbirlər nəticəsində Azərbaycan ərazisində qalan qanunsuz Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edilmiş, Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilmişdir.
Hazırda isə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ, yeni bir dövr başlamışdır. Azərbaycan dövləti 30 illik işğal dövründə tamamilə dağıdılan, talan olunan yurdlarımızın, şəhər və rayonlarımızın ən yüksək səviyyədə yenidən qurulması, orada həyatın bərpa olunması, məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması üçün bütün imkanları səfərbər etmişdir. Həmin ərazilərdə ən müasir şəhərsalma nümunələri, texnologiyaları tətbiq etməklə, "ağıllı şəhər" və "ağıllı kənd"lər inşa olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız Vətən müharibəsində və antiterror tədbirlərində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa və quruculuq işlərində də nümayiş etdirir. Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, həyata keçirilən işlərə birbaşa özləri nəzarət edirlər.
Xatırlayırsınızsa, Prezident İlham Əliyev seçkilərdə əldə etdiyi parlaq qələbədən sonra "Mən hər bir azərbaycanlının prezidenti olacağam", "Mən yaxşı prezident olacağam" deyə xalqımıza vəd vermişdi. Bu gün biz müasir, qüdrətli Azərbaycanın, onun liderinin timsalında dövlətimizin başçısının bütün digər vədləri kimi, bu vədinin də həyatda əksini tapdığını aydın şəkildə görürük. Hər bir azərbaycanlının qürur duyduğu, fəxr etdiyi ən yaxşılardan yaxşısı olan LİDERi, Prezidenti var. O, nəyi necə, nə vaxt etmək lazımdır, bunu hər kəsdən yaxşı bilir, bütün məsələlər dövlətimizin başçısının iradəsi ilə zamanında həllini tapır. Və xalqımız öz liderinin ətrafında bir yumruq kimi birləşərək qələbələrinin sırasına yeni qələbələr yazdırır.

Cənab Prezident.

Sizə Prezident seçkisində parlaq qələbə münasibətilə səmimi təbriklərimi, ən xoş arzularımı çatdırıram. Azərbaycanda bayramlar bir-birini əvəz edir. Sizin rəhbərliyinizlə şanlı ordumuz Zəfər tarixi yazdı, bütün dünya azərbaycanlılarına Qələbə sevinci yaşatdı. Bu gün Azərbaycan xalqı xoş əhvali-ruhiyyə ilə gözəl günlər yaşayır. Əldə olunan bütün uğurlar Sizin düşünülmüş siyasətinizin nəticəsidir.

Xəyyəm Hüseyinov Əyyam oğlu,
Ağstafa rayon Tatlı kənd Bələdiyyəsinin sədri
Mədəniyyət