Xalqımızın 44 günlük qəhrəmanlıq salnaməsi

  • 03.11.2023, 12:42,
  • Gündəm
  • Baxılıb: 39
 Xalqımızın 44 günlük   qəhrəmanlıq salnaməsi

Məlum olduğu kimi, Azərbaycan xalqı əlamətdar hadisənin - 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin üçüncü ildönümü ərəfəsindədir.Yeri gəlmişkən, 2020-ci ilin məhz bu günlərində cəbhədən gələn xoş soraqların yaratdığı böyük coşqu ilə bütün cəmiyyətimiz tarixi qələbəyə köklənmişdi. Noyabrın 8-də milli mədəniyyətimizin beşiyi, milli qürurumuzun ünvanı olan Şuşa şəhərinin işğaldan azad edilməsi ordumuzun hərbi əməliyyatlar dövründə qazandığı olduqca möhtəşəm hərbi uğur olmaqla bərabər, həm də Vətən savaşının taleyini həll edən hadisə oldu. Şuşanın azad olunmasından sonra Ermənistanın məğlubiyyətini etiraf etməkdən, Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri yerinə yetirməkdən başqa yolu qalmadı. Şuşanın azad olunduğu gün isə cənab İlham Əliyevin sərəncamı ilə Zəfər Günü elan olundu. Beləliklə, “dəmir yumruq”la düşmənin başını əzən Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 10-da Azərbaycanın tam qələbəsini elan etdi. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə onilliklər ərzində torpaq itkisinin, məğlubiyyətin acısına son qoydu, bizi qalib xalq zirvəsinə yüksəltdi. Bu Qələbə ilə yalnız torpaqlarımızı azad etmədik, həm də şəhidlərimizin, Ermənistanın hərbi cinayətlərinin, törətdiyi soyqırımlarının qurbanı olan bütün soydaşlarımızın intiqamını aldıq, onların qanı yerdə qalmadı. Tək müasir deyil, son bir neçə əsrlik tariximizin ən böyük hadisəsi olan bu Zəfərlə Azərbaycan həm də ziddiyyətli beynəlxalq münasibətlər şəraitində təkbaşına və güc yolu ilə öz hüquqlarını təmin etməyin nümunəsini yaratdı.
Qeyd edək ki, 30 ilə yaxın bir müddət ərzində cəzasızlıq mühitindən yararlanan Ermənistan təxribatlarından əl çəkmirdi. Azərbaycanda hər kəsə bəlli idi ki, rəsmi İrəvan bu cür çirkin əməllərindən əl çəkən deyil. Çünki bu, Ermənistanın terrorçu rəhbərliyinin ölkədə daxili çaxnaşmaları yatırmaq, diqqəti cəbhəyə yönəltmək üçün istifadə ediyi köhnə "taktika" idi. Paşinyanın sərsəm açıqlamaları, boş-boş iddiaları və Azərbaycanın işğal edilmiş torpaqlarında qeyri-qanuni məskunlaşmanın aparılması münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan xalqımızın səbir kasasını daşırmaya bilməzdi. Bu, azmış kimi işğalçı ölkə Azərbaycanı təxribatlara çəkmək üçün cəbhənin müxtəlif istiqamətlərinə hərbi texnikalar gətirib açıq-aşkar müharibəyə hazırlaşdığını göstərirdi. Hətta yeni müharibəyə hazırlaşdıqları üçün könüllülərdən ibarət qoşunun yaradıldığını da gizlətmirdilər. Azərbaycan Prezidenti isə bütün çıxışlarında, müsahibələrində dünyaya bəyan edirdi ki, Ermənistan müharibəyə hazırlıq görür, bunun qarşısı vaxtında alınmalıdır. Yenə də beynəlxalq təşkilatlar ənənələrinə sadiq qalaraq işğalçıya heç bir xəbərdarlıq etmədilər və bunun da nəticəsi 2020-ci ilin sentyabrın 27-də özünü büruzə verdi. Cəbhənin bütün istiqamətləri boyunca təxribatlara əl atan Ermənistan tarixinin ən səhv gedişini etdi. O səhv ki, işğalçı ölkəyə hələ uzun illər sağalmayacaq sarsıdıcı, ölümcül zərbə vurdu. Azərbaycan Ordusu Müzəffər Komandanın "Dəmir yumruq" əməliyyatının icrasına başladı. Ölkədə prezident-xalq-ordu birliyi Azərbaycanı şanlı qələbəyə apardı. Sentyabrın 27-dən başlanan Zəfər yürüşü noyabrın 8-də Qarabağın ürəyi - Şuşada sona çatdı. Azərbaycana hədə-qorxu gələn, illərlə düzəltdikləri istehkamlara güvənən Ermənistan cəmi 44 günə diz çökdü. Azərbaycanın igid oğullarının döyüş əzmi qarşısında erməni əsgəri silahını, bayrağını atıb qaçmaq məcburiyyətində qaldı. Bu dövrdə ordumuz cəbhədə hər gün uğur qazanırdısa, Prezident İlham Əliyev diplomatik məharəti ilə Azərbaycana təzyiq etmək istəyən qüvvələrə elə tutarlı cavablar verirdi ki, xalqın ürəyi dağa dönürdü. 44 gün ərzində dünyanın elə bir mötəbər KİV-i qalmadı ki, Azərbaycan Prezidentindən müsahibə götürməsin. Bütün müsahibələrində dövlət başçısı bəyan edirdi ki, Azərbaycan haqq yolundadır və kimlərsə, hansısa telefon zəngləri bizi durdura bilməz. Bu, tariximizə yazılan möhtəşəm bir dövr idi.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhəri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri də daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Moskvada imzalanan üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan) müqaviləyə əsasən, 10 noyabrda Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılmasına qərar verildi. Qərardan sonra 2020-ci il 20 noyabrında Ağdam, 25 noyabrında Kəlbəcər, 1 dekabrda Laçın rayonları bir güllə belə atılmadan azad edildi. Beləliklə, 30 illik həsrətə, Qarabağ münaqişəsinə müzəffər Azərbaycan ordusunun gücüylə son qoyuldu. İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirirdi. Ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Hətta həyata keçirilmiş “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə, bədnam düşmən və onu hər vəchlə himayə edən qüvvələr üçün yetərli dərs olmamışdı. Əksinə, xarici böyük güclərin marionetinə çevrilmiş düşmən daha da azğınlaşaraq, humanitar yönlü “Laçın” koridorunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını həyata keçirdi. Ən acınacaqlı hal isə ondan ibarət idi ki, bu təxribatlar ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin gözləri önündə, hətta birbaşa müşayiəti altında açıq şəkildə aparılırdı. Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün ölkəmiz tərəfindən bu ilin aprel ayının 23-də Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda humanitar məqsədlə paralel olaraq, Ağdam-Xankəndi yolunun təklif edilməsi Ermənistan tərəfinin bütün xain planlarını alt-üst etdi. Sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı. Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində - Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular. Bununla da ölkəmiz sübut etdi ki, qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik rəhbəri – Ali Baş Komandanı vardır. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti qələbə qazanaraq, yüz ildən bəri bizə “miras” qalan bu ağrılı-acılı problemi birdəfəlik həll etdi. Düşmənin bir zamanlar qurduğu “Arsax” adlı qondarma dövlətçilik oyunları, müstəqillik xəyalları ikinci Qarabağ - Vətən müharibəsi zamanı dəyərli hesab edib özləri ilə apardıqları sanitar qovşağına atıldı. Lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu. Necə ki, hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısa müddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya bəyan etdi. İyirmi dörd saatdan da az müddətə sığan və uğurla yekunlaşan antiterror tədbirləri unikal hərbi əməliyyat kimi dünya səviyyəsində böyük heyranlıq doğurdu. Bununla da ölkəmiz uzun illərdən bəri mübarizə apardığı və uğurla başa çatdırdığı bu böyük Qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu. Prezident İlham Əliyev ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, nə olursa olsun öz haqlı və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla geri dönməməyin düsturunu yaratdı.
Ən əsası, Azərbaycan xalqı xoşbəxtdir ki, dünyada baş verən mövcud ağır hərbi-siyasi və sosial-iqtisadi kataklizmlər fonunda böyük uğurlarla dolu nadir təkrarlana biləcək şərəfli tarixi dövrü yaşayır.

Mahir HACIYEV,
YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədri



Mədəniyyət