Seymur Məmmədov: Azərbaycanın bütün davranışları humanist dəyərlərə söykənir

  • 24.09.2023, 10:48,
  • Gündəm
  • Baxılıb: 40
Seymur Məmmədov: Azərbaycanın bütün davranışları humanist dəyərlərə söykənir

Tərtər rayon Mamırlı kənd bələdiyyəsinin sədri Məmmədov Seymur İnqlab oğlu - Qarabağın erməniəsilli əhalisinin yaşadığı ərazidə sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi 24 saatdan sonra Azərbaycanın burada konstitusiya quruluşunun bərpası, qondarma rejimin süqutu və separatçıların tam məğlubiyyəti ilə nəticələndi. Azərbaycanın bu qələbəsi ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz ən böyük nailiyyətdir. Belə ki, məntiqi davam olaraq Azərbaycan yenə də təkbaşına bu vəzifənin öhdəsindən şərəf və ləyaqətlə gəldi və öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.
Dünən axşam bu münasibətlə Azərbaycan xalqına tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev antiterror tədbirləri, onun zəruriliyi, səbəbləri və nəticələri barədə fikirlərini açıqlamış, bu xüsusda baş verən hadisələri müxtəlif aspektlərdən təhlil edərək yeni şəraitdə qarşıda duran taleyüklü məsələləri diqqətə çatdırmışdır.
Bu müraciət, əslində, təkcə azərbaycan vətəndaşlarına deyil, həm də Qarabağda yaşayan erməniəsilli sakinlərə ünvanlanan bir ismarıcdır. Diqqət yetirsək, aydın görə bilərik ki, ölkə rəhbərinin bəyanatında səslənən tezislər əsasən humanizm dəyərləri üzərinə köklənir. Belə ki, Qarabağın terrorlçulardan təmizlənməsi ilə bağlı tədbirlər mülki əhaliyə və mülki obyektlərə toxunmadan böyük peşəkarlıq və dəqiqliklə həyata keçirilmişdir. Bununla bağlı Ali Baş Komandanımızın xüsusi tapşırığı olmuşdur: “...Mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır... Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər... ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.
Məlum olduğu kimi, dünən – sentyabrın 20-də antiterror tədbirlərinin gedişində artıq məğlub olduqlarını dərk edən separatçı rejimin nümayəndələri Azərbaycan tərəfinə təslim olduqlarını bildirərək atəşi dayandırmağı xahiş etmiş və müvafiq şərtlər daxilində tərəfimizdən müsbət cavab almışlar. Xalqa müraciətində bu məqama toxunan Azərbaycan Prezidenti Azərbaycanın humanizm prinsiplərinə hər zaman sadiq olduğuna işarə vurmuşdur: “Bu gün səhər saatlarında artıq bizə bildirildi ki, bizim şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar. Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi”.
Azərbaycanın azad cəmiyyət, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlət olduğunu vurğulayan cənab İlham Əliyev söylədi ki, indi artıq bölgədə yeni şərait formalaşır və bu müstəvidə bütün ölkə vətəndaşları əmin-amanlıq şəraitində normal və sivil qaydalar əsasında yaşamaq üçün tarixi imkan əldə etmişlər: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir... Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır... Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur... Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq”. Yevlax şəhərində mənim nümayəndəmlə. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir.
Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olunması yolunda ən böyük maneəyə çevrilmiş Qarabağdakı xunta rejimi artıq “status” xülyalarının ardınca tarixin zibilliyinə gömülüb. Bu gün biz artıq real sülh proqramından danışa bilərik. Rəsmi İrəvanın da davranışlarında konstruktiv davranış elementləri sezilməkdədir. Prezident İlham Əliyevin təbirincə desək, “Ermənistan bu dövr ərzində... gözlənilmədən siyasi səriştə göstərib və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük və hesab edirəm ki, dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək”.
Dövlətimizin başçısı bəyan etdi ki, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və fundamental konstitusion hüquqlarının təmin edilməsi üçün xüsusi plan artıq hazırdır. Bu gün artıq Yevlax şəhərində Azərbaycan Respublikasının nümayəndəsi ilə Qarabağ icmasının təmsilçilərinin görüşü baş tutmuşdur. Nəticələr barədə hələlik rəsmi məlumat verilməyib. Lakin istənilən halda Azərbaycanın bu təşəbbüsü beynəlxalq səviyyədə də birmənalı olaraq təqdir olunur. Düşünürəm ki, ortaya praqmatik yanaşmalar qoyularsa, sülh və barışığın təmin olunmasına hesablanmış addımlar bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün mühüm töhfə olacaq. Öz tərəfindən Azərbaycan buna tam hazırdır. Ölkəmizin rəhbəri də xalqa müraciətini məhz bu major notlar üzərində yekunlaşdırdı: “Qarabağ icmasının nümayəndələrinin görüşü əsnasında biz öz baxışlarımızı, gələcək birgə yaşayış baxışlarımızı onlara çatdıracağıq. Onların bütün hüquqları təmin ediləcək - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik”.
Beləliklə, Qarabağda lokal antiterror tədbirlərini uğurla başa çatdıran Azərbaycan ordunun gücünə və xalqın birliyinə güvənərək ərazi bütövlüyümüzün və dövlət müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində bütün gərəkən tədbirləri ardıcıl olaraq həyata keçirdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çevik daxili və xarici siyasət, qətiyyətli diplomatik addımlar nəticəsində Azərbaycan bütün ərazisində konstitusion quruluş bərpa olundu. Eyni zamanda, 30 ildən artıq müddət ərzində qondarma rejimin girovuna çevrilmiş Qarabağ erməniləri də qaranlıq taleyə aparan yoldan geri qayıtmaq üçün fürsət əldə etdilər.
Azərbaycan sübut etdi ki, bütün xoş niyyətlər, o cümlədən sülh uğrunda mücadilə yolunda heç kim onun qarşısında dura bilməz. Bu isə əminlik yaradır ki, Cənubi Qafqazda siyasi sabitliyin və inkişafın əsas qarantı olan qüdrətli dövlətimiz bu istiqamətdə qarşısına qoyduğu bütün məqsədlərinə tezliklə və böyük uğurla nail olacaqdır.
Mədəniyyət