Heydər Əliyev: tarix yazan dahi şəxsiyyət

  • 07.07.2023, 11:44,
  • Gündəm
  • Baxılıb: 87
Heydər Əliyev: tarix yazan dahi şəxsiyyət

Müasir Azərbaycanın dövlətçilik tarixinin ən mürəkkəb, faciəli dövründə ölkəni bürüyən xaosdan, parçalanmaq təhlükəsindən xilas etmək kimi ağır vəzifəni üzərinə götürməklə milyonların etimadını doğrultmağı həyatının əsas amalı adlandıran ulu öndər Heydər Əliyev ilk növbədə xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənərək o dövrdəki səbatsız iqtidarın buraxdığı səhvlər nəticəsində yaranan vətəndaş müharibəsi təhlükəsini də uzaqgörən siyasəti ilə dərk edirdi.

...1993-cü ilin may-iyununda ölkədə yaranan gərginlik, mürəkkəb hadisələr Azərbaycanın müstəqilliyi üçün ən böyük təhlükə idi. Respublikanın düşdüyü ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi böhran daha da dərinləşərək demək olar ki, son həddə çatmışdı. Daxili sabitlik pozulmuş, ayrı-ayrı qüvvələrin qarşıdurması, bəzi cinayətkar, qrupların, separatçı qüvvələrin respublikanı parçalamaq niyyətlərini həyata keçirmək istəyi vəziyyəti daha da ağırlaşdırmışdı. Gəncə hadisələrinin qarşısını almaqda aciz olan o zamankı səbatsız rəhbərlər ulu öndər Heydər Əliyevə müraciət etməyə məcbur qaldılar. Xalqın tələbi ilə 9 iyunda Bakıya qayıdan, həmin ayın 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi, milyonların etimadı nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev 10 oktyabr 1993-cü ildə and içərək dövlət başçısı kimi müstəqilliyimizin əbədiliyi naminə qarşıda duran vacib məsələlərdən danışdı.

“And içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında, dünya birliyində ləyaqətli yer tutmasına çalışacağam” söyləməklə qarşıda duran vəzifələrin çətinliyindən qorxmayaraq respublikamızın qüdrətli ölkələr sırasında yer alması üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi.

Ümummilli lider Heydər Əliyevin mərasimdəki nitqində, “Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm” sözləri yeni dövlət başçısının gələcək daxili və xarici siyasətinin istiqamətlərini əks etdirərək, mahiyyət etibarilə ölkənin bir neçə onillər üçün fəaliyyət proqramı oldu. Politoloqların bildirdiyi kimi, Ulu Öndərin payına qeyri-adiliyi, eyni zamanda çətinliyinə görə unikal bir vəzifə düşmüşdü. Müharibə şəraitində sülh yaratmaq hər siyasətçiyə nəsib olmur. O dövrdə Kreml rəhbərliyinə müxalifətdə olan Ulu Öndər İttifaqın digər respublikaları kimi müstəqil Azərbaycanı sovetlərin mirası kimi qəbul etməmişdi. Blokadada qalan Azərbaycanın həqiqətlərini eşidənlər də yox idi. Komandası Azərbaycan xalqı olan Ulu Öndər müstəqillik tarixinin səhifələrini milyonların dəstəyi, müdrikliyi, qətiyyəti ilə yazdı.

Andiçmə mərasimində xalqına verdiyi vədləri həmişə olduğu kimi sədaqəti ilə doğruldan, “Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm” söyləyən Heydər Əliyev bu andına daim sadiq qalaraq, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləməklə də Vətəninə, xalqına bağlılığını ifadə etdi. Hakimiyyətə gəldiyi ilk gündən müharibə şəraitində yaşayan ölkəmizdə müdafiə və ordu quruculuğu ilə məşğul olan Ulu Öndər eyni zamanda, sülhpərvər diplomatik yanaşmaya üstünlük verərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün vasitələrdən istifadə edirdi.

Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir imkanları böyük olan, mürəkkəb bir dövrdə xalqın xidmətində dayanan, siyasi iradəsini, qətiyyətini, dövlətçilik təcrübəsini və bacarığını nümayiş etdirən ulu öndər Heydər Əliyev ən bacarıqlı siyasi xadimlərin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirərək həqiqəti lazım olduğu məqamda dilə gətirən müdrik olduğunu sübut etdi.

Azərbaycan xalqının milli özünüdərkini, milli ruhun yüksəlişini təmin etməklə milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratdı.

Uzaqgörən siyasətçi kimi dünyada baş verən siyasi, iqisadi hadisələrdən düzgün nəticə çıxaran Ulu Öndər yaxşı bilirdi ki, Azərbaycanın ağır siyasi, iqtisadi böhrandan çıxması üçün başlıca şərt millətin siyasi suverenliyini, iqtisadi müstəqilliyini möhkəmləndirməkdir.

Buna görə də Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə irəliləməsini başlıca amil hesab edən Ulu Öndər iqtisadi islahatlar həyata keçirdi, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsini prioritet kimi qarşıya qoydu. Ordu quruculuğunu daim diqqətdə saxladı.

“On illər boyu yaranmış iqtisadi- sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır... Ancaq biz bu yolla getməliyik. Başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir” söyləyən Ulu Öndər gələcək üçün planlaşdırılan konsepsiyanın həlli yollarını da müdrikcəsinə müəyyənləşdirdi.

Əsas vəzifə olan dövlət quruculuğu istiqamətində əsaslı islahatları diqqətdə saxladı. “Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır” söyləyən Ulu Öndər andiçmə mərasimindəki çıxışında bildirdi ki, bu yol ilə getmək həm tarixi keçmişimizə uyğundur, həm də bir müstəqil dövlət kimi dünya sivilizasiyasına daha yaxından qovuşmaq üçün lazımi şərtdir.

Bu gün tolerant dövlət kimi dünya sivilizasiyasının aparıcı ölkələri sırasında ön cərgədə dayanan Azərbaycanın brendi olan multikulturalizmin əsasını müəyyənləşdirən Ulu Öndər bildirirdi ki, Azərbaycan çoxmillətli respublikadır. Ölkəmizdə bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların respublikanın ictimai-siyasi həyatında bərabər hüquqlar çərçivəsində iştirak etməsi üçün bütün imkanlar yaradılacaqdır. Ümummilli Lider inamla bildirirdi ki, Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edən düşünülmüş xarici siyasəti olmalıdır. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılışıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək, dünya dövlətləri sistemində layiqli yer tutmaq xarici siyasətimizin əsas istiqamətlərindəndir.

İqtisadi müstəqilliyi Azərbaycanın qüdrətlənməsi, ölkə əhalisinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca şərt kimi dəyərləndirən Ulu Öndər iqtisadiyyatı bərbad hala salınan respublikanın sərbəst iqtisadiyyat sisteminə keçməsini, mövcud olan təbii resurslardan səmərəli istifadəni, önəmli islahatların tətbiqini çıxış yolu kimi dəyərləndirdi.

“Əsrin müqaviləsi”ni imzalamaqla neft strategiyasını müəyyənləşdirən, Azərbaycana investisiya axınını iqtisadi böhrandan çıxış yolu hesab edən ulu öndər Heydər Əliyev geosiyasi baxımdan əlverişli şəraitdə yerləşən respublikanın iqtisadi-sosial, elmi- texniki potensialını da hazırladığı neft strategiyasının həllinə yönəltdi. Nəzərdə tutulan proqramlar iqtisadi islahatlarının sürətləndirilməsinə yönəldildi. Bununla da dünyaya sübut etdi ki, biz tərəfdaşlarımızla bərabərlik əsasında əməkdaşlıq etməyi bacarırıq və neft strategiyasını həyata keçirən Azərbaycanın bacarıqlı, təcrübəli neftçiləri vardır. “Əsrin kontraktı” BTC, BTƏ “Cənub Qaz Dəhlizi”, TANAP, TAP-a da yol açdı. İndi tam əminliklə demək olar ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri dünyanın enerji xəritəsini dəyişdirməyə imkan yaratdı.

“1996-cı ildən isə artıq sabitlik, inkişaf dövrü başlayır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev bir çox önəmli təşəbbüslər irəli sürdü. O vaxt dövlətçiliyin əsasları qoyuldu. O vaxt azərbaycançılıq ideologiyasının təqdimatı oldu və xalq da buna çox müsbət yanaşdı və bu gün də azərbaycançılıq fəlsəfəsi bizim mühüm ideoloji əsasımızdır. O vaxt ciddi iqtisadi islahatlar aparılmışdır. Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. 1994-cü ildə “Əsrin kontraktı” imzalanmışdır. Bu gün də “Əsrin kontraktı”nın əhəmiyyətini hər bir Azərbaycan vətəndaşı gündəlik həyatda görür. Abadlaşan şəhərlər, gözəlləşən ölkəmiz, yaradılan infrastruktur və inkişafda olan Vətənimiz, bunun əsas səbəbi o vaxt Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi idi” söyləyən Prezident İlham Əliyev əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasəti davam etdirməklə, Azərbaycanı beynəlxalq arenada ən qüdrətli dövlətlər sırasında ilklərdən etməklə Ümummilli Liderin “ Azərbaycan dünyaya Günəş kimi doğacaq” arzusunu reallaşdırır.

Bu gün Azərbaycan enerji resursları ilə Avropa qitəsi ölkələrinin yanacağa tələbatının 30 faizini təmin edirsə bu nailiyyət Ulu Öndərin hazırladığı neft strategiyasının uğurudur. Enerji layihələrinin alternativ, şaxələndirmə prinsipinə uyğun həyata keçirilməsində maraqlı olan Azərbaycan bu strategiyanın tətbiqi nəticəsində dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi kimi maraq doğurur.

Andiçmə zamanı söylədiyi nitqində Azərbaycanın yalnız demokratik dəyərlərə sadiq qalacağını bildirən Ulu Öndər xalqının bu yolla irəliləyəcəyini əsas istiqamət kimi daim diqqətdə saxlayırdı.

Müdrik siyasətçi Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və ekstremist hallara son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuş, mütəşəkkil ordu yaradılmış, bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması təmin olunmuşdur. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı.

Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi fenomen şəxsiyyət Heydər Əliyevin tarixi xidmətləridir. Müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etdirildi. Ulu Öndərin fəal diplomatiyasının, xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Çoxpartiyalılıq prinsipini dəstəkləməklə ölkədə söz, mətbuat azadlığını təmin edən , plüralizmin vacibliyini qeyd edən humanizm prinsiplərinə sadiq ulu Öndərin müstəqil mətbuatın inkişafında göstərdiyi xidmətlər də əvəzsizdir.

Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yeritdiyi siyasət milyonlar tərəfindən dəstəklənir. Azərbaycanda həqiqi demokratiyanın inkişafı üçün daha geniş imkanlar yaranıb. Seçki sistemi təkmilləşdirilib. Bu, bir həqiqətdir ki, inkişaf etmiş Azərbaycanın hər bir vətəndaşının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bunu “Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq” sözləri də təsdiqləyir. Türkçülük ideyalarının tərənnümçüsü Ulu Öndər daim yaşayan müasirimiz , müstəqil Azərbaycan dövlətinin qurucusu, milli dövlətçiliyimizin əsasını qoyan dahidir.

Çəndirli Ülkər
Sumqayıt şəhər M.Quliyev adına 3 saylı tam orta məktəbin direktoru
Mədəniyyət