Azərbaycan-Türkiyə birliyinin gücü və önəmi getdikcə artmaqdadır

  • 19.06.2023, 10:18,
  • Gündəm
  • Baxılıb: 177
 Azərbaycan-Türkiyə birliyinin gücü və önəmi getdikcə artmaqdadır

Məlum olduğu kimi, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Azərbaycan Respublikasının Prezidenti cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Cari ilin 13 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident seçkilərindəki qalibiyyətindən sonra ilk dövlət səfərini Azərbaycana reallaşdırması dostluq və qardaşlıq əlaqələrimizin yüksək inkişafının göstəricisi olmaqla yanaşı, həm də Ankaranın strateji hədəflərindəki Azərbaycan amilinin bütün dünyaya yüksək səslə bəyan edilməsidir. İki qardaş ölkə arasında iqtisadi əməkdaşlıq barədə iyunun 13-də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarında da geniş bəhs edilib. Dövlətimizin başçısı məmnunluq hissi ilə ticarət dövriyyəsinin sürətlə artdığını və bunun artıq 6 milyard dollara yaxınlaşdığını, eyni zamanda, bu prosesin dinamik xarakter aldığını bildirib: “Çünki birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq”.
Ölkə başçısı cənab İlham Əliyev bəyanatı zamanı Şuşa Bəyannaməsinə toxunaraq bu sənədlə Türkiyə və Azərbaycan rəsmən müttəfiq olduğunu bildirdi: “Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur”. Birgə bəyanat zamanı Ölkə rəhbəri cənab İlham Əliyev regionun gələcək rifah üçün Zəngəzur dəhlizinə önəm vermələri isə müstəsna əhəmiyyət daşımaqda olduğunu da diqqətə çatdıraraq demişdir: “Biz, eyni zamanda, Zəngəzur dəhlizinin tezliklə açılması haqqında fikir mübadiləsi apardıq, bu məsələni müzakirə etdik. Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”. Göründüyü kimi, Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi regionda sabitliyə və təhlükəsizliyə xidmət edir.
Ən əsası, Azərbaycan-Türkiyə birliyinin gücü və önəmi getdikcə artır. İki qardaş ölkənin həyata keçirdiyi layihələr Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təmin edilməsi ilə yanaşı, regionda yaşayan bütün xalqların inkişafı üçün geniş imkanlar yaradır.

Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri
Mədəniyyət