Münxen Konfransı Azərbaycanın növbəti diplomatik uğuru kimi

Münxen Konfransı Azərbaycanın növbəti diplomatik uğuru kimi

İşğal olunmuş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının möhtəşəm qəhrəmanlıq salnaməsidir. İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsi olmuşdur. Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti, beynalxalq hüququ bərpa etdi. Bu gün əminliklə demək olar ki, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə ölkəmizin daha da güclənəcəyi heç bir şübhə doğurmur. Azərbaycan uzun illər ərzində Ermənistanın ədalətsiz mövqeyinin dəyişməsi, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün səylər göstərsə də, real nəticə görünmədi, düşmən işğalçılıq yolundan dönmədi. Ancaq Azərbaycan isə haqq-ədalət yolunda inamla irəlilədi. Beynəlxalq güclərin respublikamıza qarşı ikili standartlarından heç də ruhdan düşmədi, Ermənistanın işğal siyasətini, təxribatlarını ifşa etməkdən çəkinmədi, beynəlxalq birliyi qəsbkarın faşist mahiyyəti barədə vaxtaşırı məlumatlandırdı. Çünki bu Azərbaycanın haqq mübarizəsi idi və heç vaxt bu mübarizədən geri dönmədi. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev özü də xüsusi vurğulamışdır ki, biz Beynalxalq Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz bərpa etmişik, BMT Nizamnaməsini əldə rəhbər tutmuşuq. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Nəticə olaraq, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik.
Bildiyimiz kimi, hər il fevral ayında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclaslar həyata keçirilir. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan Münxen Təhlükəsizlik Konfransının ən fəal iştirakçılarından biridir. Hər zaman dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edən Azərbaycan bunu atdığı addımları ilə təsdiqləyir. Hazırkı postmünaqişə dövründə günümüzün əsas çağırışlarından biri regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Prezident cənab İlham Əliyev 18 fevral tarixində keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasında çıxışında qeyd etmişdir: “Ərazi bütövlüyünü və ədaləti bərpa etmək, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Torpağımızın işğalı, bir milyon azərbaycanlını evindən didərgin salması, 67 məsciddən 65-nin dağıtması və onları təhqir etməsi – bütün bunlar qonşularımız tərəfindən edilib. 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Biz müharibə apardıq, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi.”
Dövlət başçısı İlham Əliyev danışıqlardan yayınan, sülh müqaviləsinin imzalanması prosesinin hər vəchlə uzanmasına səy göstərən Ermənistanı Münxendə növbəti dəfə ifşa etdi. “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurum da bu məsələyə xüsusi diqqət yetirir. Əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi. Bu, məsələnin müzakirəsinə maraqdan irəli gəlir. Belə bir əminlik ifadə edildi ki, əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, ədavət dövrünün arxada qalmasına nail olmaq mümkün olacaq.
Bir sözlə, Münxen Konfransı Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə düşdü. Qalib ölkə liderinin bu nüfuzlu beynəlxalq platformada ortaya qoyduğu mövqe ölkəmizin beynəlxalq miqyasda iqtisadi, siyasi, diplomatik üstünlüklərinin açıq-aydın ifadəsi idi. Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri onu göstərir ki, ölkəmiz Ermənistan ilə normallaşma prosesindəki, Qarabağ məsələsindəki mövqeyində ardıcıldır və bu mövqe heç bir siyasi spekulyasiyalar üçün meydan tanımır. Ona görə ki, ölkəmiz 30 ilə yaxın müddətdə sülh axtarışları üçün cəhdlər göstərib, 44 günlük müharibədə özünün haqlı mövqeyinin qorunması, torpaqlarının azadlığa qovuşması naminə şəhidlər verib. Bütün bunlardan sonra heç bir qüvvənin Bakıdan Ermənistan üçün nə isə tələb etmək haqqı yoxdur. İrəvan isə şansını onsuz da itirmiş durumdadır. Onun qarşısında olan yegənə yol Azərbaycan ilə razılaşmaqdır.

Gülər Quliyeva,
Salyan şəhər 4 saylı tam orta məktəbin direktoru, YAP fəalı
Mədəniyyət