Prezident İlham Əliyev: Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir

Prezident İlham Əliyev: Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir

Son illər ərzində Azərbaycanda davamlı dövlət dəstəyi sayəsində təhsilin maddi-texniki bazası möhkəmləndirilib, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib
Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Məlum olduğu kimi müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda da təhsil dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilib. Son 17 ildə respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qara qızılın insan kapitalına çevrilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin innovasiyalara, yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə böyük həcmli işlər görülüb. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifə isə belədir ki, Azərbaycan təhsili ən yüksək tələblərə cavab verməlidir. “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Son 17 ildə respublikamızda təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük nailiyyətlər əldə olunub
Təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən amillər sırasında infrastrukturun rolu xüsusilə böyükdür. Müasir infrastruktur, güclü maddi-texniki təchizat öz növbəsində keyfiyyətli təhsilə yol açır. Bu baxımdan ölkəmizdəki vəziyyət təqdirəlayiqdir. Son 17 ildə respublikamızda təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük uğurlar əldə olunub. Bəhs olunan dövrdə təhsil infrastrukturunun yenilənməsi həm ümumtəhsil məktəblərini, həm də ali təhsil ocaqlarını əhatə edib. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Deyə bilərəm ki, son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb”.
Bəhs olunan dövrdə respublikamızda yüksək səviyyəli təhsil infrastrukturunun yaradılmasına dövlət tərəfindən böyük həcmlərdə maliyyə vəsaiti yönəldilib. Eyni zamanda, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsinə Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da öz töhfəsini verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxanalar, idman zalları və geniş meydançalar, eləcə də avtonom istilik sistemi yaradılıb. Ulu Öndərimizin adını daşıyan Fond həmçinin “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində də ölkəmizdə təhsil infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulmasına özünün sanballı töhfələrini verir.
Əlamətdar haldır ki, respublikamızda təhsil infrastrukturunun yenilənməsi çətin pandemiya şəraitində də diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev 5 may 2020-ci il tarixində “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 20,0 (iyirmi) milyon manat Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb. Bundan başqa, dövlət başçımız təkcə son vaxtlarda Masallı rayonunun Qızılağac, Balakən rayonunun Yeni Şərif, İsmayıllı rayonunun Sumağallı, Qobustan rayonunun Təklə Mirzəbaba, Qəbələ rayonunun Zarağan, Samux rayonunun Çobanabdallı, Ağcabədi rayonunun Sarıcalı, Tərtər rayonunun Xoruzlu kəndlərində, Gəncə, Şəki şəhərlərində və digər ünvanlarda yeni ümumtəhsil məktəbi binalarının tikintisi ilə bağlı tədbirlər haqqında, eləcə də Mingəçevir şəhərində 12 nömrəli tam orta məktəb binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncamlar imzalayıb. Hazırda bəhs olunan sərəncamların icrası istiqamətində intensiv iş aparılır.
Ucqar kəndlərdə modul tipli məktəblərin inşası layihəsi uğurla davam etdirilir
Artıq bir neçə ildir ki, respublikamızda modul tipli məktəblərin inşası layihəsi də uğurla icra edilir. Belə məktəblərin tikintisi əsasən kontingenti az olan ucqar kəndləri əhatə edir. Təhsil Nazirliyindən verilən məlumata əsasən, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə respublikamızın 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. Modul tipli məktəblərin inşası tez başa gəlir və zəruri hallarda onların genişləndirilməsi də mümkündür. Əlamətdar haldır ki, artıq respublikamızda son illərdə regionlarda yaradılan sənaye məhəllələrində müxtəlif layihələr əsasında modul tipli məktəblərin quraşdırılması qaydaya salınıb. Modul tipli məktəblərin inşasının dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirildiyini bildirən Prezident İlham Əliyev “Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır”, - deyə vurğulayıb.
Təhsil Nazirliyindən bildirilib ki, respublikamızda 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək. Həmin modul tipli məktəblərin inşası dövlət başçısının imzaladığı müvafiq sərəncamlar əsasında həyata keçiriləcək. Xəbər verildiyi kimi, 6 may 2020-ci il tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb. Dövlət başçısının 8 avqust 2020-ci il tarixli Sərəncamı ilə isə ölkənin 13 rayonunda daha 26 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Sənədə əsasən Təhsil Nazirliyinə bu məqsədlə 7 milyon manat vəsait ayrılıb.
Təhsilin səviyyəsinin yüksəlməsində müəllimlərin peşəkarlığı mühüm rol oynayır
Yuxarıda vurğuladığımız kimi, Prezident İlham Əliyev ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı qarşıya ciddi vəzifələr qoyub ki, burada da müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Təhsilin səviyyəsinin yüksəlməsində müəllimlərin peşəkarlığı mühüm rol oynayır. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görülüb. Dövlət xətti ilə həyata keçirilən layihələr bu sahədə xüsusi rol oynayır. 2015-2018-ci illərdə respublikamızda yeni yanaşma tətbiq olunaraq müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Diaqnostik qiymətləndirmədən uğurla keçmiş müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılıb. Əməkhaqlarının artırılması öz növbəsində cəmiyyətdə müəllimlərin peşəkarlığının və nüfuzunun yüksəlməsinə səbəb olub. Təsadüfi deyildir ki, son vaxtlarda ölkəmizdə həyatlarını bu şərəfli peşə ilə bağlamaq istəyənlərin sayı getdikcə artır.
Yeri gəlmişkən, avqust ayının 14-dən etibarən respublikamızda müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilib. Təhsil Nazirliyinin məlumatına əsasən, imtahanlar ümumilikdə təxminən 18 gün davam edəcək. Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. İmtahan keçiriləcək bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılacaq.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 228 namizəd iştirak hüququ qazanıb.


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov

Hazırladı: Astanov Rəcəb şöbə müdiri
Mədəniyyət