Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk Dövlətləri Təşkilatı ölkələri ilə əlaqələrin möhkəmləndirilməsindən ibarətdir

Azərbaycanın xarici siyasətinin  əsas prioritetlərindən biri Türk Dövlətləri Təşkilatı ölkələri ilə əlaqələrin möhkəmləndirilməsindən ibarətdir

Son dövrlərdə türkdilli dövlətlərin dölət başçılarının, rəsmi şəxslərinin ölkəmizə intensiv səfərləri Azərbaycan dövlətinin türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyinin bariz nümunəsidir. Prezident İlham Əliyevin də həm rəsmi, həm də işgüzar səfərlərinin mühüm ünvanlarından biri məhz türkdilli dövlətlərdir. Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib. Aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində bu səfərlər reallaşıb. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxıb. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Azərbaycan hər zaman türk dünyasının birliyinə mühüm töhfələr verib. 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə Görüşündə təsis edilən Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçib. Cənab Prezidentin Zirvə Görüşündə vurğuladığı kimi, Türk dünyası bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. 2021-ci ilin iyulunda imzalanan Şuşa Bəyannaməsi bu yolda mühüm bir addımdır. Azərbaycan ilə Türkiyənin timsalında Türk birliyi mühüm bir yola qədəm qoyub. Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daim diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq hüququndan məhrumdur.Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bəzi ölkələrin bu məsələdə tutduqları mövqe anlaşılmazdır və Azərbaycanın bu problemin həllli ilə bağlı ortaya qoyduğu qətiyyət diqqətəlayiqdir. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir.
2020-ci il Vətən müharibəsi günlərində Türk dövlətləri mənəvi dəstəklərini Azərbaycandan əsirgəməyiblər. Türk dövlətlərinin başçıları müharibə bitən zaman Azərbaycan xalqını və dövlətimizin başçısını qələbə münasibətilə təbrik ediblər. Zirvə Görüşündəki çıxışında qələbədən ötən 2 il ərzində işğaldan azad edilmiş ərazilərdə görülən mühüm işlərə, eləcə də işğal dövründə erməni vandalizmi nəticəsində baş verənlərə xüsusi yer ayıran Prezident İlham Əliyev bildirib ki, otuz illik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir. Azərbaycan bu gün Ermənistanın müharibə cinayəti – minalanma ilə üz-üzədir. Ermənistan işğal dövründə ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşının mina partlayışları zamanı həlak olması müharibə cinayətlərinin davam etdiyini göstərir. Amma bununla yanaşı, Azərbaycan dövləti işğaldan azad edilmiş böləgələrdə mühüm abadlıq, tikinti-quruculuq işləri aparır. Artıq “Böyük Qayıdış” proqramının icrasına başlanılıb və 30 ilə yaxın öz doğma yurd-yuvasınıdan didərgin düşmüş vətəndaşlarımız öz torpaqlarına qayıdır. Abadlıq-quruculuq işlərində isə türkdilli ölkələrin, xüsusilə Türkiyənin şirkətləri öz fəallığı ilə seçilir. O cümlədən, Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilməsinin, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunacağı olduqca əlamətdar hadisədir. Bu, Türk dövlətləri arasındakı mühüm qardaşlıq bağlarının təcəssümüdür.
Qarabağ münaqişəsi artıq keçmişdə qalıb və oktyabr ayında baş tutmuş Praqa və Soçi danışıqlarında qəbul edilən bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi regionda yeni siyasi reallıqlara yol açıb. Bu reallıqların əsasında isə əməkdaşlıq faktoru dayanır. Artıq regionda yeni əməkdaşlıq plaftormaları müzakirə edilir. Bu amil İkinci Qarabağ müharibəsinin nəticələridir. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq. Təbii ki, həm də Türk dövlətləri Zəngəzur dəhlizinin açılmasında maraqlı olmalıdır. Çünki bu dəhlizin fəaliyyətə başlaması əlaqələrin daha da genişlənməsinə yol açacaq.

Rasim Abıyev,
Salyan rayon Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndə





Mədəniyyət