Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin prioritet istiqamətləri

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi  fəaliyyətinin prioritet istiqamətləri

Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Dövlət rəhbərimizin ömür-gün yoldaşı kimi Mehriban xanımın üzərinə daha bir tarixi missiya düşdü. Mehriban xanım Əliyeva tariximizdə ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırdı.
Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının siyasi tarixində ilk dəfə yaradılmış Birinci vitse-prezident postunda uğurla fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın fəaliyyəti, onun tərəfindən irəli sürülən təşəbbüslər və reallaşdırılan layihələrin nəticələri həm Azərbaycanda, həm də beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə atılan addımlar və gerçəkləşdirilən layihələr sosial məsələlərin həllində vacib rol oynayır. Ötən müddət ərzində Birinci vitse-prezident Mehriban Əliyeva dövlət başçısının və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub, daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir.
Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsinə böyük ehtiramının ifadəsi olaraq Ulu Öndərin adını daşıyan Fondun prezidenti kimi müqayisəyəgəlməz fəallıq və təşəbbüskarlıq nümayiş etdirir. Mehriban xanım Əliyevanın təəssübkeşliyi, Vətənə, xalqa bağlılığı, daim qurub yaratmaq həvəsi ilə yaşadığı, gördüyü işdən mənəvi zövq aldığı rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrdə daha qabarıq şəkildə nəzərə çarpır. Ümumiyyətlə, xeyirxahlıq və humanizm Heydər Əliyev Fondunun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələrin əsas qayəsini təşkil edir. Xüsusi olaraq vurğulanmalıdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Ümummilli Liderimizin ideyalarına əsaslanır, Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli-layiqli töhfəsini verir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri bir çox ölkələri, qitələri əhatə edir. Heydər Əliyev Fondunun bir sıra xarici ölkələrdə reallaşdırdığı layihələr dünyada tolerantlığın və multikultural dəyərlərin təbliği baxımından müstəsna əhəmiyyətə malikdir. Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Pakistanda, Gürcüstanda, Misirdə, Rusiyada bir neçə məktəbin yenidən qurulmasına, Vatikanda Müqəddəs Roma katakombalarının və Strasburq Kafedral kilsəsinin bərpasına dəstək nümayiş etdirib. Bu həm də sivilizasiyalararası dialoqun təşviq olunması baxımından böyük önəm kəsb edir. Digər tərəfdən, Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik tədbirləri sırasında yer alır. Eyni zamanda, Versal sarayının bir hissəsinin, Luvr muzeyi qalereyasından birinin bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr də Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərini əks etdirən nümunələrdəndir.
Mehriban xanım Əliyevanın özünün çoxşaxəli fəaliyyəti ilə bu gün gənc nəsil üçün vətənə xidmətin, milli ənənələrə sədaqətin canlı örnəyidir.

Təranə Rəcəbli
Sumqayıt şəhər 1 nömrəli Doğum Evinin baş həkimi
Mədəniyyət