Novruz şənliklərini Qələbəmizin Şuşa zirvəsindən müjdələyən səfər

Novruz şənliklərini Qələbəmizin Şuşa zirvəsindən müjdələyən səfər


Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Novruz bayramı qarşısında işğaldan azad edilmiş ərazilərə səfəri və Novruza qapı açan ilaxır çərşənbəni Qarabağın tacı Şuşada qeyd etmələri builki bayram təntənələrini tarixi Qələbəmizin Şuşa zirvəsindən müjdələdi.
– Qalibiyyətli Vətən müharibəsi 30 ildən bəri pozulmuş sərhədlərimizin bərpa edilməsi ilə nəticələndi. Builki Novruz tonqalları artıq yurdumuzun hər yerində illər boyu yurd itkisi ilə simləmiş nisgili əvəz edən zəfər öyüncü, ürək açıqlığı ilə yandırılır. Yurdumuzun hər bucağından qanadlanan, qələbə sevinci ilə rövnəqlənən bayram şənlikləri 30 il idi ki, bu tonqallara həsrət qalmış Qarabağ obalarında artıq gur əks-səda verir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva da işğaldan azad edilmiş torpaqlarımıza növbəti dəfə məhz Novruz şənlikləri ərəfəsində səfər etdilər. Bu səfər həm də Qarabağa Böyük qayıdış üçün aparılan ümumi hazırlıq tədbirlərinin yeni layihələrinə start verilməsi ilə əlamətdar oldu.
Dövlət başçısı və ailə üzvləri əvvəlcə Füzuli və Xocavənd rayonlarında oldular. Səfər zamanı yolboyu videolentə alınan mənzərələr erməni vəhşiliyinin heç bir sərhəd tanımadığını təkcə Azərbaycan auditoriyasına deyil, həm də xarici aləmə yenidən nümayiş etdirdi. Daşı daş üstə qalmayan evlərimiz, dağıdılmış infrastruktur, minalanmış ərazilər, asfaltı itmiş yollarımız... Bütün bunları düşmən məqsədli şəkildə törədib. Erməni vandallar Qarabağı ona görə xaraba qoyublar ki, onu həqiqi sahibləri bir də ora qayıtmasınlar.
Qəsbkarlar həm də düşünüblər ki, guya, Qarabağ əbədi olaraq onların istifadəsinə keçib. Amma buna nailm ola bilməyiblər, çünki heç Ermənistanın özünə sahib çıxıb düz-əməlli quruculuq aparmağa güc və imkanları olmayıb. Azərbaycan isə torpaqlarımızı azad etmək üçün illər boyu ermənilərdən dinc yola gəlməyi gözləyib, onları yenidən qan tökülməməsinə çağırıb. Nəhayət, Azərbaycan əsgəri onun xilaskar yolunu səbirsizliklə gözləyən Qarabağa müzəffər yürüşü cəmi 44 günə gerçəkləşdirdi. Ali Baş Komandan İlham Əliyevin qurub-yaratdığı, rəhbərlik Azərbaycan Ordusu 30 ildən sonra tarixi torpaqlarımızı düşmən tapdağından azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür versin!
Daha sonra Qarabağa Böyük qayıdışa geniş qapı açan yol-nəqliyyat infrastrukturunun sürətlə bərpa edilməsi və genişləndirilməsi sahəsində bilavasitə dövlət başçısının rəhbərliyi ilə gerçəkləşdirilən layihələrin önəmindən danışdı:
– Prezident İlham Əliyevin səfər çərçivəsində əvvəlcə uzunluğu 13 kilometr olan Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlini qoydu. Uzunluğu 43 kilometr olacaq bu yol Hacıqabul-Mincivan--Zəngəzur dəhlizi avtomobil yoluna birləşəcək. Prezident İlham Əliyev Qarabağın həqiqi sahiblərinin həyata keçirdiyi bu layihənin əhəmiyyətindən danışaraq düşmənin də, onun bədnam himayədarlarının da, haqsevər dünyanın da eşidə biləcəyi səslə bəyan etdi: “Füzulidən Şuşaya yol çəkilir--Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə--Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır”.
Azərbaycan rəhbəri, faktiki olaraq, Ermənistan cəmiyyətinə və dünya ictimaiyyətinə çatdırdı ki, Qarabağda törədilən vəhşiliyə və dağıntıların miqyasına baxmayaraq, Azərbaycan dövləti azərbaycanlıların öz dədə-baba torpaqlarına Böyük qayıdışını təmin etmək üçün hazırdır. Bunun üçün ölkə rəhbərliyinin siyasi iradəsi və dövlətin iqtisadi imkanları yetərincədir. Təməli qoyulan yollar da məhz bu ali məqsədə xidmət edir.
Dövlətimizin başçısı ailə üzvləri ilə birgə Hünərli və Tuğ kəndlərində qədim Alban məbədlərini ziyarət etdilər. O məbədləri ki, ermənilər bu illər ərzində xislətlərinə uyğun şəkildə özününküləşdirmək üçün hər cür iyrənc üsula, tarixin saxtalaşdırılmasına əl atıblar, amma məqsədlərinə nail ola bilməyiblər. Prezident İlham Əliyevin mötəbər şahidliklə dediyi kimi, işğal dövründə məscidlərimizi təhqir edən, 67 məsciddən 65-ni tamamilə dağıdan ermənilər qədim Alban məbədlərinə də güzəşt etməyiblər, onları da qədim qəbilə təfəkkürü ilə təhqirə məruz qoyublar.
Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın törətdiyi bu kütləvi vəhşilikləri bütün bunları dünyaya göstərməklə erməni vandalların əməllərinə göz yuman məlum ünvanlara səslənirdi ki, ayılın, baxın-görün kimlərə havadarlıq etmisiniz. Dövlətimizin başçısı onlara həm çağırış, həm də xəbərdarlıq etdi: “Hər kəs bunu görməlidir, bilməlidir. Əgər kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, o, cavabını alacaq, necə ki, bu günə qədər alıb. Baxın, buraya baxın, erməni kilsəsi olsaydı, bunları yazardılar? Yazardılar bunları? ”Kamo”, “Artur”, nə bilim, “Marta”. Öz kilsələrini belə təhqir edərdilər? Bax, bu daşların hamısı saxtadır. Bu, erməni saxtakarlığıdır”.
Şuşa şəhərinin Azərbaycan tarixindəki yerini, çağdaş önəmini qədərincə dəyərləndirən, bu şəhəri xüsusi bir sevgi ilə himayə edən Prezident İlham Əliyev və ailəsi səfərin davamında bu şəhərdə gecələdilər, Novruz bayramının ilk böyük təntənəsi olan axır çərşənbəni də bu şəhərdə qarşıladılar. Şəhərdə aparılan zəruri bərpa-abadlıq işləri ilə yerindəcə tanış olan ölkə rəhbəri yeni layihələrə də xeyir-dua verdi.
Azərbaycan rəhbəri Qələbə sevinclərinin Novruz şənliklərinə qovuşduğu müqəddəs bir məqamda bir daha dünyaya bəyan etdi ki. Qarabağın, onun tacı olan bu şəhərin əzəli sahibləri buraya əbədi qayıdıblar: “Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Yaxşı, erməni şəhəri idisə, niyə əl gəzdirməmisiniz? Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir. Azərbaycanlıların evlərini dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq. Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz. Bura Azərbaycan torpağıdır, Qarabağ torpağıdır. Bundan sonra Azərbaycan xalqı burada əbədi yaşayacaq”.
Doğrudan da, 44 günlük Vətən müharibəsi xalqımızın qələbəsi – Zəfəri ilə yekunlaşdı, 30 illik həsrətimizə son qoyuldu, tarixi ədalət Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun gücü və Xalqımızın birliyi hesabına bərpa olundu:
– Qarabağın həqiqi sahibləri tezliklə öz yurdlarına dönəcək, cənab İlham Əliyevin bəyan etdiyi kimi, “Azərbaycan xalqı burada əbədi yaşayacaq”. Artıq 4 aydır ki, çoxillik münaqişənin son akkordu olan Vətən müharibəsinin aktiv fazası bitib. Dövlətimizin başçısı Böyük qayıdışa irimiqyaslı və sürətli start verib. Lakin Ermənistanda əks-təbliğat davam etdirilməkdədir. Elə buna görə də, hər birimiz- ictimai-siyasi fəallar, yönümündən asılı olmayaraq siyasi partiya mənsubları, vətəndaş cəmiyyətinin nümayəndələri və ilk növbədə, jurnalistlər bütün həqiqətlərin, erməni vəhşiliyinin çılpaqlığı ilə dünyaya çatdırması üçün daha fəal olmalıyıq. Böyük qayıdışı tezləşdirmək naminə hər birimiz səfərbər olmalıyıq, imkan və bacarığımızı əsirgəməməliyik.
Prezident İlham Əliyev səfər çərçivəsində Ermənistanda baş qaldırmaq istəyən revanşist ünsürlərə və onların dəmtutanlarına da növbəti xəbərdarlığını ucadan səsləndirdi: “Özlərini dövlət adlandırırdılar, dırnaqarası “Artsax dövləti” cəhənnəmə getdi. “Dövlət” idisə, bəs, niyə daş-daş üstə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bu torpaq azərbaycanlıların torpağıdır”.
Dövlət başçısının bu ciddi xatırlatmasından sonra Ermənistanda revanşa meyilli olan populist siyasətçilər də, onların himayədarları da, nəhayət, anlamalıdırlar ki, qalib ölkənin siyasi iradəsinin qarşısında boş xülyalarla yaşamaq əbəsdir, erməni cəmiyyətini isə daha dərin uçuruma yuvarlatmaq deməkdir. Azərbaycan rəhbərinin dediyi kimi: ali siyasi iradə və dəmir yumruq öz yerindədir.

Axısxa Türkü Əliyar Sərvərov
Quba rayon Mərkəzi Xəstəxanasının baş həkimi
Mədəniyyət