Zəfər sevincli növbəti doğum gününüz mübarək, müzəffər Ali Baş Komandan!
Azərbaycan xalqının dövlətçilik tarixinə nəzər salsaq, adları böyük iftixar və şərəflə çəkiləcək siyasi liderlərimiz bəs qədərdir. Tam əminliklə demək olar ki, bu siyahıda Prezident İlham Əliyev yeganə şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı, zəfər çalmış hərbi lider kimi şanlı tariximizə qızıl hərflərlə öz adını həkk etdirdi. Dövlət başçımızın digər bir xüsusi qabiliyyətlərindən biri də ən çıxılmaz məqamlarda başqaları üçün həlli mümkünsüz görünən məsələlərin həllinə qətiyyəti və sarsılmaz iradəsi sayəsində nail ola bilməsi bacarığıdır.
Prezident İlham Əliyev prezidentlik və siyasi liderlik missiyasını beynəlxalq və qlobal məsələlərin həllində də uğurla reallaşdırmaq imkanlarına malikdir. Hakimiyyətə gəldiyi gündən etibarən milli maraqlar məsələsində hər daim güzəştsiz mövqeyini qətiyyətlə sərgiləyib. Məhz, sadalanan potensialı və harizması onu digər siyasi xadimlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri olub. İlham Əliyev siyasi fəaliyyətində daim səbirli, təmkinli, dəqiq və soyuqqanlı liderlik imkanlarını nümayiş etdirib. Öncədən müəyyənləşdirilməmiş, planlaşdırılmamış və ən ümdə, nəticə etibarilə milli maraqlarla uzlaşmayan heç bir qərara imza atmayan bir dövlət adamıdır İlham Əliyev. 44 günlük zəfərlə bitən tarixi qələbəmiz bir daha sübut etdi ki, hər şeyi doğru zamanda doğru edir. Hakimiyyətdə olduğu 17 il ərzində heç bir güzəştə getmədən Qarabağ məsələsində işğalçı Ermənistana və onu dəstəkləyən böyük güclərə qarşı qətiyyətli mübarizə sərgiləməsi deyilənlərin ən bariz nümunəsi kimi dəyərləndirilməlidir. O, işğala məruz qalan torpaqların azadlığı istiqamətində Ümummilli Lider Heydər Əliyevin yürütdüyü siyasi kursu yüksək
peşəkarlıqla və uğurla davam etdirdi. Və ən nəhayət, ata vəsiyyətini həyata keçirərək öz canı qədər sevdiyi müqəddəs torpaqlarımızı mənfur düşməndən azad etdi. Ölkə başçımız buna qədər yalnız erməni lobbisinə qarşı yox, beynəlxalq müstəvidə ikili standartlara, ermənilərə himayədarlıq edən super-güclərə qarşı gecə-gündüz qətiyyətli mübarizə apardı. Düzdür, bu illər ərzində İlham Əliyev var-gücü ilə məsələnin qansız, müharibəsiz həllinə nail olmaq üşün çalışır, amma hər zaman müharibə variantının istisna olmadığını vurğulayırdı. O, hətta Azərbaycana qarşı ikili standartlar sərgiləyən beynəlxalq təşkilatları ən yüksək tribunalardan ittiham və tənqid etməkdən belə çəkinməyib. Hələ 2004-cü ildə BMT Baş Məclisinin 59-cu sessiyasında Qarabağ məsələsiylə bağlı mövqeyini, qətiyyətini bu şəkildə bildirmişdi: “Beynəlxalq qurumun bir çox hallarda problemə qeyri-konstruktiv münasibəti münaqişənin aradan qaldırılmasına, sülhün əldə olunmasına deyil, əksinə, Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları irəli sürməsinə, ümumilikdə regionda vəziyyətin daha da gərginləşməsinə zəmin yaradır. Belə ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunduğu gündən etibarən dünya birliyi ölkələrini Ermənistanın yeritdiyi işğalçılıq, soyqırımı və etnik təmizləmə siyasətinin qarşısını almağa, dövlətimizin beynəlxalq hüquq normalarına əsasən təsbit olunmuş hüquqlarının, məcburən daimi yaşayış yerlərini tərk etmiş vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində konstruktiv mövqe tutmağa çağırsa da, beynəlxalq qurumların fəaliyyətsizliyi üzündən heç bir nəticə alınmamışdır”.
Nəhayət, 27 sentyabr 2020-ci il tarixində Ermənistan növbəti təxribatına dözməyən Prezident İlham Əliyev torpaqlarımızın azad edilməsi üçün xalqa müraciət etdi. Xalqımız həmrəylik, birlik və yüksək əzmkarlıq nümayiş etdirərək bir nəfər kimi dövlət başçısının yanında olduğunu nümayiş etdirdi. Bu siyasətin, milli birliyin nəticəsində Azərbaycan ordusu 44 gün ərzində işğal olunmuş torpaqları azad, düşməni isə darmadağın etdi. Siyasi arenada, döyüş meydanında olduğu kimi, İlham Əliyev informasiya cəbhəsində də Azərbaycanın haqq işinə qərəzli yanaşanları dərhal və faktlarla susdurdu.
2003-cü ildə xalqın iradəsi ilə prezident seçilən İlham Əliyevin buna qədərki ictimai və digər sahələrdə fəaliyyətinə nəzər salmaq kifayət edər ki, bu fenomenial şəxsiyyətin bütün müstəvilərdə uğur qazandığının şahidi olaq. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alan ölkə başçısı 1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.
İnstitutu bitirdikdən sonra aspiranturaya daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. O bu vəzifədə olduğu müddətdə Ümummilli Lider Heydər Əliyevin neft strategiyasını uğurla həyata keçirib. İlham Əliyev bu siyasətin beynəlxalq arenada uğur qazanmasında, olduqca çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə böyük həcmdə investisiya cəlb edilməsində müstəsna rol oynamışdır. Məhz o illərdə xarici şirkətlər Azərbaycana külli miqdarda bonus vermiş, neft sektorunda minlərlə iş yerləri açılmışdır.
Prezident İlham Əliyevin 1995-2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisində deputat kimi fəaliyyəti də kifayət qədər zəngin və səmərəli olub. O millət vəkili seçiləndən dərhal sonra mütamadi olaraq seçiciləri ilə görüşür, onların problemlərinin həli istiqamətində əvəzsiz xidmətlər göstərmişdir. Yeni qanunların qəbul edilməsində yaxından iştirak edir, taleyüklü məsələlərin həli istiqamətində prinsipial mövqe nümayiş etdirmişdir. İlham Əliyev əhalinin müxtəlif təbəqələri, xüsusilə qaçqın və məcburi köçkünlərə, o cümlədən Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət ayırır, sosial ədalətin təmin olunması istiqamətində yeni təkliflərlə çıxış edirdi. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyev Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi taleyüklü məsələlərdə prinsipial mövqe ortaya qoyub. Onun AŞPA-dakı qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan qondarma Dağlıq Qarabağ problemi barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan “Dağlıq Qarabağ”ın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri var. Avropa Şurasındakı fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə
Qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazandırmışdır. O, 2003-cü ildə AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir.
Görkəmli dövlət xadimi İlham Əliyev həm də Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən görkəmli partiya xadimidir. İlham Əliyev əhalinin geniş kütlələrinin təmsil etdiyi partiyanın quruculuğuna səfərbər olunmasında səmərəli fəaliyyət göstərib. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük üstünlük əldə etmişdir. İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmiş və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev bu sahədə də yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu sübut etmişdir. O, gərgin əməyi sayəsində, az müddət ərzində Azərbaycan idmanını ayağa qaldırılmış, ona dünya şöhrəti qazandırmışdır. Beynəlxalq yarışlarda idmançılarımızın qazandığı parlaq uğurlar qeyd olunanlara əyani sübutdur.
Prezident İlham Əliyev ölkədə insan haqları və azadlıqlarının daha yüksək təmin olunmasını daim diqqət mərkəzində saxlayır. Onun fəaliyyəti dövründə gənclərin xaricdə təhsil almaları üçün mühüm tədbirlər planı hazırlanmış və bu istiqamətdə ciddi nailiyyətlər əldə edilmişdir. Belə ki, lham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam imzaladı və buna uyğun olaraq 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı təstiq edildi. Prezident İlham Əliyev sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafeyini bütün müstəvilərdə uğurla müdafiə edir. Məhz onun uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu günbəgün artır. İlham Əliyev bir çox ölkələrin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur. Tam əminliklə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar, uzaqgörən və məqsədyönlü xarici siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Prezident İlham Əliyev siyasətində multikulturalizm və onun tərkib hissəsi olan başqa mədəniyyətlərə hörmət, tolerantlıq, dözümlülük hər daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, dövlət başçısı 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etmiş və bu illər ərzində bu istiqamətdə parlaq nailiyyətlər əldə edilmişdir. Belə ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdırıb. Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. Prezident İlham Əliyev 2014-cü il oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində bu barədə deyib: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”.
Bütün bu deyilənlər bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin siyasi fəaliyyəti və bu istiqamətdə əldə olunan nailiyyətləri sadalamaqla qurtaran deyil. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev bu gün də millətimiz və dövlətimizin daha böyük uğurlara imzalar atması üçün gecə-gündüz yorulmadan fəaliyyət göstərir. Ömrünün müdriklik, siyasətdə zəfərlərlə dolu bir dövrünü yaşayan Ali Baş Komandan, müzəffər Prezident İlham Əliyevin bu gün doğum günüdür. Möhtərəm, əbədi Prezidentimiz İlham Əliyevi bu gözəl gün münasibətilə təbrik edir, can sağlığı, millətimiz və dövlətimizin gələcəyi naminə fəaliyyətində daha böyük zəfərlər arzulayırıq. Zəfər sevincli növbəti doğum günününüz mübarək, əziz, müzəffər Prezidentimiz!
Əflatun İbrahimov,
Masallı rayon Baş memarı