Hərbi qüdrətin nümayişi

Hərbi qüdrətin nümayişi

Bir il bundan öncə, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı da tarixə əbədi həkk edilən hadisədir. 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də Zəfər paradında iştirak etməsi isə düşmənə və onun arxasında dayanan böyük güclərə bir mesaj idi: Azərbaycan tək deyil. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib. Əlbəttə, iki qardaş ölkənin rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisə kimi yazıldı. O gün bambaşqa idi: ölkəmizin bütün şəhər, rayon və hətta ən ucqar kəndlərinin də Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi iki doğma xalqın mənəvi yaxınlığının təzahürü idi.
Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi ötən illər ərzində hərbi quruculuq məsələsinə prioritet istiqamətlərdən biri olaraq daim önəm verib, ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görüb, Silahlı Qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərini reallaşdırıb. Ordumuzun inkişafı, modernləşdirilməsi istiqamətində gerçəkləşdirilən layihələrin uğurlu nəticəsi hələ 2016-cı ilin aprelində özünü göstərmişdi. Həmin ayın 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, silahlı qüvvələrimiz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini qəsbkardan təmizləmişdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Silahlı Qüvvələrimiz bundan iki il sonra- 2018-ci ilin mayında da uğurlu əməliyyat keçirərək, Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisini və Şərur rayonunun Günnüt kəndini düşməndən təmizləmişdi. Təəssüf ki, işğalçı bütün bu dərslərdən nəticə çıxarmadı, ötən il iyul ayının 12-16-da Tovuz rayonu istiqamətində daha bir məqsədyönlü təcavüzkar hərəkəti törətdi. Bədxah düşmənin təcavüzü bu dəfə də ordumuz tərəfindən layiqincə cavablandırıldı. Ümumiyyətlə, sadalanan döyüşlər erməni silahlı dəstələrinin ordumuzla müqayisədə nə qədər geri qaldığını, Silahlı Qüvvələrimizin mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından düşmənin hərbi qüvvələrini müqayisəolunmaz dərəcədə qabaqladığını təsdiqlədi və təbii ki, düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi.
Ermənistan ordusunun ötən il sentyabrın 27-də təxribat törədərək ölkəmizə hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün davam edən müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz ordu” mifini birdəfəlik darmadağın etdi. Zəfər paradında diqqətçəkən bir məqam da Şuşa azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi idi. Eyni zamanda, əldə edilən möhtəşəm uğur şərəfinə paradda 3 min Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitlərinin də iştirakı hər birimizdə qürur hissi doğururdu. Yeri gəlmişkən, Vətən müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi parlaq qələbəyə inamı artırdı. Döyüşlərin ilk saatlarından etibarən Azərbaycan xalqı qardaş ölkənin həmrəyliyini, doğmalığını hiss etdi. Türkiyənin ilk saatlardan haqq işimizə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi. İkinci Qarabağ savaşının 44 gününün hər biri şanlı tarixə çevrildi. Hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad etdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müharibədə işğala son qoyulması və tarixi ədalətin zəfər çalması kimi müqəddəs bir amalla vuruşdu.
Vətən müharibəsində Ali Baş Komandanın əmrini canı, qanı ilə icra edən, Vətənə və əsgər andına sadiq olan qəhrəman Azərbaycan Ordusunda bir dənə də fərari olmadı. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.
Məlakə Məlikova,
Salyan şəhər 5 saylı ümumi orta məktəbin direktoru
Mədəniyyət