Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Beynəlxalq Əlillər Günü münasibəti ilə “Əlillərə dəstək, əlillərin problemləri” adlı tədbir təşkil edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycanın suverenliyi və toxunulmazlığı uğrunda şəhid olan qəhrəman oğul və qızların xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulması, bu işi Prezident İlham Əliyevin layiqincə davam etdirməsi haqqında məlumat verəndən sonra “Əlillik qüsur deyil” adlı videoçarx nümayiş olunub.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, “Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, polkovnik Elşən Məhərrəmov, Pressdent.az xəbər portalının şöbə müdiri Pərvanə Amanovanın çıxışları “BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiya, Azərbaycan dövləti tərəfindən əlillərin sosial müdafiəsi, bu sahədə zəngin qanunvericilik bazası, əlillərin cəmiyyətə adaptasiyası” mövzularını əhatə edib.
Yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə sıx əlaqələrinin olduğunu bildirib, anasının iyirmi adda kitabını kitabxanaya hədiyyə edib.
5 nömrəli xüsusi internat-məktəbin müəllimləri Rasim Məmmədov, Nigar İsmayılova “Əlillər, onların təhsili və problemləri”, Respublika Gözdən Əlillər Kitabxanasının əməkdaşı Nazlı Əliyeva “Fiziki məhdudiyyət qüsur deyil”, psixoloq Aygün Kərəmova “Görmə, eşitmə qüsurlu uşaqlarla defektoloji işlər, autizm” mövzularında məruzələrlə çıxış ediblər.