Möhtərəm Prezidentin qətiyyətli addımları lazımi uğurları əldə etməyimizə əsas səbəb oldu

Möhtərəm Prezidentin qətiyyətli addımları lazımi uğurları əldə etməyimizə əsas səbəb oldu

Ötən ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi, bir daha erməni faşizminin iç üzünü açıb ortaya qoydu və düşmən ölkənin hansı xislətə, hansı amala sahib olduğunu hər kəsə bəyan etdi. Yəni, müzəffər Azərbaycan Ordusunun 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızda həyata keçirdiyi uğurlu döyüş əməliyyatları onu sübut etdi ki, Ermənistan işğalçılıq siyasəti yürüdən, faşist idealogiyasını yaşatmağa çalışan dövlətdir. Bu ölkənin hərbi-siyasi rəhbərliyinin ortaya belə bir mövqe qoymasına səbəb olan əsas amillərdən biri də, Nikol Paşinyan hakimiyyətinin faşist mahiyyətinin varlığıdır. İşğalçı Ermənistandan fərqli olaraq istər Vətən müharibəsinin gedişində, istərsə də bu gün Azərbaycanda durum hər kəsin gözləri önündədir. 44 gün ərzində davam edən döyüşlər bir daha sübut etdi ki, Azərbaycan Ordusu ölkə sərhədlərini qorumağa və düşmən qüvvələrinə tutarlı cavab verməyə qadir bir ordudur. Əgər 90-cı illərin əvvəllərində ordumuz pərakəndə halda idisə, bu gün vahid komandanlıq altında birləşmiş Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, istənilən həmləsinə layiqli cavab verə bilir. Məsələn, 2016-cı ilin aprel döyüşlərində, 12-16 iyulda baş verən erməni təxribatlarına, eyni zamanda 44 günlük Vətən müharibəsində baş verənlərə bir anlığa olsa belə diqqət yetirək. O halda bəlli olar ki, döyüş ruhu yüksək olan ordumuz hər an düşməni məhv etməyə qadirdir. Bundan əlavə, ölkəmizdə xalq-iqtidar, xalq-ordu birliyinin güclü olması, ordumuzun döyüş ruhunu artıran əsas səbəblər oldu. Məsələn, 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızda Azərbaycan Ordusunun həyata keçirdiyi döyüş əməliyyatları bir daha sadaladıqlarımızı təsdiq etdi. Adicə bir faktı qeyd edək ki, ötən il Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində düşmən təxribatı baş verən zaman, minlərlə paytaxt sakinləri mərkəzi küçələrdə izdihamlı aksiya keçirib Azərbaycan ordusuna, Ali Baş Komandana, dövlətimizə dəstəklərini ifadə etdilər, əllərində Azərbaycan bayrağını tutub himnimizi oxudular, “Qarabağ!”, “Orduya dəstək!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndirdilər. Vətən müharibəsinin gedişi zamanı düşmən tapdağı altında qalan torpaqlarımızdan gündəlik qələbə xəbərlərini eşitdikcə həm ordumuzun, həm də hər kəsin döyüş əzmi birəbeş artırdı. Fakt budur ki, Azərbaycan Ordusu qısa müddət ərzində itirilmiş torpaqlarımızı geri qaytardı, düşmənə sarsıdıcı zərbələrini endirdi. Bütün bunlar onu sübut etdi ki, “məğlubedilməz erməni” mifi altüst edildi və düşmən ölkənin əsl xisləti hər kəsə bəlli oldu. Bir anlığa diqqət yetirək ki, cəbhədə Azərbaycan ordusunun müqavimətinə duruş gətirə bilməyən erməni ordu birləşmələri, 27 sentyabrdan sonuncu atəşkəsə qədər mülki insanları ağır artilleriya qurğularından atəşə tutdular və dinc insanların evlərini, bir çox obyektləri, bəzi dövlət qurumlarına məxsus binaları və s. yarasız hala saldılar. Baş verənlər erməni faşizmi, erməni barbarlığı demək oldu. Faktdır ki, Ermənistan atdığı addımları ilə özünün terrorçu, qaniçən, faşist dövləti olduğunu bir daha ortaya qoydu. Baş verən belə bir olayların fonunda Azərbaycan haqq səsini bütün dünyaya çatdırsa da, təəssüflər olsun ki, ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər, BMT, Avropa Birliyi, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pisləyib konkret mövqelərini ortaya qoymadılar və işğalçı ölkəyə heç bir təzyiq göstərmədilər.

Bu kimi halların varlığına baxmayaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə rəhbəri cənab İlham Əliyev elə bir müdrik, elə bir yetkin idarəçiliyini həyata keçirməkdə davam etdi ki, atılan hər addımda xalqımızın, dövlətimizin ümumilli maraqlarının təmin olunması daim öndə tutuldu. Bəli, Ali Baş Komandan siyasi iradə nümayiş etdirdi, qətiyyətli addımlarını atdı, bütün təpkilərə, təzyiqlərə sinə gəlib yenilməz dövlət başçısı olduğunu ortaya qoydu. 44 gün ərzində davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı -canı bahasına azad olundu. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etdi və kapitulyasiya sənədini imzalamağa məcbur oldu.

Bütün dünyaya bəlli oldu ki, 44 gün ərzində davam edən Vətən müharibəsi zəfərlə başa çatdı, Azərbaycan müharibədən qalib çıxdı və özünün ərazi bütövlüyünü bərpa etdi. 30 il ərzində inşa olunmuş istehkamları yarıb keçən Azərbaycan Ordusunun əks-hücum əməliyyatları, bundan sonra hərb tarixi üzrə mütəxəssislər tərəfindən diqqətlə öyrəniləcək. Şuşanı işğaldan azad edən oğullarımızın şücaətləri peşəkar hərbçilərin araşdırma mövzusu olacaq. Öz cəsarəti, igidliyi ilə vətən torpaqlarını azad edən, həmçinin qətiyyətli addımları ilə düşməni dizə gətirən Azərbaycan Ordusunun və Ali Baş Komandanın fəaliyyətini bütün xalqımız yüksək qiymətləndirir. Qarabağın işğaldan azad olunmasında fədakarlıq nümayiş etdirən Prezident İlham Əliyevin adı Müzəffər sərkərdə olaraq qızıl hərflərlə tarixə yazıldı. 10 noyabrda mzalanan üçtərəfli bəyanat bizim qələbəmizin, Ermənistanın isə məğlubiyyətinin təsdiqi oldu. Qarabağın açılmayan düyünü olan işğal prosesi rəşadətli Ordumuz və Müzəffər Ali Baş Komandan tərəfindən çözüldü. Çünki Azərbaycan Prezidenti dəfələrlə qeyd etmişdi ki, işğal faktı ilə heç zaman barışmayacağıq. Artıq işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi diz çöküb. Prezidentin qeyd etdiyi kimi, “Paşinyanın hansısa qaranlıq otaqda, zirzəmidə imzaladığı təslim aktı bizim tam qələbəmizdən xəbər verir”. Faktdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatıb. Xalqımız, ordumuz və Ali Baş Komandanımızın birliyi sayəsində biz buna nail ola bildik. “Qarabağ Azərbaycandır və nida” ifadəsi qələbəmizin rəmzinə çevrildi. Noyabrın 10-da Qarabağla bağlı Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərləri tərəfindən imzalanmış Birgə Bəyanat imkan verdi ki, işğal altında olan digər rayonlarımızı– Ağdamı, Laçını, Kəlbəcəri siyasi yollarla, qan tökmədən geri qaytara bilək. Yəni, cəbhədə aldıqları öldürücü məğlubiyyət işğalçı dövləti qalan torpaqlarımızı sülh yolu ilə boşaltmağa məcbur etdi. Sözsüz ki, Vətən müharibəsində əldə olunan hər bir uğurlu döyüş əməliyyatına Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərlik etməsi, ölkə rəhbərinin hər an qətiyyətli iradəsini ortaya qoyması, məhz parlaq qələbələr əldə etməyimizə imkan verdi. Biz müharibəni haqın, ədalətin bərpası naminə apardıq və haqlı olduğumuz üçün sonda da qələbə qazandıq. Belə bir səbəbdən də, möhtərəm Prezident başda olmaqla bütövlükdə xalqımızı, yenilməz ordumuzun hər bir zabit və əsgərini Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edib, hər kəsə uğurlu gələcək arzulayıram. Əldə etdiyimiz parlaq qələbə, məhz zəfər tariximiz oldu, tariximizin şanlı səhifəsinə çevrildi. Bu parlaq qələbə, bizim bir xalq olaraq kimliyimizi ortaya qoydu, qürurumuzu uca tutmağa imkan verdi. Çünki, biz “məğlub xalq” adını üstümüzdən götürdük, nəyə qabil olduğumuzu hər kəsə bəyan etdik.

Eşq olsun xalqımıza! Eşq olsun Ali Baş Komandana! Eşq olsun qəhrəman Azərbaycan Ordusuna! Biz birlikdə güclüyük!

Qarabağ Azərbaycandır!

ŞƏKİLİYEV MUSA ŞABAN OĞLU
Qax rayon İcra Hakimiyyətinin başçısı
Mədəniyyət