Masallıdan Batuma axan BÜDCƏ PULLARI... - İDDİA

Masallıdan Batuma axan BÜDCƏ PULLARI... - İDDİA

Biz dini mənsubiyyətinə, dini məzhəbinə görə, kimisə hətta qınamaq fikrindən uzağıq.
Hər bir insanın azad şəkildə istədiyi dinə, təriqətə qulluq etmək haqqı var. O cümlədən də, Samuxun, Ağcabədinin keçmiş, Masallının indiki icra başçısı olan Şahin Məmmədovun. Çünki sivil dünyada din azadlığı, inanc azadlığı deyilən dəyərlər var.
Ancaq yazının başlığında “məzhəb” sözünü əbəs yerə işlətmədik. Yəqin ki, cənab başçı özü bunun mənasını bilər. Biz oxu atıb yayı gizlətmirik. Atalar demişkən, arifə bir işarə də yetər.
Ancaq Şahin Məmmədov inciməsin, adamım məzhəbi varsa, o qorxulu deyil, vay o gündən ki, adamın məzhəbi olmaya.
Bəli, indi görək, cənab başçı işlədiyi rayonlarda nəyə qulluq edib ?
Öncə onu qeyd edək ki, Şahin Məmmədov Bərdədə doğulub, 1992-ci ildə komsomolda çalışıb.
Adamdan soruşan lazımdır ki, 1992-ci ildə komsomol var idi ?
Sonra müxtəlif bankların Bərdə filialının müdiri olub.
Və 2004-cü ildə Samux Rayon İcra Hakimiyyətinin başcısı, 2005-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, 2019-cu ildən isə Masallı Rayon İcra Hakimiyyətinin başçısıdır.
Bu adamın adı mediada dəmir-boru-turba satan kimi hallandırılır.
Bəli, bu adam Ağcabədinin icra başçısı olarkən, Qarqar çayından rayon mərkəzinə gələn 18 km uzunluğunda su borularını çıxararaq satıb.
Qarqardan Ağcabədinin rayon mərkəzinə kimi uzanan 18 km-ə qədəri çuqun boruların 1-inin uzunluğu 4,2 metr, çəkisi 534 kq-dır.
İndi qoy hüquq-mühafizə orqanları 18 km borunun çəkisini və bazar qiymətini hesablasın. Və görsünlər ki, Şahin Məmmədov təkcə su borularından neçə milyonlar qazanıb.
Dövlət Ağcabədidəki səhiyyə müəssisələrinə dərman preparatlarının alınması üçün 200 min manat pul ayırıb. Şahin Məmmədov səhiyyə idarəsinin müdirini məcbur edib ki, o pulu nağdlaşdır və mənə ver. Müdir də edib.
Maliyyə nazirliyi yoxlamaya gələndə, icra başçısı Şahin Məmmədov yaxasını qırağa çəkmək istəyib, ancaq səhiyyənin müdiri hamının gözü qarşısında Şahinin yaxasından yapışaraq, “Mən 200 min manatı hesabdan çıxarıb, sənə vermişəm. Pulumu qaytar” deyib. Orada olan şəxslər olmasaydı, səhiyyənin müdiri Şahini möhkəm əzişdirəcəkdi. Şahin güclə qaçaraq icra hakimiyyətinin binasına girə bilib.
Şahin Məmmədov, indi özün de, sən hansı məzhəbə qulluq edirsən ?
Şahin Məmmədov Ağcabədidə icra başçısı olarkən, rayona ayrılan 500 min manat yox olub. Və icra hakimiyyətində keçirilən iclasda icra başçısı ilə işçiləri arasında süpürləşmə olub...
Bax, sən busan, cənab icra başçısı...
Rayonda və paytaxt Bakıda nə qədər ticarət obyektlərin var, Şahin Məmmədov ?
Ağcabədi şəhərində xəstəxana ilə üzbə-üz ərazidə yerləşən böyük mağazalar, həmin ərazidə maşın yuma sexi, Bunyatov küçəsində böyük mebel mağazası, həmin küçədə maşınyuma və iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexləri hamısı sənindir, Şahin Məmmədov.
Bunlardan əlavə Şahin Məmmədovun doğulduğu Bərdə rayonunda 400 hektar torpaq sahəsi içində böyük təsərrüfatı, Bərdə şəhəri çay qırağı ərazisində bir neçə market, 1 çayxana, Bakı şəhərində Qaraçuxur, Masazır qəsəbəsində dəyəri milyon manatlarla ölçülən villaları, Nizami rayonu ərazisində 2 mağazası var.
Saymaqla qurtaran deyil ki...
Şahin Məmmədovun Bakıdakı mənzillərinin, Qax, Qəbələ, Şamaxı və Quba rayonlarındakı imarətlərinin dəyəri bir neçə milyondur.
Hələ bu harasıdır.
Şahin Məmmədov Gürcüstanın Batumi şəhərində dəyəri bir neçə milyon olan dəbdəbəli villa tikdirib.
Elə bilirsiniz ki, siyahı başa çatdı...
Şahin Məmmədovun Yasamal rayon Nərimanov heykəlinin arxasındakı binalarda yüksək təmir olunmuş 3 mənzili, “Vasmoy” kilometr deyilən ərazidə 2 avtomobil sexi, Lider televiziyasının arxasındakı binalarda isə 4 mənzili var.
Şahin Məmmədov harada villa tikdirirsə, birini də qardaşlarına tikdirir.
Şahin Məmmədov Ağcabədidə etdiklərini Masallıda davam etdirir.
Bir sözlə, Şahin Məmmədov öz əməllərindən qalmır.
Biz yuxarıda əbəs yerə soruşmadıq ki, sən hansı məzhəbə qulluq edirsən, cənab Şahin Məmmədov ?
P.S Qarşı tərəfə cavab haqqı tanıyırıq. //gundelik-baku.com//
Mədəniyyət