“Azərsu” ASC Qorxmaz Hüseynov idarəçiliyinin girovunda-"UNIVERSAL PRO" MMC dəyişməz tərəfdaş kimi.../PROBLEM

“Azərsu” ASC Qorxmaz Hüseynov idarəçiliyinin girovunda-"UNIVERSAL PRO" MMC dəyişməz tərəfdaş kimi.../PROBLEM

Yenixeber.org: “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) "UNIVERSAL PRO" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iki gündə üç lot üzrə müqavilə bağlayıb: bu ayın 7-də iki və ayın 8-də isə bir müqavilə olmaqla. İlkin iki müqavilə tikinti materiallarının və metal məmulatların alınması məqsədi ilə 464990 manat və 296071 manat dəyərindədir. Üçüncü müqavilə isə mal-materialların alınması məqsədi ilə 297181 manat dəyərindədir. Toplam 1058242 manat.

Olsun, ilk baxışdan qeyri-adı bir nəsnə görünmür… Amma, yenixeber.org olaraq xırda bir araşdırmamız müəyyən sualların cavablandırılması zərurətini doğurdu. Əvvəla, diqqət çəkən başlıca faktor hər üç tenderin başlama və bitmə tarixi ilə bağlıdır. Əvvəlki iki tender 07.10.2021 tarixdə başlayır və cəmi bir gün sonra-08.10.2021 tarixdə tərəflər arasında müqavilə bağlanır. Hansı ki, tenderin bitmə tarixi 07.10.2022-ci ildir(?) Üçüncü tender isə 08.10.2021 tarixdə başlayıb 4 gün sonra-11.10.2021-ci ildə tərəflər arasında müqavilə bağlanır(?) Maraqlıdır o hansı səbəbdir və hansı təbii fəlakətdən doğdu ki, “Azərsu” ASC qaçaraq tender elan edib də, bir milyondan artıq məbləğdə müqavilə bağlayır? Bilənlər bilir və şübhə yox ki, bunu “Azərsu” ASC-də də bilməmiş deyillər ki, bu kimi kommunal-təsərrüfat yönümlü təşkilatlarda növbəti ilin istismar xərcləri, ötən illərlə müqayisə edilməklə zəruri ehtiyatlar əvvəlcədən qarşılanır. Bu epizodda isə alınacaq mal-materiallar bu gün tender elan edib, sabah müqavilə bağlamağı zəruri etmir...

İkinci diqqətçəkən faktor isə “Azərsu” ASC-nin tərəfdaş seçimi ilə bağlıdır... "UNIVERSAL PRO" MMC “Azərsu” ASC-nin ən çox işlədiyi 2, ya da 3 şirkətdən biridir. Kİ, sonuncu tələm-tələsik seçimdə də bu şirkətə üstünlük verilib. Ümumiyyətlə google üzərindən bir axtarış yetər ki, “Azərsu” ASC ilə "UNIVERSAL PRO" MMC-nin əməkdaşlığına aid 10-larla nümunələrlə rastlaşaq...Həm də yüksək məbləğli.

İllərdir ki, “Azərsu” ASC-nin artıq sabiq sayılan sədri Qorxmaz Hüseynov "UNIVERSAL PRO" MMC-ni seçib və tərəfdaş kimi milyonları etibar edib. Görünür Qorxmaz Hüseynov elə bir iz buraxıb, elə bir idarəçilik mexanizmi formalaşdırıb ki, özü olmasa da, prinsipləri yerdindədir ki, var. “Azərsu” ASC-də bu idarəçiliyin girovluğunda var kimi görünür...

"UNIVERSAL PRO" MMC-nə gəldikdə isə bu şirkət 1998-ci ildən fəaliyyətdədir və əsas etibarı ilə müxtəlif tikinti avadanlıqları və alətlərinin satışı ilə məşğuldur. İş aləmində Rövnəq Abdullayevə yaxınlığı ilə tanınır...

***

“Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onların müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi…”

Bu sözləri prezident İlham Əliyev sentyabrın 14 də Cəlilabad və Şəmkir rayonlarına təyin etdiyi yeni icra başçılarını videoformatda qəbul edərkən söyləyib.(Yenixeber.org)
Mədəniyyət