AXC - Müsavat cütlüyünün oynadığı mənfi rol

AXC - Müsavat cütlüyünün oynadığı mənfi rol

1992-ci ilin may ayında Şuşa və Laçın rayonları erməni faşistləri tərəfindən işğal edildi. Bundan sonra 1993-cü il aprelin 2-də Kəlbəcər mənfur, namərd düşmənin əsarəti altına düşdü. Heç bir günahı olmayan soydaşlarımız öz dədə-baba torpaqlarından zorla, qəddarcasına qovularaq məcburi köçkün, qaçqın halına düşdülər. Azərbaycanın işğal edilmiş bu gözəl, füsunkar yurd yerlərinin tarixi abidələrinə, təbiətinə böyük ziyan vuruldu. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı. Şuşa, Laçın və Kəlbəcərin işğalı nəticəsində Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yarandı. Bunun nəticəsində Ermənistandan bu ərazilərə hərbi texnika, silah-sursatın gətirilməsində əlverişli şərait yaranmış oldu. Erməni işğalçılarının əsas məqsədi də elə bundan ibarət idi. Bundan yararlanan Ermənistanın hərbi birləşmələri bir-birinin ardınca torpaqlarımızı qəsb etməkdə davam edirdi. Əlbəttə, torpaqlarımızın işğal olunmasında bir nömrəli günahkar AXC - Müsavat cütlüyü idi. Vəziyyətin son dərəcə gərginləşməsindən istifadə edən bu cütlük qeyri-qanuni olaraq hakimiyyəti zəbt etdi.
Heç bir təcrübəsi, idarəetmə, təşkilatçılıq qabiliyyəti, səriştəsi, lazımi səviyyədə biliyi, savadı olmayan diletant, qeyri-peşəkar adamların müxtəlif rəhbər vəzifələrə təyin olunması Azərbaycanı həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətdən son dərəcə çətin, mürəkkəb duruma saldı. Parlamentin sədri vəzifəsində olan İsa Qəmbərov uğursuz kiçik elmi işçi idi. Xarici İşlər vəzifəsinə təyin olunan ixtisasca fizika müəllimi olan Tofiq Qasımov heç bir xarici dil bilmir, beynəlxalq hüququn norma və prinsipləri barədə lazımi anlayışa malik deyildi. Müdafiə naziri vəzifəsini daşıyan, “Şuşa getsə, gülləni başıma çaxacağam”,-deyən Rəhim Qazıyev ixtisasca riyaziyyat müəllimi idi. Əlbəttə, bu siyahını kifayət qədər uzatmaq olar.
Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı ölkə başçımız bildirmişdir ki, Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. AXC-Müsavat cütlüyü nəyin bahasına olursa-olsun, hakimiyyəti zəbt etməyə çalışırdı. Və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı, demək olar ki, ermənilərə təhvil verdilər. AXC-Müsavat cütlüyünün xəyanətkar, satqın antimilli hakimiyyəti Kəlbəcərin işğalını sürətləndirdi. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar öz mənafeyini, öz maraqlarını düşünürdülər.
Ordu quruculuğu istiqamətində heç bir əməli addım atılmırdı. Torpaqlarımızın müdafiəsi vahid komandanlığın olmadığı pərakəndə özünümüdafiə dəstələrinin ümidinə buraxılmışdı.
Ölkə başçımızın sözügedən ərazilərimizə səfəri zamanı dediyi kimi, AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi. Torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətini qorumaq üçün Gəncəni bombalayırdılar.
Məlum Gəncə hadisələri zamanı Surət Hüseynovun Bakıya gəlib AXC-Müsavat cütlüyünün hakimiyyətdə olan nümayəndələrini hökumət evinin qarşısında dar ağacından asacağını söyləməsindən sonra bu adamlar qorxuya, vahiməyə düşərək xalqın, dövlətin mənafeyini düşünməyərək öz canlarını xilas etmək üçün bir-bir istefa verməyə başladılar. Necə deyərlər, min bir bəhanə ilə ölkəni çətin vəziyyətdə qoyub qaçdılar.
Möhtərəm Prezidentimizin dediyi kimi, AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, xaindirlər və bu, əsl həqiqətdir.
Bəli, vaxtilə AXC-Müsavat cütlüyünün xəyanəti üzündən işğal altına düşən torpaqlarımızın bir hissəsi Ali Baş Komandanımız İlham Əliyevin yenilməzliyi, qətiyyəti, siyasi iradəsi və Rəşadətli Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, şəhidlərimizin canı-qanı bahasına döyüş meydanında, Ağdam, Kəlbəcər və Laçın isə noyabrın 10-da Ermənistanın baş nazirinin kapitulyasiya aktını imzalaması nəticəsində azad edildi.

Həsən Abdullayev,
Salyan rayon Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Mədəniyyət