Ağstafada RPŞ-nin əməkdaşları ağbirçək ananı olmazın dərdə salıblar- VİDEO/FAKT

Ağstafada RPŞ-nin əməkdaşları ağbirçək ananı olmazın dərdə salıblar- VİDEO/FAKT


Son vaxtlar ölkəmizin hüquq-mühafizə orqanları sahəsində çalışan bəzi vəzifə sahiblərinin atdıqları addımlarla bağlı ictimai fikirdə çoxsaylı şübhələr, hədsiz narazılıqlar, müəyyən söz-söhbətlər və s. baş qaldırmaqdadır. Sözsüz ki, bütün bunlara müxtəlif amillərin varlığı səbəb olur ki, həmin amillər içərisində ən əsası, məhz qanunçuluğun keşiyində duran hüquq-mühafizə orqanı əməkdaşlarından bəzilərinin qanunun tələblərini tapdaqlar altına atmaları olur. Belə bir halın varlığı da, əksəriyyətin hüquq-mühafizə orqanı sahəsində çalışanlara olan inamın heçə enməsi ilə nəticələnir. O halda sual oluna bilər ki, belə bir halın əmələ gəlməsində günahkar kimidir? Bəli, günahkar axtarışına çıxmaq üçün heç də uzağa getmək lazım deyil. Çünki, Ağstafa RPŞ əməkdaşlarının atdıqları addımların varlığını eşitdikcə dəhşətə gəlmək azdır desək, bəlkə də yanılmarıq Məsələn, bir neçə gün bundan öncə Presedent.az saytının redaksiyasına Ağstafa rayonu, Xətai kənd sakini Yaqubova Mətanət Zirəddin qızı tərəfinindən ürəkyanğısı ilə dolu olan şikayət ərizəsi daxil olub. Adı çəkilən bu xanım yazmış olduğu ərizəsində qeyd edir: “Mən Rəşad Elçin oğlu Yaqubovun anasıyam və hal-hazırda Ağstafa rayonunun Xətai kəndində oğlumla birlikdə yaşayıram. Qeyd edim ki, 22 aprel 2020-ci il tarixdə yaşadığımız evə Ağstafa RPŞ-nin bir neçə əməkdaşı heç bir məhkəmə qərarı olmadan basqın etdilər. Yəni, polis əməkdaşları qonşunun həyətinə yaxın yerdə olan bağdan keçib evimizdə axtarış həyata keçirməyə başladılar. Həmin vaxt polis əməkdaşlarından axtarışın aparılmasına əsas verən məhkəmə qərarını tələb etdim, onlar isə mənim belə bir tələbimə məhəl qoymadılar. Bir sözlə, yaşadığımız evi altüst etdilər və qarşılarına qoyduqları formada da yoxlama işlərini həyata keçirməyə başladılar. Belə olan halda aparılan yoxlama işində kənd icra nümayəndəsinin və kənd bələdiyyəsi sədrinin hal şahidi qismində iştirak etmələrini də tələb etdim. Elə ki, polis əməkdaşları qarşılarına qoyduqları plan əsasında yoxlama işlərini başa çatdırdılar, o halda kənd icra nümayəndəsi gəlib çıxdı. Yəni, yoxlama işlərində heç bir şəxs hal şahidi qismində iştirak etmədi. Ağstafa RPŞ-nin əməkdaşları apardıqları yoxlamalar zamanı guya bizim evdən 1kq, 67 qram çəkidə narkotik maddə tapırlar. Əgər bizim evdə narkotik maddə olsaydı, o halda polis əməkdaşları hal şahidlərini dəvət edərdilər və tərəzi ilə onun çəkisini müəyyən edib möhürləyərdilər. Bizim evdə nakotik maddə olmadığı halda, RPŞ-nin əməkdaşları oğlum Rəşad Yaqubovu belə bir ad altında şərlədilər. Sonda onlar Qazax rayon sakinləri olan Azər Asif oğlu Hüseynovu və Tofiq Mikayıl oğlu Yəhyayevi, Şəmkir rayon sakini Şamxal Nuru oğlu Aslanovu məcbur edirlər ki, guya hər üç şəxs narkotik maddəni Rəşad Yaqubovdan alıblar. Yəni, hər üç şəxsi belə bir məzmunda polisə ifadə verməyə təhrik edirlər. Buna baxmayaraq, Azər Hüseynov və Tofiq Yəhyayev polis şöbəsindən çıxdıqdan sonra DİN-nin 102 xidmətinə zəng edirlər və Rəşad Yaqubovdan heç zaman narkotik maddə almadıqlarını bildirirlər. Az sonra Azər Hüseynov, Tofiq Yəhyayev və Şamxal Aslanov müxtəlif vaxtlarda ərizə yazıb qeyd edirlər ki, “biz heç zaman Rəşad Yaqubovdan narkotik maddə almamışıq”, hətta belə bir məzmunda Məhkəmə-Hüquq Şurasına, Baş Prokurora və Ağstafa rayon Prokurorluğuna teleqrammalar da vururlar.
Ağstafada RPŞ-nin əməkdaşları ağbirçək ananı olmazın dərdə salıblar- VİDEO/FAKT

Qeyd edim ki, oğlumun vəkili Zabil Köçəri oğlu Qəhrəmanov başlanmış cinayət işinin Ağstafada araşdırılmasına etiraz əlaməti olaraq həm Baş Prokurorluğa, həm də Ağstafa Rayon Prokurorluğuna ərizə ilə müraciət etsə də, bizim bu yöndə tələbimiz təmin olunmadı. Hazırda Ağstafa polisi oğlum Rəşad Yaqubovu, məhz bu cür şər-böhtan əsasında həbs etdirmək istəyindədir. Bildirim ki, oğlumu həbs edib polis şöbəsinə apardıqdan sonra onu nə az, nə də ki, çox, düz 8 saat şöbədə qolu qandallı saxlayırlar. Polis şöbəsində vəkil Zabil Qəhrəmanov və oğlum Rəşad Yaqubov heç bir sənədə imza atmırlar. 18 iyun 2021-ci il tarixdə oğlum polis şöbəsinin müstəntiqi Elçin Nəsibova “Mən bir kimsəyə narkotik maddə satmamışam və hazırda polis əməkdaşlarının şər-böhtanı ilə üz-üzə qalmışam” deyə ifadə verir. Oğlumun verdiyi belə bir ifadədən sonra Ağstafa RPŞ rəisinin müavinləri Qurban Qurbanov, Arif Hüseynov, Rövşən və adlarını bilmədiyi digər əməliyyatçılar Rəşad Yaqubovun əllərini arxadan bağlayırlar və ona hədsiz dərəcədə zor tətbiq edib möhkəm döyürlər. Son vaxtlar hava şəraitinin isti keçməsinə məhəl qoymayan Ağstafa RPŞ-nin əməkdaşları oğlumun əllərini axşam saat 20:00 radələrində arxadan bağlayırlar və səhəri gün günorta saatlarına kimi onu qandalda saxlayıb möhkəm döyürlər. Mən bir ana olaraq Ağstafa RPŞ əməkdaşlarının belə bir özbaşınalığı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə xanım Əliyevaya teleqrammalar vurdum və hər iki şəxsi baş verən qanunsuzluqlarla bağlı məlumatlandırmağa çalışdım. Ölkə rəhbərinə şikayət etdiyimə görə, hal-hazırda rəis müavini Qurban Qurbanov məni həbs etmək niyyətinə düşüb. Ona görə də, bu gün mən özümdən də ehtiyat edirəm. Qanunçuluğun müdafiə olunmasına borclu olan Ağstafa rayon prokuroru Anar Cəfərov və Ağstafa RPŞ-nin rəisi isə, məhz bir-birlərinin qanunsuzluq əməllərini ört-basdır etməklə məşğul olurlar. Belə bir səbəblər üzündən də, bu gün bir ana olaraq sızıldayıram və onu da görürəm ki, polis əməkdaşları şər-böhtan əsasında oğlumun həyatını məhv edirlər. Ona görə də Ağstafanın hüquq-mühafizə orqanı əməkdaşlarının apardıqları istintaq araşdırmalarından olduqca narazılıq edirəm”.
Ağstafada RPŞ-nin əməkdaşları ağbirçək ananı olmazın dərdə salıblar- VİDEO/FAKT

Ağstafa RPŞ əməkdaşlarının qol qoyduqları belə bir əməllər, bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Düşünürük ki, belə bir əməl və amal sahibi olanların atdığı addımları Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazov diqqətdə saxlayacaq. Yəqin ki, o halda Ağstafa RPŞ rəisinin müavinləri Qurban Qurbanova, Arif Hüseynova, Rövşən adlı şəxsə və digər əməliyyatçılara çoxsaylı suallar ünvanlanacaq və bu şəxslərdən atdıqları addımların mahiyyəti hüquqi qaydada soruşulacaq.

P.S. Hörmətli oxucular! Biz hadisənin başvermə səbəbləri haqda müəyyən məlumatları əldə etdikdən sonra, yaşanan olayın ictimailəşdirilməsinə qərar verdik. Odur ki, mövzunu bundan sonra da diqqətdə saxlayacağıq. Məqalədə adı çəkilən şəxslərin yaşanan olayla bağlı münasibətlərini dinləyə bilərik.

PRESSDENT.AZ
Mədəniyyət