Xalq-Ordu birliyi sayəsində qazanılmış qələbə

Xalq-Ordu birliyi sayəsində qazanılmış qələbə

Ötən ilin sentyabrın 27-də Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında düşündükcə, hər bir azərbaycanlının qəlbi fərəh və qürur hissi ilə dolur. Xalq hər gün öz Ali baş Komandanından cəbhədəki vəziyyətlə bağlı xoş xəbərləri səbirsizliklə gözləyirdi. İrəliləyən ordumuzun əldə etdiyi qələbə, zəfər dolu informasiyalar hər birimizi dövlətimizin ətrafında yumruq kimi birləşməyə çağırırdı sanki. Tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Azərbaycan haqq işi uğunda döyüşlərdə öz strategiyasının tətbiqində ən müasir silahlardan istifadə etdi. Ona görə də həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Əslində əldə etdiyimiz qələbə ilə beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Ordumuz əks-hücümla istifadəsində olan müasir texnoloji silahlarla düşmənin ən önəmli məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxardaraq onu iflic vəziyyətinə saldı. Qələbəmizin qazanılmasını müəyyənləşdirən başqa bir amil də başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın¬da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Onların döyüşkənlyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmədi.
Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo¬nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.
Azərbaycan xalqı Böyük Qələbənin xoş müjdəsini noyabrın 8-də Qarabağın ürəyi hesab olunan Şuşa şəhərinin işğaldan azad edilməsi ilə eşitdi. «Ordum varsa, yurdum var» deyimi həmin an bizim xalqa necə də yaraşırdı. Düşmənin kapitulyasiya aktını imzalamaqdan başqa yolu qalmadı. Bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi.
Dünyanın ən güclü 50 ordusundan biri sayılan Milli Ordumuz müasir silahlanmaya görə Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub. Şübhəsiz ki, bütün bu uğurlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olub. Əgər belə olmasaydı, hazırda Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi.
İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Axıdılan minlərlə şəhid qanının qisası döyüş meydanında aldıq. Uzun illər boyu davam edən danışıqlardan heç bir nəticə alınmayacağını görən xalqımız ərazi bütövlüyünü, tarixi ədaləti döyüş meydanında təmin etməklə dünyaya nəyə qadir olduğunu sübut etdi. Bu yaxınlarda Azərbaycan xalqı qürur hissi ilə Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd etdi. Minlərlə döyüşçümüz dövlət tərəfindən təltiflərə layiq görüldü. Xalq öz Prezidentinin, döyüşçü sərkərdəsinin, rəhbərimiz isə ona arxalanan bütün Azərbaycan vətəndaşlarının yanında olduğunu göstərdi.

Xalidə Sadıqova,
Salyan şəhər 2 saylı uşaq bağçasının müdiri
Mədəniyyət