Prezident İlham Əliyevin siyasəti xalqın milli maraqlarına tam cavab verir

  • 11.03.2020, 17:35,
  • Gündəm
  • Baxılıb: 190
Prezident İlham Əliyevin siyasəti xalqın milli maraqlarına tam cavab verir


Ümummilli lider Heydər Əliyevin timsalında Azərbaycan xalqı əsrlərın və minilliklərin qovuşub-ayrıldığı nadir bir tarixi məqamda real istəklərindən əlavə, romantik ideallarını da gerçəkləşdirmiş əfsanəvi liderin ətrafında görünməmiş bir vüsət və coşqu ilə səfərbər olunmuş, mərkəzəqaçma impulsu ilə toparlanmışdı. Bu dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin şəriksiz və misilsiz qələbəsi idi. Həmin qələbə isə XXI əsrin ilk illərində ölkə daxilində və beynəlxalq aləmdə ulu öndərin gerçək siyasi varisi kimi qəbul edilən İlham Əliyevin qarşısında yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mənəvi-ideoloji üfüqlər açırdı.

Azərbaycan xalqının ­tarixi müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Ümummilli lider Heydər Əliyevə qədər neçə-neçə dövlət başçısı, ictimai-siyasi xadim yetirmiş bir xalqın XXI əsrdə də zamanın məzmunu, sürəti, enerjisi və miqyası səviyyəsində siyasi lider yaradacağı heç bir şübhə doğura bilməzdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən 15 ildə mənsub olduğu xalqın və dünyanın gözləri qarşısında belə bir lider kimi yüksəldi, qəbul olundu.
Azərbaycan dövlətçiliyi həmin dövrdə qarşısıalınmaz bir sürətlə inkişaf edirdi. Artıq dünya da bu və ya digər dərəcədə etiraf etməyə məcbur olurdu ki, Yer üzündə, gerçəkdən, Azərbaycan adlı bir dövlət var. Bu dövlətin mövqeləri möhkəmləndikcə, mövcudluğu daimiləşdikcə onun yeritdiyi siyasətlə hesablaşmaq məcburiyyətində qalırdılar. Bu həm də tarixdə nadir hallarda təzahür edən Xalq – Lider tandeminin qarşısıalınmaz bir gücə çevrilməsinin göstəricisi idi.
Ulu öndər Heydər Əliyevin həyatının son illərində və aylarında Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi diqqət mərkəzində saxlayan beynəlxalq dairələri dövlətə gələcəkdə kimin rəhbərlik edəcəyi, ulu öndərin hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirəcəyi ciddi düşündürürdü. İki əsrin və minilliyin qovşağında bu barədə düşünəndə hamının ağlına, birinci növbədə, ümummilli liderin yaxın məsləkdaşı və ən sadiq silahdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi İlham Əliyev gəlirdi.
Bu, yalnız İlham Əliyevin dünya miqyaslı ictimai-siyasi xadim, böyük dövlət adamı və nəhayət, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin oğlu olması ilə bağlı deyildi. Həm də ona görə idi ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni tipli siyasi lider olaraq İlham Əliyev kifayət qədər böyük siyasi nüfuz qazanmışdı. Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin gənc qəhrəmanına belə bir məqamda daha geniş meydan, təbii ki, hava-su kimi lazım idi.
Tarixçilərdən fərqli olaraq, xalq həmişə geriyə yox – irəliyə baxır. Xalqın irəlidə – ulu öndərdən sonra taleyini etibar etmək istədiyi lider isə yalnız İlham Əliyev idi. Gələcəyin lideri İlham Əliyev müxtəlif dövlətlərin siyasilərinin çeşidli mülahizələrilə müşayiət olunan proseslərdə, tez- tez dəyişən olayların çevrəsində dünya şöhrətli atasının bütün fərdi və ideoloji qənaətlərini onunla birgə yaşayırdı. İlham Əliyev siyasi meydanda çoxdan olsa da, tam aydınlığı ilə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində vətənpərvər fəaliyyəti ilə nəzərə çarpdı. Sonradan isə cəmiyyət onu Baş nazir kimi qəbul etdi.
Ümummilli liderin ən layiqli varisi İlham Əliyev ona görə güclü idi ki, yaxşı təhsil almış, bir neçə aparıcı xarici dildə sərbəst danışmağı bacarırdı, beynəlxalq mədəniyyət tipologiyaları ilə təmasa girməyi dərindən mənimsəmişdi, dünyanın müasir düşüncə texnologiyalarına yiyələnmişdi. Bu baxımdan onu “rəqibləri” ilə müqayisə etmək çətin idi. Həmin dövrdə Azərbaycanda hakimiyyətə can atan qüvvələrin böyük bir hissəsi, əvvəllər tez- tez deyildiyi kimi, adi bir namizədlik dissertasiyası müdafiə edə bilməmiş aspirantlar, yaxud dissertantlar idilər. Onların nə zamansa sistemli, ardıcıl bir iş görə biləcəklərinə inanmaq mümkün deyildi.
Mükəmməl idarəetmə məktəbi keçmiş, dünya siyasətində bir sıra addımlarını uğurla sınaqdan çıxarmış İlham Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərlik estafetini qəbul edərək böyük siyasətə gəlişi ümummilli lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmış, Avropa və Şərq dəyərlərinin sintezindən yaranmış bir siyasi marafonun başlanğıcı idi. Siyasi düşərgəyə, cəmiyyətimizin idarəçiliyinə yeni ictimai ruhun gəlişi təzə ideyaların axını demək idi. Bütün bunların bəhrəsi isə təkcə əldə olunmuş inkişaf tempini qoruyub saxlamaq deyil, həm də qazanılacaq yeni uğurlar, növbəti təcrübə olacaqdı. Modern düşüncəli və yüksək enerjili siyasi xadim olaraq İlham Əliyevin keçdiyi mənəvi, mədəni, intellektual, siyasi məktəb bütöv bir tarix idi.
Belə bir tarixi şəraitdə ümummilli lider 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Xalq 1993-cü ildə Heydər Əliyevi yenidən özünün alternativsiz rəhbəri olaraq ali hakimiyyətə tələb edəndə nə qədər ağıllı, təkidli hərəkət etmişdisə, üçüncü minilliyin üçüncü ilində İlham Əliyevin şəxsində öz yeni Prezidentini – yeni liderini seçəndə də o səviyyədə mübarizlik və müdriklik göstərdi. Müstəqil dövlətin yenicə qurulmuş, nizamlanmış hakimiyyətinin yeni siyasi varisə ötürülməsi kimi taleyüklü bir keçid mərhələsində İlham Əliyev xalqın böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildi.
Bu taleyüklü hadisə bütün dünyaya göstərdi ki, əvvəla, Azərbaycan xalqı ümummilli liderin milli dövlət quruculuğu siyasətinin perspektivliliyinə dərindən inanır. İkincisi, İlham Əliyev ölkə daxilində və xarıci aləmdə məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edilir. Nəhayət, yeni liderini tarixi məsuliyyət və qətiyyətlə müəyyənləşdirən xalq gələcəkdə milli dövlət quruculuğunun qarşısına çıxa biləcək qaçılmaz problemlərin həllində yeni ölkə rəhbərinin siyasi intellektinə, uzaqgörənliyinə və iradəsinə şübhə etmir.
Müstəqilliyin ilk mərhələsində Azərbaycan xalqı dövlətçiliyin xilaskarının missiyasından lazımınca bəhrələnərək öz varlığını, Vətənin müstəqilliyini qorudu və milli dövlətini qurdu. İkinci mərhələdə isə Azərbaycan cəmiyyəti böyük zəhmətlər, ağrı-acılar bahasına yaradılmış ideoloji ənənə və dövlətçilik təcrübəsini dağılmağa, müstəqilliyi taleyin naməlum oyunları ilə üz-üzə qalmağa qoymadı.
Beləliklə, Prezident İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və Xalq təəssübkeşliyi, Şərqin müsbət ənənələri, türk mənəvi-əxlaqi dəyərləri, Qərb və Avropa modellərinə münasib intellekt möhkəm bir özüldür. O, milli- mənəvi, ideoloji dəyərlərimizin hamısında, mədəni, elmi, etno-kulturoloji, eləcə də yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə dövlət himayəsini yalnız iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır. Ulu öndərin şəriksiz varisi kimi İlham Əliyevi müasir insanların, ziyalıların, gənc nəslin fəal surətdə dəstəkləməsi, ona böyük ümidlər bəsləməsi nəticə etibarilə göz qabağındakı praktik işlərin inikası və perspektivə güclü inamdan irəli gəlirdi.
Millilik dövlət başçısı İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun, eləcə də Avropa və Qərb təmayüllü siyasəti Azərbaycanın əzəli milli maraqlarından mayalanır. Yeni tipli siyasətçi və yenilikçi dövlət xadimi olaraq İlham Əliyevin siyasi portretini onun söhbət açacağımız fərdi obrazının əlamətdar ştirixləri tamamlayır. Və özəllik ondadır ki, həmin cizgilərin genetik qaynaqları Azərbaycan xalqının özünüdərkində əvəzsiz rolu olmuş bir dahinin həyat və mübarizə yolunun məntiqindən irəli gələrək formalaşmışdır.
Prezident İlham Əliyev türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir. İslam dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. Azərbaycan rəhbərinin müsəlman xalqlarına qarşı müəyyən beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur. Eyni zamanda, bugünkü Azərbaycan xalqı dünyaya açıq, müasir xarici aləmin iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun qlobal idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır.
Türkçülük, islamçılıq və müasirlik triadası bu gün Azərbaycanda klassik formulunda və tipologiyasında tətbiq edilməklə qalmayıb dövrün tələblərinə uyğun olaraq yaradıcılıqla yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü tarazlaşdırılmış, humanist və uzaqgörən, mövcud problemlərin tezliklə həllinə yönəlmiş perspektivli siyasətin nəticəsidir. Ona görə ki, hər hansı ideologiya, nə qədər mütərəqqi olsa da, özünü təcrid edirsə, biri digərini inkar, yaxud təsdiq edən, yaxud da bir-birinə loyal və ya liberal münasibətlərdə olan ideologiyalarla hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz.
Azərbaycan dövlətinin başçısı kimi İlham Əliyevin şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri, ilk növbədə, insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Ulu öndər Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir.
Tarixi taleləri elə gətirmişdir ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətənində yüz, hətta min illərlə necə olmuşdursa, bu gün də elə məskundur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin – dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan dövlətçiliyi tərəfindən uğurla davam etdirilməsi heç bir alternativ qəbul eləməyən bir zərurətdir.
Azərbaycan xalqının dünyanın inkişaf etmiş xalqları ilə müqayisədə, guya, kölgədə qalması kompleksinin sürətlə aradan qaldırılması baxımından görülən işlərə və onun uğurlu nəticələrinə, fikrimizcə, Prezident İlham Əliyevin siyasi varislik missiyasının daha bir təntənəsi kimi baxmaq olar. Qazanılmış tarixi uğurların fonunda bu gün heç bir azərbaycanlı özünü nə bir rusdan, nə bir almandan, nə bir fransızdan, nə də bir ingilisdən aşağı hesab etmir. Və milli qürur yalnız sözdə deyil, həm də işdə, əməldədir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional varislik modeli sayəsində mümkün olub.
Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb.
Ölkədə abadlaşan, “yeni rəmzlər”ini yaradan şəhərlər (xüsusilə Bakı!), kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş beynəlxalq uğurlar Azərbaycan insanını ruhən yüksəldən, əgər belə demək mümkünsə, onun katarsisini təmin edən elə hadisələrdir ki, yalnız bu günlə məhdudlaşmayıb Azərbaycan insanının gələcək taleyini, xarakterini müəyyən edir. Və bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının tarixində həmişəlik olaraq İlham Əliyevin adı ilə qalacaqdır.
İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 15 ildə həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə beynəlxalq əlaqələrin, başqa sözlə, Azərbaycan– Dünya dialoqunun zəngin təcrübəsi qazanılmasıdır. Bu isə ilk növbədə, o deməkdir ki, Azərbaycan xalqının milli idealları, bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda qalmayıb, “özümüz deyib, özümüz eşidək” prinsipi ilə mövcud olmur, universallaşır, hüdudlarını genişləndirir, ümumən insan və dünya təfəkkürü mövqeyindən görünüb etiraf olunur.
Beynəlxalq “dialoq”lara ev sahibliyi edən Azərbaycan indiyə qədər görünməmiş bir miqyasda müxtəlif ideyaların, ideologiyaların həmsöhbət olmasına inamla münsiflik etdikcə azərbaycançılıq məfkurəsi də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir, yüksək standartlı paradiqmalara yiyələnir. Azərbaycan xalqının intellektual səviyyəsinin daha da yüksəldilməsi, müasir texnologiyalara yiyələnməsinin sürətlənməsi, perspektivli özünüifadə və özünütəsdiq metodlarının, üsullarının və vərdişlərinin xüsusilə gənc nəsil tərəfindən mənimsənilməsi də İlham Əliyevin liderliyi altında uğurla gerçəkləşdirilmişdir.
Azərbaycanın regionda, ümumən, beynəlxalq aləmdə söz sahibi olması, onun mövqeyi ilə hesablaşılması, çoxstandartlılığı, xüsusilə cari konyunkturluluğu ilə tanınan dünyanın “haqqhesab”ından kənarda qalıb təcrid olunmaması da İlham Əliyevin siyasi varislik missiyasının təntənəsini göstərən ciddi tarixi nailiyyətdir. Bu uğurun özünəməxsusluğu ondan ibarətdir ki, Azərbaycan xalqının milli düşüncəsi çevik, elastik, diplomatik resurslara yiyələnmiş, hər hansı “gözlənilməz” ideoloji hücumlara qarşı müqavimət, hətta əks- hücum “immunitetlər”i qazanmışdır. Siyasi varisliyin bütün dünyada diqqətlə izlənilən İlham Əliyev nümunəsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir.
Prezident İlham Əliyev indiki və gələcək dövr üçün dövlətin və vətəndaşların vəzifələrindən danışarkən soydaşlarımızın doğma vətənləri ilə hər cür faydalı əlaqələrində hüquqi, mədəni, mənəvi əsasların möhkəmləndirilməsini həmişə zəruri istiqamət kimi vurğulayır. Prezident dövlətimizin inkişafı müqabilində maddi-mənəvi imkanlardan istifadə edərək dünya azərbaycanlılarının normal səviyyədə bəhrələnməsinə imkan yaratmağı, onların milli və vətəndaş hüquqlarının qorunması yolunda səyləri gücləndirməyi çağdaş dövr üçün vacib amillərdən sayır.
Türk dünyasının İlham Əliyevindən və İlham Əliyevin türk dünyasından da bəhs etməmək mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra dəfələrlə türk respublikalarına – Qazaxıstana, Özbəkistana, Qırğızıstana, Türkiyəyə səfərlərə gedən, Türkmənistanla əlaqələrdəki soyuqluğu aradan qaldıran, türk dövlətlərinin və xalqlarının birliyi üçün müasir mübarizə texnologiyaları nümayiş etdirən və yeni təcrübə verən İlham Əliyev artıq Bakının sovet dövründə unutdurulmuş türk dünyasının mərkəzi şöhrətini özünə qaytarıb.
Türk dünyasının unudulmaz lideri Heydər Əliyevin türkdilli dövlətlərin və toplumların qarşılıqlı əlaqələri, yüksəlişi strategiyasını Azərbaycan Prezidenti İlham Əliyev respublikaya rəhbərlik etdiyi elə ilk aylardan uğurla davam və inkişaf etdirməkdədir. Onun Qazaxıstana, Özbəkistana, xüsusilə Türkiyəyə davamlı rəsmi səfərləri göstərdi ki, İlham Əliyev bütün sahələrdə olduğu kimi, bu sahədə də öz siyasi enerjisini əsirgəmir. O, türk dövlətləri arasındakı qarşılıqlı əlaqələrin genişlənməsi, türk dünyasının müasir dünyada özünəməxsus yerini tutması uğrunda müasir dövrün türk lideri olaraq böyük xidmət göstərir.
Milli lider Heydər Əliyevin layiqli varisi olan İlham Əliyev Prezident kimi Türkiyəyə ilk rəsmi səfəri ərəfəsində demişdi: “Biz öz siyasətimizi müstəqil şəkildə aparmalıyıq ki, xalqlarımız, millətimiz daha da güclənsin, qüdrətlənsin, möhkəmlənsin. Bizim gücümüz də birlikdədir”. Hər iki ölkənin dövlət rəhbərlərinin çoxsaylı görüşlərində həm Azərbaycanın, həm də Türkiyənin xüsusi beynəlxalq problemlərinin həllində prinsipial mövqe nümayiş etdirməsi həmin “güc birliyi”nin siyasi reallıq olduğunu bütün dünyaya dəfələrlə nümayiş etdirmişdir.
Azərbaycan rəhbəri İlham Əliyev bu gün Qafqaz regionunun şəriksiz lideri sayılır, onun razılığı olmadan bu bölgədə heç bir ciddi layihəyə və addıma start verilə bilməz. Prezident İlham Əliyev Azərbaycan dövlətinin başına təkcə ümummilli liderin varisi, davamçısı, onun məktəbinin ardıcılı kimi yox, həm də yenilikçi – yeni zamanın yeni lideri olaraq gəlmişdir. O, idarəçiliyin elə demokratik və optimal yolunu seçmişdir ki, hər bir zəkalı ölkə vətəndaşının dövlətçiliyin inkişafında yeri var. Və dövlət quruculuğunda bu yer hər kəsin məhz vətənpərvərliyinə, biliyinə, sağlam düşüncəsinə, qabiliyyətinə görə müəyyənləşmişdir.
Ümummilli liderin ən layiqli varisi olan İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Həmin il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, çoxukladlı iqtisadi strukturun intensiv formalaşması ili oldu. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır.
Müstəqil Azərbaycan dövlətinin yeni lideri İlham Əliyevin əsaslı və zəruri islahatları ölkənin real iqtisadi, sosial, siyasi vəziyyətini dəqiqliklə nəzərə almaqla yanaşı, cəsarətliliyi ilə də seçilir. Onun məhz yenilikçi idarəetmə texnologiyalarına ardıcıl, inamlı müraciətinin nəticəsidir ki, respublikanın iqtisadi inkişafı indiyə qədər görünməmiş bir sürət və miqyas almış, ölkədə sağlam sosial-siyasi, mənəvi- mədəni əhval-ruhiyyə yüksəlmişdir. Bu gün ən qərəzkar, ən aqressiv, hətta ən dağıdıcı bir müxalif qüvvə belə dövlət başçısı İlham Əliyevin qazandığı çoxspektrli uğurları görməmək, yaxud inkar etmək gücündə deyil.
Prezident İlham Əliyev ulu öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanda iqtisadi- sosial tərəqqini fenomenal bir gerçəyə çevirib. Bu illərdə milli iqtisadiyyatımız onun qətiyyəti və novator idarəçiliyi sayəsində 3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir. Yoxsulluq onun müstəsna səyləri ilə 10 dəfəyə qədər azalaraq 5 faiz səviyyəsinə enib. İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə 2 milyonadək yeni iş yeri açılıb. Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 15 illik bir müddətdə xalqın böyük etimadını qazanaraq bir daha sübut etdi ki, Azərbaycanı həm daxili, həm də beynəlxalq miqyasda yalnız o təmsil edə bilər.
İlk gündən hər bir azərbaycanlının prezidenti olacağını vəd edən, verdiyi sözü uğurla yerinə yetirən dövlət başçısı İlham Əliyev öz fəaliyyəti ilə ümummilli liderin başladığı işi davam etdirməyə qadir olduğunu sübut etməklə yanaşı, həm də özünü yeni zamanın yeni lideri kimi göstərdi. Ötən 15 ildə bir tərəfdən, mövcud ənənələr müdafiə olundu, digər tərəfdən isə dövlət idarəçiliyinə zəruri novatorluq gətirildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür.

Şəki şəhəri arxiv idarəsinin sədiri Məmmədov Ehtiram Bayram oğlu
Mədəniyyət