Qəhrəmanlıq və iftixar tariximiz - 20 yanvar

  • 18.01.2020, 13:11,
  • Gündəm
  • Baxılıb: 172
" Şəhidlərin ruhu məni ağrıdır. Həlak olan Azərbaycan vətəndaşlarının sürəti hər gün gözümün qarşısına gəlir. Lakin torpağın, vətənin müdafiəsi hər birimiz üçün ən ülvi, ən müqəddəs vəzifədir. Bu müqəddəs vəzifənin yerinə yetirilməsində Şəhid olanlar Cənnətə gedirlər, onların qəhrəmanlığı Azərbaycan xalqının xatirində daim yaşayacaqdır.
...Mən bütün şəhidlərin, torpaq, vətən yolunda həlak olanların xatirəsi qarşısında baş əyirəm, onların valideynlərinə, bacı və qardaşlarına, bütün doğmalarına Allahdan səbr diləyirəm ".
Heydər Əliyev,
Azərbaycan Respublikasının Ümummilli lideri


Qəhrəmanlıq və iftixar  tariximiz - 20 yanvar


Yenə Azərbaycan xalqının həyatını kökündən dəyişən, onu dövlət müstəqilliyini əldə etməyə haraylayan 20 Yanvar faciəsi, yenə Xocalı, yenə Şuşa, yenə Laçın, yenə Ağdam... Yenə düşmən tapdağı altında qalan 20 faiz ərazilərimiz.
Hər il çətin də olsa dönə-dönə yaşayırıq bu acı həqiqətləri.
Yəqin ki, siz yazıçı Rafiq Səməndərin "Şəhidlər" kitabını oxumusunuz. Kitaba ön söz yazan böyük şairimiz Bəxtiyar Vahabzadənin sözləri hər birimizin qəlbini titrədir: "Yazıçı Rafiq Səməndər bu kitabı yazmaqla vətəndaşlıq borcunu namusla yerinə yetirmişdir." Hələ yaramız istidir, hər birimizin bağrında sızıldayır. Biz bu yaranın, bu faciənin dəhşətini sonra biləcəyik. Yaraya isti-isti baxmaq və onun təfərrüatını kağıza köçürmək həm məsuliyyət tələb edir, həm də cəsarət! Bu faciəni bu gün yazmaq da çətindir, bu yazıları sakit ürəklə oxumaq da. Bununla yanaşı, bu faciə məhz indi qələmə alınmalı idi. Tarix üçün, gələcək üçün.
30 ildir ki, davamlı olaraq xalqımızın tarixi faciəsi olan Qanlı 20 Yanvar hadisəsindən söhbət açır, şəhidlərimizin ruhunu şad etmək üçün bir dəqiqəlik sükutla yad edirik.
Və 30 ildir ki, sükut içərisində səbr edərək torpaqlarımızın düşmən tapdağı altından xilas olacağı, şəhidlərimizin qanınının yerdə qalmayacağı günü gözləyirik.
Həyatımızın nə ağrılı, acılı günləri varmış, İlahi? Xalqımızı gözüyaşlı qoyan, lakin başını dik tutmağa çalışan şəhidlərimizin qəbrləri nurla dolsun, ruhları şad olsun. İllər ötəcək, qərinələr bir-birini əvəz edəcək, əsrlər dolanacaq, lakin Azərbaycan xalqı sizi heç vaxt unutmayacaq.
1990-cı ilin qanlı yanvar hadisəsi hər bir Azərbaycan vətəndaşının yaddaşında unudulmaz izlərlə həkk olunub. Paytaxt Bakı həmin gün dəhşətli bir faciə ilə üzləşdi. Gözlənilməz, qəfil bir faciə ilə! Süd qoxulu körpələrin, su sonası qızların, müqəddəs anaların, möhtərəm ataların ömrünə qənim kəsilmiş bir faciə ilə! Elə faciə ki, hər yerdə __bütün Azərbaycanda qara bayraq asdı. Azərbaycan torpağının suverenliyi naminə gənclərimiz gülləbaran edildilər. Ana və bacılarımız vəhşicəsinə öldürüldülər, ata və qardaşlarımız tankların altında tanınmaz vəziyyətə salınaraq qətlə yetirildilər. Bu nə nağıl, nə rəvayət, nə də əfsanədir. Bu həqiqətdir, acı və unudulmayacaq bir həqiqət!
1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı, azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
Hər il yanvar ayının 20-də vətənpərvər, qeyrətli oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı qərənfil yağışına qərq olur. Göz yaşına bələnmiş al qırmızı qərənfillər xalqımızın qəzəbi kimi rəmziləşmiş, öz doğmalarını, əzizlərini, soydaşını itirən və qəlbi göynəyən xalqımızın əlində intiqam bayrağına, qisas silahına çevrilmişdir. Burada yanan əbədi məşəl nakam şəhidlərimizin narahat ruhlarının təcəssümüdür. Şəhidlər Xiyabanı bizim and yerimiz, səcdəgahımızdır.
Biz Azərbaycan xalqı, qələbəyə inamımızı itirməməli,qəddimizi, qamətimizi şux tutmalıyıq. Bu zaman həlak olanların da ruhu şad olar. Qoy qəm, qüssə, kədər qəlbimizin dərinliklərində qalsın, arzumuz, amalımız isə gündən - günə şölələnsin, əlimiz bir an da olsun işdən soyumasın.
Xalqımızın maariflənməsi yolunda fəaliyyət göstərən siz yazarlar isə şəhidlərin keçdikləri həyat yolunu gələcəyimiz olan övladlarımıza, gənc nəslə aşılamaqdan, təbliğ etməkdən yorulmamalısınız.
Çünki Azərbaycanın müstəqilliyi uğrunda əbədiyyətə qovuşan şəhidlərin əzəmətli səsi bu gün də eşidilir.
Xalqımız heç vaxt vətən naminə canını qurban vermiş şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaqdır.

Aygün Eminova,
4 saylı "ASAN xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbıəsinin rəisi
Mədəniyyət