Səhər yeməyində necə qidalanmalı?

  • 24.04.2019, 09:00,
  • İdman
  • Baxılıb: 339
Səhər yeməyində necə qidalanmalı?




Günün ən vacib yeməyinin səhər yeməyi olduğunu yəqin ki, bilməyən yoxdur. Səhərlər işə və ya dərsə gedərkən yolda özünüzü halsız və yorğun hiss edirsinizsə, bunun həlli olduqca sadə ola bilər. Əgər sizin də bir çox insan kimi səhər yemək yemək vərdişiniz yoxdursa və ya bir fincan kofe və meyvə ilə səhəri keçirirsinizsə, səhviniz elə buradadır. Bu şəkildə arıqlayacağınızı düşünmək böyük səhvdir.

Səhər yeməyi yemək bədənin yuxudan çıxması və funksiyalarını gün ərzində sağlam şəkildə yerinə yetirə bilməsi baxımından gərəklidir. Səhərlər yemək yeməyib, günortalar çox yemək yuxunuzun gəlməsinə və iş veriminizin düşməsinə səbəb olur.

Sağlam bir səhər yeməyi lazımi qədər karbohidrat, protein, lif və gərəkli vitaminləri özündə birləşdirir. Səhərlər gün ərzində enerji verən karbohidrat ehtiyacını qarşılamaq üçün qoz, badam, yulaf kimi şeylər yeyə bilərsiniz. Belə çərəzlər həm də Omega-3 mənbəyidir. Ağ çörək isə keyfiyyətli karbohidrat mənbəyi deyil və mümkün qədər az qəbul edilməlidir.

Xüsusilə idmanla məşğul olursunuzsa, səhər yeməyi gündəlik protein ehtiyacınızın bir hissəsini qarşılamaq üçün idealdır. Həmçinin proteinlə zəngin qidalanmaq uzun müddət insanı tox tutur. Yumurta əvəzolunmaz protein mənbəyidir. Yumurta yeyərkən sarısını ağından ayıraraq ağını yemək proteinlə daha zəngin və faydalı olacaqdır. Sosiska və kolbasa isə yaxşı protein mənbəyi deyil.

Səhər yeməyində mütləq meyvə və tərəvəzə də yer verməlisiniz. Əgər menyunuz onsuz da zəngindirsə və ya səhər yeməyində meyvə-tərəvəz yemək istəmirsinizsə, meyvə və tərəvəzləri daha sonra yeyə bilərsiniz.

Səhər yeməyində nə içməliyəm?

Yeni sıxılmış meyvə suları yaxşı seçimdir. Kofe də eyni şəkildə səhərlərin əvəzolunmaz içkisidir və tərkibindəki kofein sayəsində günə daha enerjili başlamağınıza kömək edəcək. Ancaq səhər yeməyi zamanı çox kofe içilməsi daha tez acmağınıza və mədədə yanğı hissinə səbəb ola bilər. Həmçinin arıqlamağa çalışırsınızsa, kofe ilə gələ biləcək gizli kalorilərə də diqqət etməkdə fayda var. Buna görə kofenizi süd və şəkərlə içməməyə çalışın. Kofenin yerinə çay da içə bilərsiniz. Səhər yeməyindən əvvəl 1-2 stəkan su da içə bilərsiniz. Çünki kofe və çay dehidrasiyaya səbəb olur, yəni su itkisi yaradır. Bir çox insan səhər yeməyi yeməkdə çətinlik çəkir. Xüsusilə protein baxımından zəngin qidalar bəzilərinə ağır gəlir və bu cür qidalar qəbul etmək istəmirlər. Halbuki, səhər qəbul edilən proteinin miqdarını artırmaq günlük protein ehtiyacının tam qarşılanması üçün son dərəcə vacibdir.
Mədəniyyət