Главная > Gündəm / Cəmiyyət > Qarabağ qazisinə Qazax rayon icra hakimiyyətinin laqeyidsizliyi – VİDEO+FOTO

Qarabağ qazisinə Qazax rayon icra hakimiyyətinin laqeyidsizliyi – VİDEO+FOTO


1-12-2020, 21:54. Разместил: pressdent
Qarabağ qazisinə Qazax rayon icra hakimiyyətinin laqeyidsizliyi – VİDEO+FOTO

Qazax rayonu Şıxlınski küçəsində yerləşən yataqxanada ailəsi ilə birlikdə yaşayan vətən savaşının iştirakçısı, qazi Kənan Musayev yataqxanada olan istilik probleminin aradan qaldırılması üçün video müraciət ünvanlamışdı. Adıçəkilən video müraciətə baxan hər kəsin birmənalı olaraq ürəyi dağlandı.

Yüksək əxlaq və tərbiyəyə sahibi olan qazimiz çox təvazökarcasına müraciətində deyir ki,
mən vətənə olan borcumu yerinə yetirmişəm, kömək eləsəniz də sağ olun, eləməsəniz də.

Qazi Kənan Musayevin müraciətinin ardından onun valideyini, köməksiz, çarəsiz qalan ananın qandonduran müraciəti də “sarı sim” lərimizə toxundu.

Rayon icra hakimiyyətinin və aidiyyatı orqanların bir dəfə də olsun qazi ilə maraqlanmadığını qeyd edən ana oğlunun müalicəsi üçün yalnız qonşuların dəstəyi olduğunu bildirib.

Bizlər üçün səngərdə dayanan, yuxusu ərşə çəkilən, yorğanı qar, yastığı daş olan Kənanın sol ayağını itirməsinin bir ana üçün nə qədər faciə olduğunu rayon rəhbərliyi və aidiyyatı qurumlar bilsəydi, bəlkə də maddi imkanı olmayan qazimizin anasının harayına səs verərdi.

Qazax rayon İcra Hakimiyyətinin başçısı hörmətli Rəcəb Babaşovun nəzərinə yetirməyi özümüzə borc bilirik ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva döyüşdə yaralanan qazilərimizlə görüşdü, onların problemi ilə maraqlandı. Çox səmimi şəkildə hər birini dinlədi.

Qazax rayonundan döyüşə yollananların, yaralanıb sağlamlıqlarını itirənlərin, şəhid olub ali məqama yüksələnlərin ailələrinə baş çəkmək, problemlərini dinləyib, imkan daxilində kömək etmək o qədər də baha başa gəlmir axı…

Bir ana üçün qonşuların köməyi ilə oğluna kastel alması bilirsinizmi nə qədər kədərlidir?

Hörmətli Rəcəb müəllim, çarəsiz ana heç zaman oğlunu iki ayaq üstə duran görməyəcək. Qazimiz Kənan öz toyunda rəqs edə bilməyəcək. Kənana yardım etməyi düşünsəniz, dediklərimizi nəzəratda saxlayın.

Onu da qeyd edək ki, qazinin bu ağır pandemiya günlərində yardıma ehtiyacı daha çoxdur…

Bu gün ayaq üstə durmağımıza, rahat şəkildə gəzməyimizə, deyib-gülməyizə görə məhz Kənana və onun cəbhə yoldaşlarına borcluyuq.

Kənanın problemi ilə bağlı jurnalist həmkarım Mediapress.az saytının baş redaktoru Könül Aypara Qazax rayon icra başçısının birinci müavini Məmməd Alıyevlə əlaqə saxlayıb problemin həllinə çalışsa da, Məmməd müəllim heç dəyərli “vaxt”ından bir neçə saniyə ayırıb jurnlaisti dinləməyib,dəstəyi asıb.

Hörmətli Məmməd müəllim, qazinin bir problemini həll etməyə səbr və vaxtınız yoxdursa, əcaba sizin nəyə vaxtınız var?

Aldığımız məlumata görə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib ki, ailənin maddi problemləri nazirlik tərəfindən həll olunub.

Qazimizə əlil arabası veriləcək. Müharibə ilə əlaqədar əlillik dərəcəsi təyin edildikdən sonra Kənana əlilliyə görə müavinət və təqaüd də təyin ediləcək. Qazimizin anası Məmmədova Məhəbbət Seyfəddin qızının işsiz olduğu nəzərə alınaraq, o artıq Nazirlik tərəfindən işlə təmin edilib.

Hörmətli Qazax rayon icra başçısı Rəcəb Babaşov və rayon icra hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, hörmətli cənab nazir Sahil Babayev sizlərdən fərqli olaraq vaxt tapıb problemi həll etdi .

Hətta dinimizin hədislərinin birində yazılır ki, qiyamət günü Allah insana xitab edəcəkdir: “Xəstələnmişdim, niyə Məni ziyarətə gəlmədin?”
Deyər: “Allahım! Sən aləmlərin Pərvərdigarısan! Necə Səni ziyarətə gəlim ki?” Cavab gələr: “Filan bəndəm xəstələnmişdi. Onu ziyarətə getmədin. Məgər bilmirsən ki, əgər ziyarətinə getsəydin, Məni onun yanında tapardın”.

Analoq.az qazi Kənan Musayevin anasının redaksiyamıza ünvanladığı müraciətini olduğu kimi təqdim edir:

“Mən, Məmmədova Məhəbbət Seyfəddin qızı. Oğlum, 15.11.2001-ci ildə Qazax rayonunda anadan olan Musayev Kənan Nadir oğlu ilə birgə Əli Şıxlinski küçəsində yerləşən KTT yataqxanasında yaşayırıq. Mən işsiz qadınam, gəlir yerim yoxdur. Maddi cəhətdən çətinliyim var. Oğlum 08.01.2020-ci ildə hərbi xidmətə yollanmışdı. 03.10.2020-ci ildə Qarabağ döyüşlərində sol ayağını itirib. Buna baxmayaraq, heç kəs maraqlanmır. Nə Qazax rayonu icra başçısı, nə şəhər nümayəndəliyi, nə hərbi komissarlıq, nə də səhiyyə idarəsi maraqlanır. Oğlumun sarğı ləvazimatlarını, dərmanlarını və kastelini qonşularımın köməyi ilə özüm almışam. Hətta sarğını belə mən baxa bilmədiyim üçün qonşular dəyişir. İcra nümayəndəliyindən bir dəfə gəlib hər şeyi yoluna qoyacaqlarını deyib gediblər. Hələ bir xəbər yoxdur. Oğlumla komissarlığın rəisi ilə görüşüb, hərbi bileti haqqında məlumat verdik. Düzələcək deyib, bizi yola saldılar. Amma hələ də bir xəbər yoxdur. Sizdən xahişim, bunu işıqlandırın. Səsimə səs verin”.

Maraqlananlar üçün ailənin əlaqə nömrəsi:

+994 55 520 97 59

Analoq.az
Вернуться назад