Главная > Gündəm > Bu gün ilaxır çərşənbədir

Bu gün ilaxır çərşənbədir


17-03-2020, 11:28. Разместил: pressdent
Bu gün ilaxır çərşənbədir


Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni Torpaq Çərşənbəsi qeyd olunur.
Pressdent.az: Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Əpoş Vəliyev bildirib ki, sonuncu çərşənbəyə həm də Yer çərşənbəsi deyilir.
O, eyni zamanda xatırladıb ki, bölgələrdə bu, sonuncu çərşənbə olduğu üçün İlaxır Çərşənbə adı ilə də tanınır: "Torpaq Çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanıb təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir və yenilənir. Beləliklə, su, od və yel birlikdə ümumilikdə torpağın oyanmasına gətirib çıxarır. Torpaq da oyanandan sonra təbiət oyanmağa başlayır - ağaclar çiçək açır, yaşıllıqlarlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır olur".
Ə.Vəliyevin sözlərinə görə, Torpaq Çərşənbəsinin ayinlərinin, ritual və adət-ənənələrinin daha çox olması, eyni zamanda digər çərşənbələrdən xüsusi qeyd olunması insanların torpağa bağlı olmasından irəli gəlir:
"Torpaqdan yaranmışıq, torpağa da qayıdacağıq" ifadəsi də buradan qaynaqlanıb. Bununla yanaşı insanlar torpaqdan qidalandıqlarının - yəni azuqələrini əkinçilikdən götürdüklərinin, torpağın üzərində məskən salıb yaşadıqlarının fərqinə varırlar. Bütün bunlara görə Torpaq Çərşənbəsi daha geniş qeyd olunur. Azərbaycanın bəzi bölgələrində sonuncu çərşənbə Novruz bayramından daha geniş qeyd olunur. Qızlar qapıpusmaya, qulaq fallarına çıxırlar. Uşaqlar qapı-qapı düşüb "şal atma" mərasimini icra edirlər. Şal atılandan sonra gizlənirlər. Bunun da xüsusi bir mənası var. Bu, dünyadan köçən ev əhlinə verilən payın nişanəsi kimi başa düşülür. Bir məsələni də vurğulayım ki, çərşənbələrdə yumurtaların rəngbərəng boyanması fəsillərə işarədir. Ağ rəng qışın, sarı rəng payızın, qırmızı rəng yayın, yaşıl rəng isə yazın rəmzidir".
Folklorşünas bildirib ki, Azərbaycanın bəzi bölgələrində İlaxır çərşənbənin səhəri günü, sübh tezdən "sulaşma" mərasimi icra olunur:
"İnsanlar dan yeri sökülməmiş yuxudan oyanıb çayın kənarına gedir və od qalayaraq üzərindən atdanırlar. Bu zaman suya yaxınlaşanların üstünə su atılır. Su atan şəxs bu ayini icra edərkən "Bayramınız mübarək" deyir, qarşı tərəf isə "Aydınlığa çıxasınız" ifadəsi ilə cavab verir. Sonra həmin su xəstələrə, uşaqlara içirdilir və evlərin həyətinə səpilir ki, ruzi-bərəkət gəlsin".
Qeyd edək ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Eyni zamanda iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib. Beləliklə, bu il 20-28 mart tarixlərində (9 gün) iş olmayacaq.
Вернуться назад