Bakı şəhəri Təhsil İdarəsində NƏLƏR BAŞ VERİR? - İTTİHAM

Bakı şəhəri Təhsil İdarəsində NƏLƏR BAŞ VERİR? - İTTİHAM

Paytaxtın təhsil müəssisələrinin fəaliyyəti Bakı şəhəri Təhsil İdarəsi tərəfindən tənzimlənir. Doğrudur zaman-zaman bu tənzimləmənin qaranlıq məqamları barəsində medya köşələrində türlü-türlü məlumatlar dolaşıb. Həmin məlumatları saf-çürük edəndə bilmirsən ağlayasan, yoxsa güləsən. İnsanın ağlamağı gəlir ki, millətin gələcəyi hesab olunan təhsil sistemində baş verənlər bizə heç də uğurlu gələcək vəd etmir. Gülməyi gəlir ki…

Həə, redaksiyamıza daxil olan məlumatları diqqətinizə çatdıraq ki, siz də “ağlar-güləyən” kimi haldan hala düşəsiniz. Bakı şəhəri Təhsil İdarəsində xeyli şöbələr fəaliyyət göstərir. Amma deyilənə görə Ümumi təhsil sektoru adlanan şöbə ümumiyyətlə bunların ən məhşurudur. Bu məhşurluqda sektor müdiri Fuad Babayevin az əməyi yoxdur. F.Babayev tutduğu vəzifəyə məktəb direktorluğundan gəldiyi üçün bu sistemin cikini də bilir, bikini də.

BŞTİ-də «İCRAÇI FUAD BABAYEV QANUNLARI»

Biz də qulaq günahkarıyıq, deyirlər Fuad müəllim hələ 95 saylı məktəbin direktoru olduğu zamanlar rəhbərlik etdiyi təhsil ocağında baş verənlər ölkə mediasının gündəmindən düşməyib. İnsafsızlar nələr yazmayıblar-məktəbdə “şirinlik sistemi”nin tətbiqindən tutmuş, şagirdlərin bayramları “xüsusi” qeyd etməsinə, dərs saatlarının satılmasından, “ölü ştatlar”ın saxlanılmasına, müəllimlərin maaş alandan sonra direktorun kabinetinin qarşısında növbəyə düzülməsinə qədər...Verilən bu xəbərlər F.Babayevin direktorluq dönəminin “şanlı səhifələridir.” Hətta rəhbərlik etdiyi məktəbdə şagirdin müəllimi döyməsi kimi bir ilkə də imza atan yoldaş Babayevin məktəbdən necə, hansı “statya” ilə uzaqlaşdırılması barədə də müxtəlif söz-söhbətlər dolaşır.

Direktorlar artıq belə işləməyin mümkünsüzlüyünü bildirirlər

Biz də sizin kimi yuxarıda deyilənləri eşidəndə fikirləşdik ki, bir daha heç vaxt F.Babayevi təhsil sisteminə yaxın buraxmazlar. Amma onun “fəaliyyətinin” bir məktəbə sığmadığını düşünən təhsil başbilənləri F.Babayevi Ümumi təhsil sektoruna müdir gətiriblər. Düşünmək olardı ki, direktorluq dönəmində “üz ağartmayan” F.Babayev sektor müdiri olduqdan sonra təhsilin inkişafında müsbət mənada xidmət göstərər. Amma, nəinki bu hal baş verməyib, hətta keçmiş direktor indiki direktorların qorxulu kabusuna çevrilib. Paytaxtın təhsil ocaqlarına rəhbərlik edənlər F.Babayevin kölgəsini görəndə belə qorxuya düşürlər. Çünki, verilən məlumatlara görə müəllimləri kabinetinin qarşısında növbəyə düzən eks-direktor indi də paytaxt məktəblərinin direktorlarını hər ay sıra təliminə toplayır . Bütün bunlar isə paytaxtın təhsil sistemində dəhşətli xaos yaradıb. Narazılıqlar genişlənir, direktorlar artıq belə işləməyin mümkünsüzlüyünü bildirirlər. Eyni zamanda məktəblərdə şagird yerdəyişmələri də F.Babayevin monopoliyasındadır. Məlumatlı mənbənin bildirdiyinə görə, bu yerdəyişmələrdə valideyinlər sektor müdirini yerdən-göyə qədər razı salmasalar proses baş tutmur.

Maraqlıdır ki, Dövlət başçısının, Mehriban xanımın xüsusi diqqət yetirdiyi təhsil sistemində baş verən bu özbaşnalıqlara niyə son qoyulmur? F.Babayevi qoruyan “gizli qüvvələr” nə qədər qanunlara meydan oxuyacaq? Zəngin ənənələri olan Bakının təhsil sistemi bir qrupun maraqları naminə göz görəsi məhv olunur. Şagirdlərin belə bildiyi həqiqətləri Təhsil nazirliyinin bilməməsi inandırıcı deyil. Onda belə çıxır ki, F.Babayev xüsusi maraqlar naminə qorunur və məhz bu səbəbdən də arxayınçılıqla öz bildiklərini edir.

Məlumatlarda Azərbaycan təhsil sistemində ciddi rəqabət aparan bir neçə böyük qruplaşmanın olduğu bildirilir. Daha geniş nüfuz dairəsi uğrunda mübarizə aparan bu qruplaşmaların fəaliyyəti paytaxtın təhsil mühitini iflic vəziyyətinə salıb. F.Babayevin əsas fiqurantlarından olduğu qruplaşma (bu qrup haqqında geniş bilgilərə malik olsaq da hələ ki, geniş məlumat vermirik. İnanırıq ki, aidiyyatı qrumlar araşdırma aparsalar bu qruplaşmanın izlərinin haralara qədər getdiyini üzə çıxarda bilərlər) bir çox hallarda məqsədli şəkildə sabotajla məşğul olur, hətta təxribata belə əl atırlar. Bu qruplaşmada “bank və katalizator” rolunu rolunu oynayan F.Babayevin fəaliyyəti isə artıq bütün əndazələri aşıb. Paytaxt məktəblərində ciddi narazılıq hökm sürür. Direktorlar belə işləməyin mümkünsüzlüyü barədə dəfələrlə şikayət etsələr də hələ ki, heç bir nəticəsi yoxdur. Nəzərə alsaq ki, işlədiyi müddətdə adını «icraçı» qoyub ümumtəhsil məktəblərində süni «maraqlar» məqsədilə yoxlamalar təşkil edən və eyni zamanda vasitəçi rolunu oynayaraq paytaxt məktəblərinin bəzilərinə özünə yaxın adamaları direktor təyin etdirmişdir (bu barədə hal-hazırda jurnalist araşdırması aparırıq). Yaxın vaxtlarda daha yüksək instansiyalara müraciət ediləcəyi gözlənilir. Hesab edirik ki, qaldırdığımız mövzu BŞTİ-nin yeni müdiri M.Vəliyevanın (oxucularımızın diqqətinə çatdırırıq ki, Bu M.Vəliyeva o M.Vəliyeva deyil. Bu BŞTİ-yə müdir vəzifəsinə yeni təyinat alan Mehriban Vəliyevadır) və müavin vəzifəsinə yeni təyinat alan T.Əhmədovun da diqqətlərindən yayınmayacaq.
Rubrika.Az
Mədəniyyət