Müstəqillik tariximizin yüz iki illiyi

  • 13.06.2020, 12:26,
  • ---
  • Baxılıb: 545
Müstəqillik tariximizin yüz iki illiyi


Azərbaycan Demokratik Respublikasının ömrü az oldu. İyirmi üç aydan sonra o, süqut etdi. Ancaq demokratik respublikanın yaranması, mürəkkəb tarixi proseslər içərisində görülən işlər xalqımızın gələcək həyatında, tarixində böyük iz buraxdı. Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi. Ümummilli lider Heydər Əliyev
Müstəqil dövlət olmaq, azad və müstəqil yaşamaq hər bir xalqın arzusudur. Lakin hamı bu istəyini gerçəkləşdirə bilmir. Çünki müstəqil dövlət qurmağın da, onu yaşatmağın da şərtləri çətindir, hər kəs üçün əlçatan deyil!
Ən əvvəl, vətən saydığın ərazin, torpağın olmalıdır. Sonra yeraltı, yerüstü sərvətin, torpaq-iqlim şəraitin xalqını rahat yedirib saxlamağa kifayət etməlidir. Ən nəhayət, qurduğun dövləti idarə və müdafiə etməyi, dünya birliyinə daxil olmağı, dövlətlərlə siyasi, iqtisadi və diplomatik münasibətlər yaradaraq özünü təsdiq etməyi, tanıtmağı və əməkdaşlığı da bacarmalısan.
XX əsrin əvvəllərində dünya çalxalanmağa, bulanmağa, müharibələr alovunda yanmağa başladı. Bu təlatümlər bəzi imperiyaların dağılmasına da səbəb oldu. Odur ki, həmin imperiyaların tərkibində yaşayan xalqlara müstəqilliyə qovuşmaq, öz dövlətini yaratmaq şansı yarandı. İstəyi, münasib şəraiti və tələb olunan şərtlərə cavab vermək imkanı olan xalqlar ələ düşən fürsətdən bəhrələnməyə cəhd etdilər.
Onlardan biri də çar Rusiyasının tərkibində olan Azərbaycan idi!
Avropada və Rusiyada inqilabi ideyaların, demokratik fikirlərin genişləndiyi bir vaxtda Azərbaycanda da yeni ziyalılar nəsli yetişirdi. Müxtəlif ölkələrdə ayrı-ayrı ixtisaslar üzrə təhsil alaraq vətənə qayıdan həmin gənclər həm də özləri ilə təzə ab-hava gətirirdilər. Əvvəlcə mədəni muxtariyyət, sonra müstəqil dövlət qurmaq uğrunda mübarizəyə başlayan bu insanlar çox çətinlikdən sonra maneələrə üstün gəlməyə, məqsədlərinə çatmağa nail oldular.
Beləliklə, 28 may 1918-ci ildə "İstiqlal Bəyannaməsi” qəbul edilərək Azərbaycanın dövlət müstəqilliyi elan edildi və bu müsəlman şərqində ilk parlamentli respublika kimi tarixə düşdü. Xalqın ürəyində bəslədiyi ən müqəddəs arzu həyata keçdi. Bununla bağlı "İstiqlal Bəyannaməsi”nin 1-ci bəndində deyilir: "Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Qafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir”.
Bu gün yaranmasından 102 il keçmiş Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifələrindən olmuş, xalqımızın azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan, müasir dövlətçilik tariximizdə önəmli yerə malik olmuşdur. Cəmi
23 ay ömür sürməsinə baxmayaraq, böyük bir coğrafiyanın siyasi həyatında mühüm dəyişikliklərə təkan vermişdir.
Azərbaycan Xalq Cümhuriyyəti olduqca gərgin tarixi-ictimai-siyasi bir şəraitdə yaranmışdır. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi yeni bir müstəqil, azad dövlətin mövcudluğunu beynəlxalq aləmə bəyan etdi. Xalqımızın işıqlı simaları, nəhayət, illərlə uğrunda mübarizə apardıqları məqsədə çatdılar. Bir əsrdən artıq dövrdə torpaqları parçalanaraq işğal olunmuş, müstəmləkə şəraitində yaşamağa məhkum edilmiş, mənəvi-dini ideologiyası, dili sıxışdırılan xalqımız artıq müqəddəs müstəqillik arzusuna qovuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və yaradıcılıq bacarığının göstəricisi idi. O, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilsə də, xalqımızın tarixinə böyük və əlamətdar hadisə kimi daxil oldu. Dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə atılan olduqca əhəmiyyətli addımlar tariximizdə silinməz izlər buraxdı. Milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadı.
Həyata keçirilən tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdi. Lakin 1920-ci il aprel ayının 28-də Cümhuriyyətin varlığına son qoyulsa da müsəlman şərqində ilk demokratik respublika olaraq bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi və onu gələcəyə miras qoydu. 1991-ci ildə xalqımız özünün dövlət müstəqilliyini bərpa etdi, Cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövlətini yaratdı.
Lakin ilk vaxtlar hakimiyyətdə olan siyasi qüvvələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. Baş alıb gedən siyasi və iqtisadi böhran, hərc-mərclik ölkəni uçuruma sürükləyirdi. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görə bilmədilər, əksinə, ölkəni dünyada gedən bütün proseslərdən təcrid etdilər. Problemlər baş alıb gedirdi, həmin problemləri aradan qaldıra biləcək yeganə qüvvə isə yalnız Heydər Əliyev şəxsiyyəti ola bilərdi. Ölkəni görünməmiş bəlalardan xilas etmək üçün lazım olan enerji, müdriklik və uzaqgörənlik yalnız bu nadir insanda var idi, ümidlər yalnız ona idi.
1993-cü ilin iyun ayında xalqın istəyi ilə Naxçıvandan Bakıya gələn görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirdi, Azərbaycanın başının üstünü almış bütün təhlükələri sovuşdurdu. Ulu öndərin adı isə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi tarixə həkk olundu.
1993-cü il iyunun 15-də yenidən hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev öz siyasi uzaqgörənliyi, güclü iradəsi və zəngin dövlətçilik təcrübəsinə arxalanaraq böhrandan çıxış yollarını müəyyənləşdirdi. Atdığı qətiyyətli addımlar nəticəsində ölkədə tüğyan edən özbaşınalıq aradan qaldırıldı, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Təcavüzkar düşmənlə atəşkəs sazişinin bağlanmasından sonrakı şərait dövlət quruculuğu işlərinə başlamaq üçün əlverişli imkan yaratdı...
"Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir". Xalqımızın dilində artıq zərb-məsələ çevrilmiş bu kəlam böyük həqiqətləri özündə əks etdirir. Bu gün Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi əldə etdiyi bütün uğurlar dövlət müstəqilliyinin bəhrəsidir. "... Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika onun varisidir, bütün xalq onun varisidir", - deyən Ümummilli Liderimiz Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolunu belə dəyərləndirmişdir. Həmin dövrdə əsası qoyulmuş ideyalar sonralar bərpa olunmuş müstəqillik dövründə Heydər Əliyevin müdrik siyasəti və gərgin əməyi nəticəsində reallığa çevrilməyə başlamışdır.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil vətənimiz sürətlə inkişaf edir. Regional əməkdaşlıq sahəsində ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr uğurla icra olunur. Energetika, nəqliyyat, həmçinin humanitar sahələrdə bütün təşəbbüslər regional əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Bütün ölkələrlə qarşılıqlı faydalı münasibətlərin dərinləşməsinə xidmət edən xarici siyasət kursu müsbət nəticələrini verməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını dünya miqyasl tarixi hadisə adlandırıb: "Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır".
Bu gün Azərbaycan xalqı öz azadlıq ideallarının davamlılığına tam əmindir. Çünki Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti etibarlı əllərdədir. Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimizin sükanı arxasında inamla, qətiyyətli dayanıb!

Könül Oruc qızı Nurullayeva
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Mədəniyyət