Azərbaycan Xalq Cümhuriyyəti-100

  • 11-06-2018, 12:20
  • gundem
  • 406
Azərbaycan Xalq Cümhuriyyəti-100

Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoymuşdur

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Xalq Cümhuriyyətinin ömrü 23 ay olsa da o, Azərbaycan tarixinin ən şərəfli mərhələlərindən birini təşkil edir.

Ulu öndər Heydər Əliyev xalqımızın çoxəsrlik dövlətçilik tarixində özünəməxsus yeri olan Azərbaycan Xalq Cümhuriyyətinə hər zaman böyük dəyər verərək deyirdi: "Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır".

Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamına əsasən xalqımızın şərəf salnaməsində layiqli yer tutan bu tarixi hadisə-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda geniş şəkildə qeyd edilir. Eyni zamanda dövlətimizin başçısının 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi dövlətçilik tariximizə verilən ən böyük qiymətdir.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirmişdir. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunmuş, Azərbaycan parlamenti bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olmuşdur.

1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. Cümhuriyyətin qurucuları Azərbaycanın müstəqilliyini elan etməklə təkcə xalqımız üçün deyil, bütün İslam dünyası üçün böyük addım atmışlar. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırmışdır. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan vermişdir. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərmiş, insan hüquq və azadlıqlarının bərqərar olması, bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, dövlətin vacib strukturlarının qurulması - bütün bunlar Cümhuriyyətin yürütdüyü siyasətin bariz ifadəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamında qeyd edilmişdir ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi: "Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü".

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin böyük xidmətləri olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Xalq Cümhuriyyətinin yaranması yalnız Azərbaycana yox, bütün Şərqə böyük təsir göstərmiş, qısa dövr yaşasa da xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirmişdir. 1920 - ci ilin aprelində süqut etsə də, müstəqillik hissləri xalqımızı heç zaman tərk etməmiş, bu dövlət tərəfindən əsası qoyulmuş ideyalar ötən əsrin 90 - cı illərində bərpa olunmuş müstəqillik dövründə ümummilli lider Heydər Əliyeviin gərgin zəhmətləri nəticəsində reallığa çevrilmişdir.

Yeri gəlmişkən qeyd edək ki, ümummilli lider Heydər Əliyev hələ sovetlər dönəmində yaşadığımız dövrdə - Azərbaycana rəhbərlik etdiyi illərdə dövlət müstəqilliyinə zəmin yaradan mühüm addımlar atmış, həyata keçirdiyi bütün əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti olmuşdur. Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, o illərdə xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli-azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. Digər tərəfdən, o illərdə Azərbaycanın əldə etdiyi ən muhum tarixi nailiyyətlərindən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Ümummilli lider o illəri xatırlayarkən deyirdi: "Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır".

1991 - ci ildə xalqımız öz müstəqilliyini bərpa etsə də baş verən proseslər, ölkədəki anarxiya, hakimiyyət boşluğu, özbaşınalıq, vətəndaş müharibəsi təhlükəsi, cəbhədə ağır məğlubiyyətlər, bütün bunlar müstəqilliyin itirilmə təhlükəsini sürətləndirirdı. 1920 - ci ildə yaşanan acı tarixin 1990 - cı illərin əvvəllərində təkrarlanacağı qaçılmaz idi. Həmin illəri xarakterizə edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, ilk respublikanın ömrü uzun olmadı və iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri olmuşdur. Bu hadisə bir də onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asan məsələdir. Əfsuslar olsun ki, bu acı tarix XX əsrdə ikinci dəfə 1990-cı illərin əvvəllərində təkrarlana bilərdi. O vaxt da Azərbaycan öz dövlət müstəqilliyini bərpa etmişdi və iki ildən sonra ölkədə gedən xoşagəlməz proseslər nəticəsində müstəqillik faktik olaraq əldən gedirdi və Azərbaycan xalqı yenə də böyük fəlakətlə üzləşə bilərdi.

Ancaq ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışından sonra vəziyyət sabitliyə doğru inkişaf etməyə başlamışdır. Azərbaycan xalqı 1993-cü ildə, demək olar ki, ən ağır, ən çətin vəziyyətdən məhz Ulu Öndərin rəhbərliyi altında şərəflə çıxa bilmişdir. 1993-cü ildən başlayaraq, ardıcıl siyasət nəticəsində bütün xoşagəlməz hallara son qoyuldu, böhrana son qoyuldu və Azərbaycan inkişaf dövrünü yaşamağa başladı. 1993-2003-cü illər Azərbaycan tarixində inkişaf illəri kimi yadda qalır. Bu illər ərzində, demək olar ki, əsas çətinliklər arxada qaldı. Ölkəmiz beynəlxalq aləmə sürətlə inteqrasiya etməyə başladı. Ən cəsarətli və qətiyyətli iqtisadi islahatlar həyata keçirilməyə başlandı. Heydər Əliyevin neft strategiyası başlandı və bu salonda 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı ki, o, bu gün də Azərbaycanın uğurlu və müstəqil həyatını böyük dərəcədə təmin edir.

Ulu öndər müstəqilliyin və suverenliyin göz bəbəyi kimi qorunmasını öz siyasətinin ana xətti olduğunu bəyan edərək onu praktik fəaliyyətində reallaşdırmış, Azərbaycanın müstəqilliyinin qüdrətli təminatı missiyasını uğurla həyata keçirmişdir. Bir sözlə, özünün şah əsəri olan müstəqil Azərbaycanı qurub yaratmış, Azərbaycan dünyaya günəş kimi doğmuşdur.

Bu gün böyük qürurla deyirik ki, ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin siyasəti nəticəsində hazırda beynəlxalq arenada özünə layiqli yer tutan Azərbaycan həm Cümhuriyyət dəyərlərini yaşadır, həm də öz müstəqil siyasəti ilə fərqlənir. Müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq xalqımıza böyük uğurlar qazandırmışdır. Ölkəmiz regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü faktora çevrilmiş, bütün dünyada etibarlı ölkə kimi tanınmışdır. Müstəqil Azərbaycan heç kimdən asılı olmadan, heç kimdən kömək gözləmədən inkişaf edir və bütün sahələrdə öz qüdrətini artırır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Möhkəm və sarsılmaz təməllər üzərində inkişaf edən Azərbaycanın hər günü yüksəlişlə, tərəqqi ilə davam edir. Onun beynəlxalq əlaqələri, dövlətlərarası münasibətləri ötən hər gün daha da güclənir, ölkədə siyasi və iqtisadi islahatlar uğurlu nəticələr verir, iqtisadi inkişaf sürətinə görə dünyada lider mövqeyinə çıxan Azərbaycanda əhalinin güzəranı, yaşayış səviyyəsi yüksəlir, hər açılan sabah xalqımızın və dövlətimizin tarixi taleyində müsbət izlərini göstərir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin başlıca məqsədi, atdığı bütün addımlar müstəqil Azərbaycanın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlmişdir. Bütün bunlar onu göstərir ki, milli sərvətimiz olan müstəqilliyimiz daimidir, əbədidir!

Ceyhun Cəfərov,
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı.
Oxşar xəbərlər
Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir?
Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir?
"İşçilər öz pullarını almaq üçün dəfələrlə Kürdəmir icra hakimiyyətinə getsələr də icra başçısı Ceyhun Cəfərov onları qəbul Читать далее
Təxribat xarakterli çağırışlarla bağlı cinayət işi açıldı - Prokurorluqdan KİV və şəbəkə istifadəçilərinə xəbərdarlıq + DETALLAR
Təxribat xarakterli çağırışlarla bağlı cinayət işi açıldı - Prokurorluqdan KİV və şəbəkə istifadəçilərinə xəbərdarlıq + DETALLAR
2018-ci il iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Читать далее
"Mən nə qəzet oxuyuram, nə də sayt" - Qubanın icra başçısından ilginc açıqlama
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev"Quba Palace Hotel”də baş verən kanat qəzasına qəribə reaksiya verib. Читать далее
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət