Prezident İlham ƏLİYEV: Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir

  • 12.03.2020, 15:32,
  • Gündəm
  • Baxılıb: 250
Prezident İlham ƏLİYEV: Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir



Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı xarakter daşıyan əmək tutumlu iş yerlərinin açılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması nəticəsində sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısı ilbəil artırılıb, etibarlı sosial müdafiə sistemi formalaşdırılıb. Şübhəsiz ki, burada ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillər olaraq mühüm rol oynayıb.

Ümumiyyətlə, mütərəqqi sosial siyasət həyata keçirilən Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin getdikcə yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Əlbəttə, qarşıya qoyulan sosial vəzifələri reallaşdırmaq üçün, ilk növbədə, iqtisadiyyatı inkişaf etdirmək tələb olunur. Çünki iqtisadi uğurlara, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu sosial siyasət hazırda cəmiyyətin hər bir fərdini, eləcə də hər bir şəhid ailəsini əhatə edir. Bu gün aztəminatlı ailələrə, müharibə veteranlarına və əlillərinə mənzillərin və avtomobillərin verilməsi, əlillərin reabilitasiyası, ailə, qadın və uşaq problemlərinə yüksək diqqət, əhalinin məşğulluğunun təmin edilməsi, uğurlu gənclər siyasəti ümummilli liderin hakimiyyətə dönüşündən sonra dövlətin iqtisadi imkanlarına uyğun olaraq vüsət almağa başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşündə bu barədə ətraflı danışılıb. Dövlətimizin başçısı çıxışında torpaq, Vətən uğrunda həlak olan, şəhidlik zirvəsinə yüksələn şəhidlərimizə bir daha ehtiramını bildirib, eyni zamanda, 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın işğal edilməsini, bir milyondan çox soydaşımızın qaçqın, məcburi köçkün vəziyyətinə düşməsini xatırladıb: “Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, - mən bunu dəfələrlə demişəm, - əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi”.
Dövlətimizin başçısı çıxışında sözügedən dövrdə AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində xalqımızın böyük faciə ilə üz-üzə qaldığını, ağır sosial-iqtisadi şəraitlə üzləşdiyini bildirərək, diqqəti o zaman yaranan problemlərin aradan qaldırılması istiqamətində əldə edilən nəticələrə yönəldib. Ordu quruculuğuna çox böyük önəm verildiyini, Silahlı Qüvvələrimizin döyüş meydanlarında öz gücünü göstərdiyini, Aprel döyüşlərində şanlı tarixi qələbə qazanıldığını, bir neçə strateji mövqeyin işğalçılardan azad edildiyini və hazırda həmin yüksəkliklərdə Azərbaycan bayrağının dalğalandığını xatırladıb.
Prezident İlham Əliyev daha sonra Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində danışıqlar aparıldığını vurğulayıb: “Hesab edirəm ki, Azərbaycanın artan potensialı, hərbi-iqtisadi gücü, dünyadakı mövqeyi bu gün bizim xeyrimizə işləyir və danışıqlar prosesində ölkəmizin mövqeləri kifayət qədər güclüdür.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Diplomatik müstəvidə biz maksimum nəticəyə nail ola bilmişik. Bu gün bütün dünya bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bildirir. Çoxsaylı qətnamələr, qərarlar, ikitərəfli formatda imzalanmış müqavilələr, bəyannamələr ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları – BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. Yəni, biz bütün vasitələrdən istifadə edirik ki, məsələni həll edək, torpaqlarımızı işğalçılardan azad edək”.
Dövlətimizin başçısı çıxışında bu müharibədən əziyyət çəkən vətəndaşlara daim qayğı göstərildiyini, məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikildiyini, təkcə keçən il 5800 məcburi köçkün ailəsinə mənzillər, fərdi evlər verildiyini, prosesin cari il də davam etdiriləcəyini diqqətə çatdırıb.
Görüşdə bildirilib ki, şəhid ailələrinə xüsusi diqqət Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Cari il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulub.
Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara ayrılan Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra ­Prezident İlham Əliyevin imzaladığı ilk fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu sənəd onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət göstərən ən humanist addımlardan biri kimi qəbul edilir.
Dövlətimizin başçısı çıxışında bununla bağlı deyib: “Şəhid ailələrinə diqqət, eyni zamanda, keçən il özünü bir daha göstərdi. Keçən ilin aprel ayında Azərbaycan xalqı bir daha mənə etimad, inam göstərdi, məni prezident vəzifəsinə seçdi. Mənim birinci fərmanım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Yenə də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir”.
Xatırladaq ki, indiyədək 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib və bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam edir.
Dövlət başçısının 28 yanvar 2019-cu il tarixdə imzaladığı fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-dək şəhid olmuş daha 2725 şəhidin (o cümlədən, 11 min manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə əlilləri: I qrup əlillər üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alır.
Yeri gəlmişkən, xatırladaq ki, Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında 30 yanvar 2019-cu il tarixli fərman imzalayıb. Şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi daşıyan həmin sənədə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.
Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Ölkəmizdə icra olunan özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə ötən il 100-dək şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq aktivlərlə təmin olunub.
Yuxarıda qeyd edilənlər bir daha onu göstərir ki, son 15 ildə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Ölkəmiz hazırda regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli – işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib.
Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olan şəxslərin, bu döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının ailə üzvlərinin sosial müdafiəsi, o cümlədən onların mənzillə təminatı istiqamətində, yuxarıda qeyd edildiyi kimi, tədbirlər gücləndirilib.
Şübhəsiz ki, sadalanan bu uğurların əldə edilməsində ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillər olaraq mühüm rol oynayıb.

İmişli rayon təhsil şöbəsi Derektor
Quliyev Ələmdar Abbas oğlu
Mədəniyyət